AZ EN RU

Ali təhsil məkanında ilk dəfə Naxçıvan Dövlət Universitetində IELTS qeydiyyat və imtahan mərkəzi fəaliyyətə başlayıb

    Bu məqsədlə Britaniya Şurasının Azərbaycan Respublikası üzrə direktoru Fransis Qardener –Trexo Naxçıvan Dövlət Universitetində olub. Universitetin rektoru Elbrus İsayev qonağı salamlayaraq IELTS qeydiyyat və imtahan mərkəzinin  fəaliyyətə başlamasını muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri və ictimaiyyət üçün yaddaqalan hadisə kimi dəyərləndirib. İlk olaraq muxtar respublikanın ali təhsil müəssisəsində başlanan bu ənənənin gələcəkdə digər ümumtəhsil məktəblərini də əhatə edəcəyinə inam ifadə olunub. Bildirilib ki, universitetdə əcnəbi tələbələrin sayca üstünlüyünü nəzərə alsaq, digər regionlardan universitetə təhsil almaq üçün gələnlər də bu mərkəzdən faydalana bilərlər. Rektor universitetin elmi uğurlarından danışıb, professor-müəllim heyətinin nüfuzlu jurnallara çıxışının təmin olunmasında da mərkəzin fəaliyyətini, xüsusilə önə çəkib. Qeyd edilib ki, artıq universitetdə müəllim və tələbələr  IELTS sertifikatı üzrə təlimlərə başlayıblar. Beynəlxalq akkreditasiya ilə bağlı məsələlərdə bəzi ixtisasların beynəlxalq sertifikatlaşma məsələləri universitetin gələcək hədəfi kimi qarşıya qoyulub. Diqqətə çatdırılıb ki, mərkəzdə ilk dəfə olaraq universitetin ingilis dili müəllimləri və həmin ixtisas üzrə təhsil alan tələbələr imtahan verəcəklər. 

    Britaniya Şurasının Azərbaycan Respublikası üzrə direktoru Fransis Qardener – Trexo qeyd edib ki, regionlara əlçatanlığın təmin olunması mərkəzin ən böyük hədəflərindən biridir. Naxçıvan Dövlət Universiteti ən böyük IELTS tərəfdaşı olacaq. Bildirilib ki, Britaniya Şurasının 140-dan çox ölkədə mərkəzi fəaliyyət göstərməklə 11000-dən artıq təhsil ocağı ilə tərəfdaşlığı mövcuddur. IELTS-i təhsilin dünyaya qapısı adlandıran Fransis Qardener – Trexo ali təhsil ocağında mərkəzin açılmasını tələbələrin xaricdə təhsil almaları üçün gözəl fürsət olaraq dəyərləndirib. Həmçinin bildirilib ki, əslində, mərkəz fəaliyyətə başlayanda qeydiyyat mərkəzi kimi işləsə də, bu gün universitetdə açılan mərkəzin bir üstünlüyü də ondadır ki, bura həm qeydiyyat, həm də imtahan mərkəzi kimi fəaliyyət göstərəcək. Bu da mərkəzin gələcəkdə perspektivlərinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. 
    Görüşün sonunda birgə fəaliyyətə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Qonaq universitetin xatirə kitabına ürək sözlərini yazıb. 
    Sonra Xarici dillər fakültəsində IELTS qeydiyyat və imtahan mərkəzinin açılışı olub. Universitetin rektoru Elbrus İsayev bildirib ki, mərkəzin fəaliyyət göstərməsi üçün fakültədə iki otaq ayrılıb və kamera ilə təchiz edilib. Vurğulanıb ki, mərkəzin idarə olunmasına rəhbərlik mütəxəssis kimi universitetin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Bayram Əliyevə həvalə olunub. 
    Sonda Fransis Qardener –Trexo Xarici dillər fakültəsi Sinxron tərcümə mərkəzində müəllim və tələbələrlə görüşüb. Ölkələrimiz arasında beynəlxalq əlaqələr, təhsil sahəsində əməkdaşlıq haqqında ətraflı məlumat verilib. Səmimi söhbət zamanı müəllim və tələbələrin suallarını cavablandıran Fransis Qardener –Trexo yeni açılan mərkəzin gələcək fəaliyyət istiqamətinin uğurlu tərəflərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. 


Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə

əlaqələr bölməsinin müdiri

Nəşr edilib : 11.04.2022 19:16