AZ EN RU

Aldığımız qidaların keyfiyyətinə necə əmin ola bilərik?

Sağlam yaşamağı özünə həyat tərzi seçmiş insan üçün düzgün qidalanmaq əsas amildir. Son illərdə ölkəmizdə qida təhlükəsizliyinə nəzarət işini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq məqsədilə sistemli işlər görülür.

Eləcə də muxtar respublikada əhalinin qida təhlükəsizliyi sahəsində təhlükəsizliyini təmin etmək məqsədilə mütəmadi olaraq qida subyektlərində (obyektlərində) dövlət nəzarəti, təftiş, reyd və monitorinqlər aparılaraq uyğunsuzluqlar və nöqsanlar aşkarlandıqda qanunvericiliyə uyğun tədbirlər görülür. Qida məhsullarının risk səviyyəsindən və mövsümdən asılı olaraq daha sıx nəzarət tədbirləri həyata keçirilir. Bu məhsullara ət və ət məhsulları, süd və süd məhsulları və digər tez xarab olan məhsullar aiddir.

Məsələnin aktuallığını nəzərə alaraq son zamanlar muxtar respublikada dönərxanalarda zəhərlənmə hallarının artması,  texniki normativ-hüquqi aktların tələblərinə cavab verməyən, saxta alkoqollu içkilərin satışının həyata keçirilməsi, həmçinin bir neçə dondurma məhsulu partiyasında “enterobacteriaceae” bakteriyalarının aşkarlanması xəbəri təəssüf doğurur.

Bəs biz aldığımız qidaların keyfiyyətinə necə əmin ola bilərik? Buna nəzarət hansı səviyyədə təşkil olunub? Elə bu sualımızın cavabını Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qida zəncirinə nəzarət şöbəsinin müdiri Orxan Orucovdan öyrənirik. O bildirdi ki, qida məhsullarının istehlakçılara sağlam və təhlükəsiz şəkildə təqdim olunması məqsədilə qida obyektlərində davamlı olaraq agentlik tərəfindən monitorinqlər aparılır: “Bu ilin ilk altı ayı ərzində 820 qida obyektində maarifləndirici görüş keçirilib və bu sahədə tələbləri özündə əks etdirən müvafiq bildirişlər sahibkarlara təqdim edilib. Görüşlər həm səyyar, həm də agentliyin inzibati binasında həyata keçirilib. Nəzarət tədbirlərimiz ticarət obyektləri, ictimai iaşə xidmət sahələri, şadlıq evləri, ət satışı məntəqələri, dönərxanalar, istehsal və emal müəssisələri də daxil olmaqla bütün qida obyektlərini əhatə edir”.

Müsahibimiz qeyd edir ki, agentlik tərəfindən nəzarət tədbirləri həm də muxtar respublikaya idxal olunan məhsullara da şamil olunur. İdxal olunan qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərə nəzarət zamanı məhsullardan nümunələr seçilərək laborator müayinələrə cəlb olunur və uyğunsuzluq aşkarlanmayan məhsulların satışına və istifadəsinə icazəni təsdiqləyən idxal sağlamlıq aktı təqdim edilir.

Eyni zamanda Orxan Orucov “Yararsız məhsullar  mağazaya daxil olunmamışdan əvvəl yoxlamalar aparılır?”mı sualına cavab olaraq bildirdi ki, qida məhsullarına nəzarət aidiyyəti dövlət orqanları tərəfindən həyata keçirilsə də, bu sahədə effektiv nəticələrin əldə olunması üçün ictimai nəzarətin də rolu mühümdür. İnsanların qida məhsulu alarkən mütləq məhsulun saxlanma şəraiti, etiket məlumatları, əmtəə görünüşü kimi vacib məsələlərə diqqət etmələri tövsiyə olunur.

İstehlak edilən qida məhsulları ilə bağlı vətəndaşlarda hər hansı şübhə yarandıqda, eləcə də qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda bu barədə konkret faktlarla agentliyə 036-545-28-83 nömrəsi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər. İstehlakçı hüquqlarının qorunması istiqamətində agentlik tərəfindən qeyd olunan sahədə nəzarət tədbirləri davam etdiriləcək və nəticələri barədə mütəmadi ictimaiyyətə məlumat veriləcəkdir.

Düzgün qidalanma sağlam nəslin formalaşması üçün əhəmiyyətlidir. Düzgün qidalanma həyat keyfiyyətini – sağlamlığı, əhvali-ruhiyyəni, əmək qabiliyyətini, maddələr mübadiləsini, bu və ya digər orqan və sistemlərin dolğun fəaliyyətini təmin edir. Siz də qida məhsulları əldə edərkən daha diqqətli olmalısınız. Sağlam qida sağlam həyat tərzidir.

         Bülbül QULİYEVA

Nəşr edilib : 22.07.2024 15:44