AZ EN RU

“Akkreditasiya meyarları” mövzusunda fikir mübadiləsi aparılıb

    “Naxçıvan” Universitetində keçirilən “Ali təhsil müəssisəsinin institusional akkreditasiya üzrə qiymətləndirmə meyarları” mövzusuna həsr olunmuş müzakirədə universitetin struktur rəhbərləri iştirak edib. 
    Universitetin rektoru, dosent Anar Kazımov qardaş Türkiyədə zəlzələ nəticəsində baş vermiş faciəvi insan tələfatı və dağıntılara görə xalqımızın dərin kədər və sarsıntı içində olduğumu, eyni zamanda birlik və həmrəylik nümayiş etdirdiyini diqqətə çatdırıb. Bildirib ki, bu çətin günlərdə bütün qəlbimizlə türk xalqının yanındayıq. Zəlzələ qurbanlarının xatirəsinin  bir dəqiqəlik sükutla yad edilməsindən sonra müzakirəyə başlanılıb.
    Rektor müzakirə ilə bağlı aparılacaq fikir mübadiləsinin ali təhsil müəssisəsinin akkreditasiyası üçün olduqca böyük əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarları” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kollegiyasının 2022-ci il 30 sentyabr tarixli Qərarı ilə təsdiq edildikdən sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən ali təhsil müəssisələrinin institusional akkreditasiya üzrə qrafiki təsdiqlənib. Qrafikə əsasən yaxın gələcəkdə “Naxçıvan” Universitetində də akkreditasiya qiymətləndirməsinin aparılması nəzərdə tutulub.
    Universitetin Keyfiyyət Təminatı Mərkəzinin müdiri Ruqiyyə Kərimova müzakirədə akkreditasiya meyarları – təhsil müəssisəsinin fəaliyyətinin və təhsil proqramlarının icrasının dövlət təhsil standartlarına uyğunluğunun qiymətləndirilməsi üzrə ölçülər, həmçinin akkreditasiya üçün tələb olunan özünütəhlil hesabatının hazırlanmasından söz açıb, meyarlar üzrə toplanması zəruri olan maksimum ballar, bu balların qiymətləndirilməsinin akkreditasiya prosesinə təsiri və digər məsələlər barədə iştirakçıları ətraflı məlumatlandırıb.
    Fikir mübadiləsi iştirakçılarla sual-cavab sessiyası şəklində davam etdirilib.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

Nəşr edilib : 09.02.2023 21:07