AZ EN RU

“Ali təhsil müəssisəsinin institusional akkreditasiya üzrə qiymətləndirmə meyarları” mövzusunda təlim keçirilib

    Naxçıvan Dövlət Universitetinin və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə ali təhsil ocağında akkreditasiya qaydalarına dair təlim keçirilib.
    Üç gün davam edən təlimin ilk günündə universitetin rektoru, dosent Elbrus İsayev çıxış edərək Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Təlim və metodologiya şöbəsinin müdiri Simnar Mamedovu universitetdə görməkdən məmnunluğunu bildirərək təlimin işinə uğurlar arzulayıb. Rektor akkreditasiya prosesinin əhəmiyyətindən bəhs edib, bunun ali təhsil ocaqları üçün üstünlüklərini, təhsilin bütün pillələrində inkişafın əsas meyarlarından birinin akkreditasiya olduğunu qeyd edib. 
    Sonra təlimçi Simnar Mamedov təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında geniş məlumat verib. Üç gün davam edən təlimdə iştirakçılar universitetin fəaliyyət prosesinin qiymətləndirilməsi, təhsil səviyyəsini, təhsilverən və təhsilalanların fəaliyyətlərinin qiymətləndirilməsində dövlət təhsil standartları, keyfiyyətə dair terminlər, keyfiyyət təminatı, o cümlədən daxili və xarici keyfiyyət təminatının fərqi, qanunvericilikdə daxili keyfiyyət təminatı və digər məsələlər barədə ətraflı məlumatlandırılıb.
    Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb və universitetin müxtəlif istiqamətlərdə beynəlxalq akkreditasiyasına nail olunmasına dair müzakirələr aparılıb.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və

ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 14.09.2023 20:49