AZ EN RU

Akademik İsmayıl Hacıyev: “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi Azərbaycanın, habelə bölgənin tarixində böyük əhəmiyyət kəsb edir”

Bir əsrlik zəngin tarixə, mədəniyyətə malik Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı qədim diyar Naxçıvanın zəngin dövlətçilik tariximizdə, ölkəmizin inkişafında mühüm yer tutduğunun göstəricisidir. Muxtar respublikanın yubileyinə mühüm töhfə olan Sərəncamın mahiyyəti, əhəmiyyəti barədə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevlə həmsöhbət olduq.

 – İsmayıl müəllim, sözügedən Sərəncamın əhəmiyyəti nədən ibarətdir?

 – Əvvəlcə qeyd edim ki, Naxçıvan qədim tarixə, zəngin keçmişə malik olan Azərbaycanın ayrılmaz bir hissəsidir. Bu diyar strateji mövqeyi, əlverişli coğrafi ərazisi ilə həmişə maraq dairəsində olub. Bir sıra dövlətlər tarixin müəyyən mərhələlərində bu əraziyə yiyələnmək üçün xeyli canfəşanlıq göstərmişlər. Böyük dövlətlərin köməyi ilə Azərbaycan ərazisinə, eləcə də Naxçıvana köçürülən ermənilər bura sahib olmaq üçün aborigen azərbaycanlılara qarşı soyqırımı həyata keçirmişlər. Qəhrəman naxçıvanlılar düşmənə mərdliklə sinə gərmiş, ərazini Azərbaycan torpağı kimi qoruyub saxlamışlar. Məkrli düşmənlərimiz başqa bir yola əl atmış, qədim Azərbaycan ərazisi olan Zəngəzurun qərb hissəsini 1920-ci ildə Ermənistana verməklə Naxçıvanı Azərbaycandan ayrı salmışlar. Yəni Naxçıvanın indiki kimi Azərbaycanla sərhəd əlaqəsi olmamışdır. Belə olan vəziyyətdə naxçıvanlıların tələbi, 1921-ci ilin yanvarında keçirilən referendumun nəticəsi və Moskva müqaviləsinin şərtlərinə görə Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verilmiş və 1924-cü ilin fevralın 9-da Naxçıvan Muxtar Respublikası təşkil edilmişdir. Naxçıvan Muxtar Respublikası 70 il SSRİ-nin tərkibində muxtar respublika kimi fəaliyyət göstərmiş, sosial-iqtisadi, elmi-mədəni cəhətdən müəyyən səviyyədə inkişaf etmişdir.

Bu illərdə Naxçıvan Muxtar Respublikasının təşkil edilməsinin bir neçə dəfə yubileyləri keçirilib. Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının yubileyləri yüksək səviyyədə qeyd edilib. Bu yubileylərdə Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etməklə yanaşı, proqram xarakterli nitqlə çıxış etmişlər. “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” ölkə Prezidentinin müvafiq Sərəncamı tamamilə qanunauyğundur və tarixi ənənələrə əsaslanır. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi Azərbaycanın, habelə bölgənin tarixində böyük əhəmiyyət kəsb edir və xalqımızın həyatında əlamətdar hadisədir. Sərəncamın əhəmiyyəti bir də onunla əlaqədardır ki, bu Sərəncamdan irəli gələn vəzifələr yerinə yetiriləcək, muxtariyyət statusu, muxtar respublikanın tarixi və inkişafı ilə bağlı tədqiqatlar aparılacaq, tədbirlər həyata keçiriləcək və bununla Naxçıvanın qədim türk torpağı olduğu bir daha beynəlxalq ictimaiyyətə çatdırılacaqdır.

Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yeri və roluna qısaca nəzər salaq...

