AZ EN RU

Aktiv məşğulluq tədbirlərinin davamı olaraq bu gün Şərur rayonunda 30-a yaxın işəgötürənin iştirakı ilə əmək yarmarkası keçirilib

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Şərur, Kəngərli və Sədərək rayonları üzrə 30-a yaxın işəgötürənin iştirakı ilə əmək yarmarkası keçirilib.
Yarmarkanın açılışı münasibətilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Rasim Piriyev iştirakçıları təbrik edib, çoxsaylı iş yeri təklifinin əhalinin məşğulluq problemlərinin həllində əhəmiyyətli rol oynadığını bildirib.  İşəgötürənlər və işaxtaran şəxslər tədbirdə aktiv iştiraka dəvət edilib.
Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Araz Məmmədov bildirib ki, bazar iqtisadiyyatı şəraitində effektiv sosial siyasətin, o cümlədən sosial ədalət prinsipinin həyata keçirilməsi, əmək qabiliyyətli hər bir insana layiqli iş şəraitinin yaradılması, əhalinin yüksək sosial müdafiəsi, məşğulluq probleminin uğurlu həlli daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə dövlət tərəfindən atılan addımlardan biri də əmək yarmarkalarının təşkilidir. 

Qeyd edək ki, yarmarkada işsiz və işaxtaran şəxslərə yalnız Şərur, Kəngərli və Sədərək rayonları üzrə 30-a yaxın dövlət və özəl müəssisəsindən, ümumilikdə, 80-dən artıq vakansiya yarmarkada işaxtaran və işsiz vətəndaşlara təqdim olunub. Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.
Yarmarkada, həmçinin işsiz və işaxtaran şəxslərə agentliyin aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib, müraciət edən şəxslərlə ilkin sorğular aparılıb.

Nəşr edilib : 21.06.2024 13:35