AZ EN RU

Ali Baş Komandan cənab İlham Əliyevin növbəti diplomatiya qələbəsi, yaxud ən müasir tariximizin 19 apreli

Bu gün müasir tariximizin ən möhtəşəm gününü yaşayırıq.  Bu gün  Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya üzrə dövlət komissiyalarının 8-ci iclasında tarixi qərar qəbul edilib. Bir güllə belə atılmadan Ermənistan tərəfi 1990-cı illərin əvvəllərindən işğal altında saxladığı Qazax rayonunun 4 anklav olmayan kəndlərinin Azərbaycana qaytarılmasına razılıq verib.  Bu tariximizin ən möhtəşəm xəbəridir.  Nəzərə alsaq ki, Müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyevin uğurlu xarici və daxili siyasəti, Silahlı Qüvvələrimizin rəşadəti sayəsində Azərbaycan ötən il ərazi bütövlüyünün ən yüksək zirvəsini fəth etdi.  Cənab Prezidentin tərəfindən  verilən  bütün vədlər, qarşıya qoyulan  bütün vəzifələr icra edilib. Azərbaycan 44 günlük Vətən müharibəsində işğal altındakı ərazilərini azad edib. Keçən ilin sentyabrında keçirdiyi qısamüddətli antiterror tədbirləri sayəsində isə suverenliyini tam bərpa edib. Azərbaycan qalib xalq, qalib ölkə kimi adını tarixə yazdırıb. Bu gün Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağının dalğalanması milli ləyaqət təntənəsidir. Növbəti qələbə ilə Azərbaycan xalqı  olaraq daha da qürurlandıq. Bu günlərdə rusiyalı sülhməramlıların bölgədən çıxmasından sonra 4 qeyri-anklav kəndin qaytarılması İlham Əliyevin xalqa növbəti müjdəsi oldu.  Azərbaycan torpaqlarını qarış-qarış toplayan Ali Baş Komandan Qərbin dəstəklədiyi Ermənistanı məğlub edib bütün niyyətlərini puça çıxardı, Rusiya və Qərb arasında inanılmaz tarazlaşdırılmış siyasət həyata keçirdi, möhtəşəm bir diplomatiya yürütdü, həm meydanda, həm siyasi masada qələbə qazandı. Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşması, Ermənistan ərazisində hərbi hədəflərin olmasına dair Fransa və digər Qərb dövlətlərinin propaqandası da bir daha ifşa olundu. Azərbaycan ABŞ və Aİ-nin bu məsələlərə müdaxiləsinə imkan vermədi, Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində dil tapıb məsələni həll etdilər. Qazax rayonunun 4 anklav olmayan kəndlərinin Azərbaycana qaytarılması bir daha onu göstədi ki,  Qərb dövlətləri və neoimperialist dairələr nə qədər proseslərdən uzaq dayansalar, Cənubi Qafqazda sülh və əmin-amanlıq o qədər tez təmin olunacaq. Bu sülh  əmin-amanlıqla biz yeni mərhələyə qədəm qoyuruq.  Bu mərhələdə biz çox diplomatik qələbələrin şahidi olacağıq.  Bu qələbələrin bir müəllifi var:  

Prezident, Ali Baş Komandan İlham Əliyev!!!  

"Biz hər zaman sözümüzə, vədimizə, imzamıza sadiq qalmışıq, dəyişməmişik və dəyişməyəcəyik. Yolumuz da, hədəfimiz də bəllidir və bu yola, bu hədəfə doğru daim inamla, qətiyyətlə irəliləyəcəyik!" bəyanından da göründüyü kimi, müstəqil Azərbaycan Böyük Yolun -- Heydər Əliyev yolunun Müzəffər davamçısı olan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə strateji hədəflərinə doğru addım-addım irəliləyir. Prezident cənab İlham Əliyevin xalqa müraciətində dediyi kimi: "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm".

             Sara ƏZİMOVA

“Şərq qapısı” qəzetinin baş redaktoru

Nəşr edilib : 19.04.2024 23:45