Azərbaycan xalqının tarixi kimi, onun dövlətçilik tarixi də çox qədimdir. Xalqımızın dövlətçilik tarixinin yaşı beş min ildən çoxdur. Xalqımızın dövlətçilik tarixi göstərir ki, Azərbaycan xalqı bütün sahələrdə olduğu kimi, dövlətçilik sahəsində də tarixboyu dünya sivilizasiyasından ayrı düşməmiş, öz dövlətçiliyini inkişaf etdirmiş, dövlət ənənələrini qoruyub saxlamış, təkmilləşdirmişdir. Azərbaycan xalqı öz tarixi ərzində Manna, Midiya, Atropatena, Albaniya, Sacilər, Salarilər, Rəvvadilər, Azərbaycan Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Azərbaycan Xalq Cümhuriyyəti, sovet hakimiyyəti kimi nə qədər dövlət nümunələri görüb.

Naxçıvan uzun əsrlər ərzində bir-birini əvəz edən dövlətlərin ən inkişaf etmiş əyalətlərindən biri olub. Bu dövlətlərin tərkibində Naxçıvan özünəməxsus mövqeyi ilə seçilib. Tarixin müəyyən dövrlərində Naxçıvan ərazisində müstəqil, yaxud yarımasılı olan dövlətlər mövcud olub. Naxçıvanşahlığı, Azərbaycan Atabəylər dövləti, Naxçıvan tüməni, Naxçıvan sancağı, Naxçıvan xanlığı, Araz-Türk Respublikası, Naxçıvan MSSR və Naxçıvan Muxtar Respublikası. Sərəncamda bununla bağlı deyilir: “Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır... Naxçıvan əsrlərboyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir”.

İsmayıl müəllim, Naxçıvan Muxtar Respublikasının inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri barədə nə deyə bilərsiniz?

 – Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibində özünəməxsus inkişaf yolu keçib, həyatın bütün sahələrində nəzərəçarpacaq nailiyyətlər əldə edib. Bu baxımdan 1969-cu ildən sonrakı dövr, xüsusilə mühüm mərhələ təşkil edir. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkənin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da əsl tərəqqi və quruculuq dövrü olub. Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının inkişafına dair mükəmməl konsepsiya formalaşdırmışdır. Bu konsepsiyanın əsasında Naxçıvanın SSRİ-nin muxtar qurumları içərisində qabaqcıl yer tutmasına nail olmaqla bərabər, Azərbaycan Respublikasına inteqrasiyasını təmin etməklə Azərbaycan dövlətçiliyinin güclü dayaqlarından birinə çevrilməsi dayanmışdır. Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının siyasi-hüquqi statusu ilə birlikdə, onun sosial-iqtisadi, siyasi və mədəni həyatının inkişafını təmin etməklə Azərbaycan dövlətçiliyindəki rolunu möhkəmləndirirdi, inkişaf etmiş Naxçıvan inkişaf etmiş Azərbaycan dövləti demək idi. Heydər Əliyev Naxçıvan iqtisadiyyatını dirçəltmək üçün xalq təsərrüfatına əsaslı vəsait qoyuluşunu artırdı. Təkcə 1971-1975-ci illərdə vəsait qoyuluşunun həcmi 1925-1970-ci illərdəkindən 4,8 dəfə çox idi. Muxtar respublikada xalq təsərrüfatının müxtəlif sahələrinə aid 783 milyon manatlıq əsas fondlar tikilib istifadəyə verildi. Ulu Öndər 1990-1993-cü illərdə nəinki Naxçıvanın ərazi bütövlüyünü qorudu, həm də onu işğal təhlükəsindən xilas etdi. Təsadüfi deyildir ki, Prezident cənab İlham Əliyev qeyd edib ki, naxçıvanlılar Heydər Əliyevi qoruduqları kimi, Heydər Əliyev də Naxçıvanı qorudu, onu xilas etdi. Bu gün Ulu Öndərin Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planları və arzuları uğurla yerinə yetirilir.

 – Bilirsiniz ki, ölkə başçısı tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” qəbul edilib. Proqramdan irəli gələn vəzifələrin həlli yüzilliyə nə kimi töhfələr verəcək?

