AZ EN RU

Ali Baş Komandanın yandırdığı üç tonqal yaxud qələbənin rəmzi

Od insan oğluna yemək verib, onu isidib, təhlükələrdən qoruyub. Ona görə də od-ocaq Oğuz övladı üçün həmişə müqəddəs, mistik mahiyyət daşıyıb. Uzaq məsafələrdən bir-birinə məlumat ötürmək, şad və bəd günlərdə həmrəyliyə çağırış tonqal vasitəsilə olub. El-obamıza Novruz gələndə isə dağların zirvəsində tonqallar çatılıb. Ulu Dədəm Qorquddan üzü bəri zirvələrdə bir tonqal qalayanda bütün eli-obanı şənliyə, toya çağırardılar. İki tonqal qalayanda el-obanı düşmənlə mübarizəyə, müharibəyə səsləyərdilər. Üç tonqal qalayanda bütün el-oba birliyə dəvət olunardı. Xalqımızın birlik və həmrəyliyini, zəfərini ifadə edən üç tonqalı isə Müzəffər Sərkərdə, Ali Baş Komandan, Prezident cənab İlham Əliyev 2021-ci ildə Cıdır düzündə, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə isə Talışda alovlandırdı. 
Oğuz elinə Novruz gələndə ağrı-acılarımızı tonqalda yandırırıq ki, yeni baharımız, yazımız xoş əhvali-ruhiyyə gətirsin, şadlıq və sevincli günlər qədəm bassın həyatımıza. Bir neçə ilə bundan əvvələ qədər arzularımız var idi Novruz tonqallarının qalanacağı yurd yerlərimiz haqqında. O arzularımız da gerçəkləşib artıq. Vaxtilə düşmən tapdağında qalan yurdlarımızda Novruz tonqalları qalanır indi. Dədə Qorqud boylarından boyverən bu oyanış artıq dörd ildir ki, düşmən tapdağından azad  olunmuş yurdlarımızda gerçəkləşir. Yağının qayğı göstərmədiyi, əkib-becərmədiyi, tülkü-çaqqal yuvasına çevirdiyi, yaraladığı torpaqlara indi yenidən bahar gəlir, həyat qayıdır. Yurd yerləri qurulur, abad olur, cənnətə çevrilir. Həsrət və sevgi ilə, böyük inam və ümidlə öz doğma övladlarını gözləyir.  Gözləyir ki, övladları onun yaralarına məlhəm olsunlar. 
Ali Baş Komandanın alovlandırdığı üç tonqal ətrafında xalqımız bir amal uğrunda, bir müqəddəs ideya uğrunda daha sıx birləşdi və istəyinə nail oldu. Cənab Prezident milli birliyi, milli həmrəyliyi təmin etdi. Bu olmasa idi, Qələbə də olmayacaqdı. Vətənin igid oğulları, cəsur övladları sıldırım qayalardan qalxaraq, dərədən-təpədən, Xocavənd meşələrindən, cığırlardan keçərək Şuşaya gəldilər. Yüngül silahlarla, tapançalarla, süngü-bıçaqla mübarizə apardılar və o zirvədə qələbə tonqalları qaladılar. Bu gün biz azad Qarabağdayıq, Zəngəzurdayıq. Biz – bu torpaqların sahibləri olaraq qayıtmışıq. Məhz üç tonqal xalqımızı birliyə, həmrəyliyə çağırdı.
Bu gün Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik, bütün Qarabağda qeyd edirik. Cıdır düzündə dilimlənən bayram tonqalı bu torpaqların qədim sahiblərinin şanlı keçmişinə, parlaq gələcəyinə işıq tutur, tarixi ədalətin bərpa edilməsinə şövqlə parlayır. İndi Vətən həsrəti ilə yaşamış və həyatdan getmiş, bu torpaqların azad edilməsini görməyən minlərlə, on minlərlə məcburi köçkünlərin ruhu şaddır, şəhidlərimizin ruhu şaddır. 
Bu il artıq tarixi Zəfərimizdən sonra dördüncü dəfədir ki, biz Novruz bayramını doğma Qarabağ diyarında qeyd edəcəyik. Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır. Bugünkü güclü Azərbaycan bütün bu işləri görməyə qadirdir. Siyasi iradə var, iqtisadi güc var, xalqımızın səfərbərliyi var, milli həmrəylik ən yüksək zirvədədir və əlbəttə ki, şanlı tarixi Zəfərimiz hər birimiz üçün qürur mənbəyidir. Biz haqlı olaraq fəxr edirik ki, müzəffər dövlətin vətəndaşlarıyıq. Ordumuzla fəxr edirik, bizə bu xoşbəxtliyi yaşadan gənclərimizlə fəxr edirik. 
Cənab Prezidentin “Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram”, – deyərək alovlandırdığı tonqalların qığılcımları göyləri yandırmasa da, düşmənin bağrını yarır, yarasaların gözlərini qamaşdırır, torpağımızı yenidən oyadır. Dədə Qorqud Oğuz oğluna tapşırıb ki, dağların başında üç tonqal qalasın. Qoy düşmən bilsin ki, Oğuz yurdunun ocağı gur yanır... Bunun rəmzi mənası var. Üç tonqal qələbənin rəmzidir. Üç tonqal qalamağa qadir olan xalqımızın Novruzu bu torpaqlarda keçirməsi, bu torpaqlardakı ilk tonqalları Müzəffər Sərkərdə cənab İlham Əliyevin alovlandırması isə bizə böyük qürur və iftixar hissi gətirir.
Dədə Qorquddan üzü bəri üç tonqal milli birliyin göstəricisi sayılırdı. Buna görə də heç kim bizim qabağımızda dura bilmədi. Əsrlərdən üzü bəri yol gələn üç tonqal  Azərbaycan xalqının öz lideri ətrafında sıx birləşməsini təcəssüm etdirdi.
Qərinədən sonra bu torpaqları ziyarət etmək, o məzarsız şəhidlərimizin sanki məzarını ziyarət etmək qədər müqəddəs bir missiyadır. Novruz tonqalları o torpaqlarda gəzən ruhlara bir məlhəm, bir işıq oldu. Yol göstərdi onlara, azadlığın yolunu göstərdi.
Bu torpaqlarda bayram tonqalları əbədi alovlanacaq. Odlar yurdunun alovunu, işığını dünyaya yayacaq. Xalqımıza, dövlətimizə qarşı olan ədalətsizlik və haqsızlıqlar bu tonqallarda alovlanıb kül oldu. Alovun qırmızı rəngi xalqımızın bütövlüyünü, gücünü, həmrəyliyini bir daha dünyaya bəyan etdi. 
Ali Baş Komandanın Qarabağda alışdırdığı Novruz tonqallarımız daha gur olsun, Odlar yurdunun sönməz tonqalları kimi əbədi yansın. Dosta inam, düşmənə qorxu salsın. Üç tonqalımız daimi olsun.

Məmməd BABAYEV

Nəşr edilib : 18.03.2024 12:33