AZ EN RU

Ali Məclisin deputatı Aidə Cəlilzadə Strazburqda Avropa Şurası Konqresinin Cari Məsələlər Komitəsinin iclasında iştirak edib

    Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin Azərbaycan nümayəndə  heyətinin üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Cəlilzadə konqresin Cari Məsələlər Komitəsinin 28 iyun tarixli iclasında iştirak edib. O, “Böyük böhranlara yerli və regional cavablar: fövqəladə vəziyyətlərdə müdaxilələr və böhran sonrası yenidənqurma” mövzusu üzrə gedən müzakirələrdə çıxış edib. Aidə Cəlilzadə çıxışında dünyada baş verən böhranlara, o cümlədən ölkəmizin 30 ilə yaxın məruz qaldığı ekoloji böhrana toxunub. Azərbaycan nümayəndə heyətinin üzvü Ermənistanın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olan Arazdəyən kəndində illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodu tikilməsini Komitənin diqqətinə çatdırıb və bildirib ki, bu zavodun tikintisi beynəlxalq qanunlara ziddir. Espo Konvensiyasına əsasən iştirakçı tərəfin öz ərazisində planlaşdırdığı iri iqtisadi fəaliyyət digər ölkələrin ərazisinə mənfi ekoloji təsir göstərirsə, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı və ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında sənəd hazırlanmalıdır. Əlavə olaraq Aidə Cəlilzadə Azərbaycanın Espo Konvensiyası çərçivəsində Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə bağlı  iddia qaldırmasını və Ermənistanın Konvensiyanın müddəalarına əməl etməməsi barədə qərarın qəbul edilməsini komitə üzvlərinin diqqətinə çatdırıb. O, sonda beynəlxalq ictimaiyyətə müraciət ünvanlayaraq, bu cür qanunsuz, beynəlxalq hüquq və normalara zidd məsələləri qınamağa və lazımi tədbirlər görməyə çağırıb. 
    İclasda “Gənclər və gənclər siyasəti ilə bağlı mövcud problemlər” mövzusunda hesabat dinlənilib. Azərbaycan nümayəndə heyətinin üzvü Aidə Cəlilzadə Azərbaycanda dövlət gənclər siyasətinin diqqət mərkəzində olduğunu vurğulayıb, ölkə Prezidentinin müvafiq Sərəncamla təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər Dövlət Proqramı”nda gənclərin təhsil, mənzil problemləri, işlə təminatı, gənclər üçün yeni mərkəzin açılmasının prioritet məsələlər olduğunu diqqətə çatdırıb.

Xəbərlər şöbəsi

Nəşr edilib : 03.07.2023 18:39