AZ EN RU

Akademik Yaqub Mahmudovun 85 illik yubileyinə həsr olunmuş konfrans

AMEA-nın Naxçıvan Bölməsində tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Yaqub Mahmudovun 85 illik yubileyi münasibətilə elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb, Yaqub Mahmudovun həyatının, eləcə də elmi, pedaqoji, ictimai-siyasi fəaliyyətinin əsas mərhələlərinə nəzər salıb, onu yüksək mənəviyyata malik insan kimi xarakterizə edib. Tədbirin Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin müvafiq qərarına əsasən keçirildiyini diqqətə çatdıran bölmə sədri vurğulayıb ki, konfransın keçirilməsi Yaqub Mahmudovun elmi irsinin tanıdılması və təbliği xarakteri daşımaqla bərabər, həm də gənclərdə elmi yaradıcılığa maraq yaratmaq məqsədi daşıyır.

“Akademik Yaqub Mahmudov Azərbaycan tarix elminin seçilən nümayəndəsi, çoxsaylı elmi problemlərin sistemləşdirilərək tədqiq olunduğu fundamental əsərlərin müəllifi, Turan məfkurəsinə xidmət edən elm xadimidir”, - deyən İsmayıl Hacıyev bildirib ki, fundamentallıq kəsb edən kitab və monoqrafiyaları, 18 cilddə toplanan əsərləri onun tarixşünaslığımıza verdiyi mühüm töhfələrdir.

Konfrans öz işini məruzələrin təqdimatı ilə davam etdirib.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Akademik Yaqub Mahmudovun həyatı və ictimai-siyasi fəaliyyəti”, həmin institutun elmi işlər üzrə direktor müavini. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Akademik Yaqub Mahmudovun elmi fəaliyyəti”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Akademik Yaqub Mahmudovun elmi irsində Naxçıvan tarixi məsələləri” başlıqlı məruzələr ediblər.

Məruzələrdən sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin çıxışı dinlənilib.

Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

Nəşr edilib : 12.02.2024 17:52