AZ EN RU

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə tədbirlər keçirilib

    AMEA Naxçıvan Bölməsində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan görkəmli alim, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə interaktiv dərs olub.
    Dərsi bölmənin Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimova aparıb.
    Tədqiqatçı məktəblilərə əvvəlcə akademikin mənalı ömür yolu haqqında məlumat verib, vurğulayıb ki, zəhmətsevərliyi, səmimiliyi, yüksək intellekti ilə insanların rəğbətini qazanan böyük alimin şəxsiyyətində doğma Vətənə, xalqa bağlılıq və başqa yüksək mənəvi keyfiyyətlər öz təcəssümünü tapmışdı. Zərifə xanım Əliyeva Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz xəstəlikləri kafedrasının dosenti, professor, Görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, Oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır.
    Surə Rəhimova görkəmli akademikin Azərbaycanda gözün iltihabı və buynuz qişasını zədələyən, ağır nəticələrə, hətta tam korluğa səbəb olan traxoma xəstəliyinin müalicəsində və profilaktik tədbirlərin təşkilində fəal iştirakından söz açıb. Bildirilib ki, akademik Zərifə xanım Əliyevanın qazandığı elmi uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. İstedadlı alim oftalmologiyanın aktual mövzuları üzrə çoxprofilli tədqiqatlar apararaq dəyərli elmi-tədqiqat əsərləri ərsəyə gətirmiş, apardığı tədqiqatların gedişində onlarla elmi məqalə və monoqrafiyalar çap etdirmişdir.
    Dərsdə tanınmış şəxsiyyətlərin akademik Zərifə Əliyeva haqqında fikirlərindən sitatlar gətirilib. Vurğulanıb ki, böyük alimin həyatı, Vətəninə, xalqına sədaqəti, elmə xidməti, sahib olduğu insani məziyyətlər gənc nəsil üçün əsl örnəkdir.
    İnteraktiv dərs muxtar respublikanın 200-ə yaxın ümumtəhsil məktəbinin şagirdləri tərəfindən dinlənilib.

***

    Aprelin 28-də Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında keçirilən tədbirin iştirakçıları əvvəlcə görkəmli akademikin poliklinikanın foyesindəki büstü önünə gül dəstələri qoyub, onun xatirəsinə həsr olunmuş guşədə  böyük alimin həyat və fəaliyyətini əks etdirən foto və kitablar, həmçinin tanınmış insanların görkəmli oftalmoloq-alim haqqında fikirləri ilə tanış olublar. 
    Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva qeyd edib ki, Naxçıvan Şəhər Poliklinikası 1990-cı ildən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Ümummilli lider Heydər Əliyev 1990-cı və 1999-cu illərdə poliklinikada olub. 2012-ci ilin mayında ölkə Prezidenti cənab İlham Əliyev Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının yeni binasının açılışında iştirak edib. Zərifə xanımın adını daşıyan səhiyyə müəssisəsində işləmək hər bir tibb işçisi üçün böyük məsuliyyətdir. Milli oftalmologiyanın banisi akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolu, misilsiz xidmətləri, apardığı tədqiqatlar əsl təcrübə məktəbidir.
    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova “Akademik Zərifə xanım Əliyeva fədakar insan, əsl Azərbaycan qadını kimi”, Naxçıvan Şəhər Poliklinikasının baş həkimi Səadət İbrahimova “Zərifə xanım Əliyeva insanlara nur bəxş edən ləyaqət simvolu kimi”, Naxçıvan Muxtar Respublika Xəstəxanası Göz xəstəlikləri şöbəsinin bölmə müdiri Kəmalə Əliyeva “Zərifə xanım Əliyevanın ictimai fəaliyyəti və Azərbaycan səhiyyəsinə verdiyi töhfələr” mövzusunda məruzələr ediblər.
    Çıxışlarda bildirilib ki, ömrünü tibb elminə həsr edən görkəmli alim Zərifə xanım Əliyeva oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib. 
    Tədbirdə vurğulanıb ki, akademik Zərifə Əliyevanın çoxşaxəli elmi fəaliyyəti hələ sağlığında öz qiymətini alıb. O, bir çox sanballı tədqiqatların, o cümlədən 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 160-a yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Onun zəngin pedaqoji və elmi təcrübəsi “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasında öz əksini tapıb. Bu kitab həm oftalmoloqlar, həm də həkimləri təkmilləşdirmə fakültələrinin müəllimləri üçün əsas elmi mənbədir.
    Zərifə xanım təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. Onun işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. 
    Tədbirdə Naxçıvan Qızlar Liseyinin şagirdlərinin ifasında görkəmli alimə həsr olunmuş şeirlər dinlənilib, sənədli filmə baxılıb.

***

    “Naxçıvan” Universitetində keçirilən konfransda universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, Zərifə Əliyevanın fəaliyyəti çox zəngin və çoxşaxəlidir. O, Azərbaycan elminin əsl fədaisi olaraq elmi daim inkişaf etdirib. Eyni zamanda biz onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı da görürük. Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər də Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir.
    Vurğulanıb ki, Azərbaycan oftalmologiyasının bugünkü inkişafı həm klinik, həm elmi baxımdan Zərifə xanımın adı ilə bağlıdır və onun elmi istiqamətlərinin bir hissəsidir. Akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi, Azərbaycan tibb elminin parlaq səhifələridir. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.
    Sonra Təbiət elmləri kafedrasının müəllimləri Aynurə Qulamova və dosent Həmidə Seyidovanın akademik Zərifə Əliyevanın həyat yolu və elmi fəaliyyəti ilə bağlı məruzələri dinlənilib. Kimya biologiya müəllimliyi ixtisasının  IV kurs tələbəsi Sənan Düniyev isə “Zərifə xanım Əliyevanın zəngin həyat yolu bugünkü və gələcək nəsillər üçün örnək və yaşam etalonudur” mövzusunda çıxış edib.
    Konfransda Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən videoçarx izlənilib, sərgiyə baxış olub.

***

    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə əlaqədar alimin adını daşıyan Şahtaxtı kənd tam orta məktəbində tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları görkəmli akademikin məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyub, alimin həyat və fəaliyyətini əks etdirən muzeylə yaxından tanış olublar. 
    Tədbirdə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edərək bildirib ki, Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprel ayının 28-də Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirib. 1950-ci ildə aspiranturaya daxil olub, aspiranturanı bitirdikdən sonra respublika Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda elmi işçi vəzifəsində çalışıb.
    Görmə orqanının patologiyası Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını təşkil edib, 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilib. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. 
    Heyran Əhmədova bildirib ki, böyük xidmətlərinə, çoxillik elmi – tədqiqat işlərinə görə Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilib. O, bir sıra orden və medallara layiq görülüb, “Azərbaycanın Əməkdar elm xadimi” fəxri adını alıb. Akademik respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verib. 
    Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova, Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin direktoru Ehtimad Məmmədov çıxış ediblər. Sonda məktəbin şagirdləri Zərifə xanım Əliyevaya həsr olunmuş şeirləri bədii qiraət ediblər, akademikin həyat və fəaliyyəti ilə bağlı filmə baxış olub. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 28.04.2022 20:10