AZ EN RU

Ali təhsil ocağında görüşlər keçirilib

    Naxçıvan Dövlət Universitetində birinci kurs magistrantlarla keçirilən görüşdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra universitetin tanıtım videosu nümayiş olunub.
    Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev qeyd edib ki, bu il magistraturaya 250 yerə qarşı 204 magistrant qəbul olub. Hazırda magistraturada 80 ixtisas üzrə kadr hazırlığı həyata keçirildiyini vurğulayan rektor Naxçıvan Dövlət Universitetinin ölkədə bu sahə üzrə birinci sırada olduğunu diqqətə çatdırıb.  İxtisaslı kadrların hazırlanmasında magistratura pilləsinin mühüm əhəmiyyətindən danışan rektor bu gün universitetin magistraturasını bitirən məzunların muxtar respublikanın təhsil sahəsinə mühüm töhfələr verdiyini vurğulayıb. 
    Magistratura mərkəzinin direktoru, professor Etibar Məmmədov qeyd edib ki, magistratura pilləsində təhsil alanlar artıq ümumi nəzəriyyə deyil, sırf ixtisasları üzrə təkmilləşir, onlar elmi məqalələr, magistr dissertasiyası yazaraq elmi fəaliyyətlərinin ilk mərhələsinə qədəm qoyurlar. 
    2022-ci ildə ümumi orta müvəffəqiyyət göstəricisi 97.28 bal olmaqla muxtar respublikada magistratura üzrə ən yüksək nəticəni toplayan Azərbaycan dili ixtisaslaşması üzrə I kurs magistrant Səkinə Məmmədzadə ali təhsil ocağında tələbələrə göstərilən qayğıya görə minnətdarlıq edib. 
    Sonda magistrantların sualları cavablandırılıb.

***

    Əcnəbi tələbələrlə keçirilən görüşdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra universitetin tanıtım videoçarxına baxış olub.

    Tədbiri giriş sözü ilə açan ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev qeyd edib ki, muxtar respublikada tolerant mühitin formalaşması, xarici vətəndaşlara xüsusi diqqətlə yanaşmanın nəticəsidir ki, əcnəbi tələbələrin sayı hər il artmaqdadır. Ali təhsil ocağının xarici tələbələrin sayına görə Azərbaycanda birinci sırada yer aldığını diqqətə çatdıran rektor bu il universitetdə təhsil alan əcnəbi tələbələrin sayının 2000 nəfərə çatdığını vurğulayıb. Diqqətə çatdırılıb ki, əcnəbi tələbələr nəinki universitetdə, hətta muxtar respublikada yüksək dövlət qayğısı ilə əhatə olunublar. Bildirilib ki, həmçinin xarici tələbələr universitetin ictimai-mədəni işlərində də fəallıq nümayiş etdirir, müxtəlif tədbirlərin, konsert pro­qramlarının hazırlanmasında yaxından iştirak edirlər.
    Sonra rektor tələbələrin suallarını cavablandırıb, onlara tövsiyələrini çatdırıb.
    Universitetin ümumi işlər üzrə prorektoru Xəyal Camalov tələbələri etik davranış qaydaları, kredit sistemi ilə tədrisin təşkili və əcnəbi tələbələrin miqrasiya və tibbi sığorta məsələləri  haqqında məlumatlandırıb. Bildirilib ki, bu gün muxtar respublikada tədrisin müasir standartlara uyğunlaşdırılması, maddi texniki bazanın möhkəmləndirilməsi və yenidən qurulması əcnəbi tələbələrin muxtar respublikaya olan marağını və burada təhsil almaq niyyətini daha da artırmaqdadır. Diqqətə çatdırılıb ki, bütün bunlar müxtəlif  hüquqların və vəzifələrin icrasını da özlüyündə gətirir. Vurğulanıb ki, muxtar respublikaya təhsil almaq üçün gələn tələbələr, həmçinin ölkədə müvəqqəti yaşamaq hüququna malik olurlar. Eyni zamanda Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu ödənilən zaman tələbələr üçün güzəştlər də tətbiq olunur.

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 26.09.2022 21:21