AZ EN RU

Ali təhsil müəssisəsinin tələbələrinə “Azərbaycan folkloru” mövzusunda mühazirə keçilib

Mayın 11-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılğı ilə Naxçıvan Dövlət Universitetinin tələbələrinə “Azərbaycan folkloru” mövzusunda  mühazirə keçilib və film nümayiş olunub.

Mühazirə zamanı Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin direktoru Səyyar Məmmədov Azərbaycan xalqının şifahi poetik yaradıcılığı kimi mənalandırdığımız folklorun tarixi, janrları, ortaq türk folkloruna aid olan dastanlar barədə ətraflı məlumat verib.

Azərbaycan folklorunun qorunması və təbliği işinin təşkilində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışan  Səyyar Məmmədov  vurğulayıb ki, Azərbaycan folklorşünaslığında keyfiyyətcə yeni mərhələ 1970-ci illərdən başlanır. Respublika rəhbərliyinə gəlişi ilə milli-mənəvi dəyərlərə arxa və dayaq olan Ulu Öndərimiz Heydər  Əliyev  möhkəm iradəsi, əzmi və təşəbbüskarlığı ilə milli mədəni irsin öyrənilməsinin optimal yollarını tapır, onun tədqiqi və təbliği işini ən yüksək səviyyədə təşkil etməyi bacarırdı.  Ümummilli Liderin folklorla bağlı dövlət fəaliyyətini əks etdirən nitqləri, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin beynəlxalq səviyyədə qeyd edilməsi dahi rəhbərin folklorumuzla bağlı fəaliyyətini əks etdirir.

Həmçinin  dərsdə Azərbaycan folklorunun yazıya alınması mərhələləri, şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması, nəşri və tədqiqi ilə məşğul olan folklorşünas alimlər barədə danışılıb. Bildirilib ki, görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərli folklorşünaslığımızın tarixinə təkcə toplayıcı kimi deyil, həm də Azərbaycan folklorşünaslığının yaradıcısı kimi daxil olub.

Mühazirə mövzu ilə bağlı müzakirələr və tələbələrin  suallarının  cavablandırılması ilə davam edib.

Sonda Mehriban Ələkbərzadənin “Aşıq sənəti” filmi nümayiş olunub.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.05.2023 15:40