AZ EN RU

Ali məktəb tələbələrinə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş açıq dərs keçirilib

Martın 31-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılğı ilə Naxçıvan Dövlət Universitetinin tələbələrinə “Heydər Əliyev irsində azərbaycanlıların soyqırımı və doğma yurdlarından deportasiya edilməsi məsələlərinə münasibət” mövzusunda  açıq dərs keçirilib.

“Heydər Əliyev İli” çərçivəsində Xatirə Muzeyində təşkil edilən dərsdə çıxış edən  Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının şöbə müdiri Gülbuta Babayeva tarix boyu xalqımızın əzəli torpaqlarına təcavüzkar siyasət yeridən, qanlı əməllərindən dönməyən mənfur qonşularımızın törətdiyi qırğınlar haqqında məlumat verib, elə təkcə ötən əsrdə azərbaycanlıların dörd dəfə soyqırım və deportasiyaya məruz qaldığını bildirib.

Sonra Xatirə Muzeyinin direktoru Aytən Qasımovanın “Heydər Əliyev irsində azərbaycanlıların soyqırımı və doğma yurdlarından deportasiya edilməsi məsələlərinə münasibət” adlı məruzəsi dinlənilib.

Qeyd olunub ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanın tarixi məsələləri yeni mərhələyə qədəm qoyub. Bu tarixdən başlayaraq ermənilərin azərbaycanlılara qarşı təcavüzkar siyasətinin tarixinin açılmasına, bu tarixin tədqiq və təbliğinə ciddi yanaşma sərgilənib. Xalqımızın tarixi talehində önəmli olan hadisələrə hüquqi qiymət verməklə yanaşı Heydər Əliyev bu soyqırımdan əziyyət çəkən, hüquqları pozulan insanların hüquqlarının bərpası istiqamətində də səylərini əsirgəməyib.

Bildirilib ki, Azərbaycan xalqının xilaskarı Heydər Əliyev nəinki yaxın tarixi dövrdə eləcə də əsrin əvvəllərində baş vermiş faciələrin də hüquqi-siyasi qiymətini alması istiqamətində addımlar atıb. Ümummilli Lider mart hadisələrinin 80-ci ildönümündə imzaladığı 1998-ci il 26 mart tarixli fərmanı ilə erməni millətçilərinin törətdiyi cinayətlərə  dolğun və hərtərəfli siyasi-hüquqi qiymət verilib. Milli faciəni unutmamaq, indiki və gələcək nəsillərə xatırlatmaq üçün həmin mühüm sənədlə 31 mart tarixi hər il “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd edilir.

Vurğulanıb  ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, sarsılmaz iradəsi, ordumuzun qəhrəmanlığı sahəsində tarix boyu müxtəlif soyqırım və qırğınlara məruz qalmış soydaşlarımızın qisası alındı, mənfur emənilərin  “böyük Ermənistan” yaratmaq xülyaları darmadağın edildi.

Dərs  universitetin  Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Məmməd Əliyevin çıxışı ilə davam edib.

  Sonda muzeyin ekspozisiyasına baxış olub.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 31.03.2023 14:45