AZ EN RU

Ali təhsil müəssisəsi ilə qarşılıqlı əməkdaşlıq davam etdirilir

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində təşkil edilən tədbirlər davam etdirilir. Aprelin  22-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazir­liyində  Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq, Dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə təhsil alan tələbələrinin iştirakı ilə növbəti tədbir keçirilib. 
    Tədbiri giriş sözü ilə  ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov açaraq bildirib ki, müvafiq ixtisasların hamiliyə verilməsi hüquqşünaslıq, dövlət və bələdiyyə idarəetməsi  sahəsində ixtisaslı kadrların keyfiyyətli təhsil alması ilə bərabər, təcrübə və bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.  
    Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında vurğulayıb ki, muxtar respublikada ali təhsilə göstərilən hərtərəfli dövlət qayğısı pedaqoji və elmi kadrların yüksək hazırlığında, onların gələcəkdə peşə seçimində mühüm amilə çevrilib. Həyata keçirilən tədbirlər tələbələrin yüksəkixtisaslı mütəxəssislər kimi yetişməsinə, onların nəzəri, praktik bilik və bacarıqlarının artmasına müsbət təsirini göstərəcəkdir.
    Sonra nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri, ekspert qrupunun rəhbəri Səttar Zamanov çıxış edib. Nazirliyin fəaliyyət istiqamətlərini özündə əks etdirən videolent iştirakçılara təqdim edilib. 
    Tədbirdə nazirlik tərəfindən universitetin kitabxanasına 14 adda 17 hüquq ədəbiyyatı və 20 ədəd metodik vəsait hədiyyə edilib, suallar cavablandırılıb, tələbələr nazirliyin İcra və probasiya şöbəsi ilə tanış olublar.

 Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti 

Nəşr edilib : 22.04.2022 20:35