AZ EN RU

Akademik Mahmud Kərimovun 75 illiyinə həsr olunmuş elmi-texniki konfrans

    Naxçıvan Dövlət Universiteti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə akademik Mahmud Kərimovun anadan olmasının 75 illiyinə həsr olunmuş  elmi-texniki konfrans keçirilib. 
    Konfransdan əvvəl qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyub ehtiramlarını bildiriblər. Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı iştirakçılara Ümummilli Liderin şərəfli ömür yolunu əks etdirən dəyərli eksponatlar barədə ətraflı məlumat verilib. 
    Naxçıvan Dövlət Universitetində keçirilən elmi-texniki konfransda Ulu Öndər Heydər Əliyev və Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
    Ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edərək akademik Mahmud Kərimovun mənalı ömür yolundan, zəngin elmi yaradıcılığından danışıb. O, görkəmli alimin çoxşaxəli elmi fəaliyyəti ilə radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynadığını bildirib.
    Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının I vitse­prezidenti Arif Həşimov qeyd edib ki, Mahmud Kərimovun elmi tədqiqatlarının başlıca istiqaməti dielektriklər fizikası ilə bağlı olub. Alimin bir çox istiqamətlər üzrə müəyyən etdiyi metodlar və gəldiyi elmi nəticələr həmişə öz aktuallığı, fundamental-nəzəri və tətbiqi əhəmiyyəti ilə seçilib. 
    Vurğulanıb ki, böyük alim AMEA-ya rəhbərliyi dövründə Azərbaycan dövlətinin elm siyasətinə böyük töhfələr verib və elmimiz yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Görkəmli elm təşkilatçısı Azərbaycan elminin dünya elm strukturlarına sürətlə inteqrasiya olunmasına, xarici ölkələrlə əlaqələrin xeyli genişlənməsinə xidmət edib.
    Bildirilib ki, görkəmli alimin elmi fəaliyyəti, araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilib və 200-ə yaxın elmi əsərdə öz əksini tapıb. Mərhum alim elmi nailiyyətlərinə görə bir çox patent və müəlliflik şəhadətnamələri alıb.
    Tanınmış alimin fəaliyyəti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüb.
    Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun icraçı direktoru, dosent  Rəvan Mehdiyeva, Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev, AMEA Rəyasət Heyətinin müşaviri, akademik Adil Qəribov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov və digər çıxış edənlər görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.
    Qeyd edək ki, konfrans 2 ənənəvi və 1 onlayn olmaqla, 3 bölmədə iki gün əzində öz işini davam etdirib. 

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
 ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 19.10.2023 19:44