– Qeyd etdiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Əslində, Sərəncamın adından onun məqsəd və mahiyyəti aydındır. Dövlət Proqramı olduqca əhatəli və geniş spektrə malikdir. Burada Naxçıvan Muxtar Respublikasının yeni tarixi mərhələdə inkişaf konsepsiyası siyasi və iqtisadi cəhətdən mükəmməl şəkildə, hərtərəfli surətdə əsaslandırılıb. Dövlət Proqramında inkişaf strategiyasının həyata keçirilməsinin 11 istiqaməti və 13 vacib çağırışı əhatə edilir. Dövlət Proqramının məqsədi davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsini və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir.

Dövlət Proqramının icrası ilə bağlı iyunun 7-də səlahiyyətli nümayəndəlikdə müşavirə keçirilib. Müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Dövlət Proqramı haqqında ətraflı məlumat verib, qarşıya qoyulan vəzifələrin icrasında aid dövlət qurumlarının üzərinə düşən vəzifələri diqqətə çatdırıb. Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Sərəncamda son bir ildə Naxçıvan Muxtar Respublikasında görülmüş işlərə də münasibət bildirilib: “Naxçıvan Muxtar Respublikası bu gün Dövlət proqramlarını və infrastruktur layihələrini uğurla gerçəkləşdirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir. Hazırda Naxçıvan beynəlxalq miqyaslı mötəbər tədbirlərin ardıcıl keçirildiyi məkanlardandır. Azərbaycanın ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublika yaşıl enerji zonası elan olunmuşdur. Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir”.

Göründüyü kimi, Sərəncamda qeyd olunan məsələlərlə Dövlət Proqramında irəli sürülən vəzifələr bir-birini tamamlayır. Hər iki rəsmi dövlət sənədi Naxçıvan Muxtar Respublikasının fəaliyyətinə qiymət verməklə yanaşı, görüləcək işlər, qarşıda duran vəzifələri də müəyyən edir. Prezident cənab İlham Əliyevin imzaladığı hər iki sənəd Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə yüksək töhfə olmaqla həm də onun hərtərəfli inkişafını təmin edəcəkdir.

 – AMEA Naxçıvan Bölməsi muxtar respublikanın 100 illiyi ilə bağlı hansı tədbirlər görməyi planlaşdırır?

 – İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə belə bir Sərəncam verdiyinə görə AMEA Naxçıvan Bölməsinin bütün əməkdaşları, eləcə də muxtar respublika ziyalıları adından dərin minnətdarlığımızı bildiririk.

Naxçıvan Muxtar Respublikasının yaradılması çox çətin şəraitdə aparılan siyasi və hərbi mübarizənin nəticəsində əldə edilib. Naxçıvanın qorunmasının nəticəsi olaraq muxtar respublika yaradılıb. Bu günlərdə – yanvarın 7-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin sədrliyi ilə keçirilən müşavirədə aid təşkilatlara yubiley tədbiri ilə bağlı tapşırıqlar verildi.

AMEA Naxçıvan Bölməsinin kollektivi Tədbirlər Planına uyğun olaraq “Muxtariyyətin 100 ili: keçmişdən bu günə” beynəlxalq konfransın keçirilməsini, “Naxçıvan: muxtariyyət statusu və muxtar respublikanın təşkili” monoqrafiyasının yazılmasını, muxtariyyətin tarixi ilə bağlı tədqiqatların aparılmasını, “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda dəyirmi masaların keçirilməsini, AMEA Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikası: tarix və müasirlik” mövzusunda elmi konfransın təşkilini, “Naxçıvan Muxtar Respublikası – 100” mövzusunda tematik səhifənin yaradılmasını, “Naxçıvan Muxtar Respublikasının inkişafı” adlı uyğun ali təhsil müəssisələri ilə konfransın keçirilməsini, KİV-də Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı çıxışların təşkilini və digər məsələləri nəzərdə tutur. Hələlik, planlaşdırdığımız bunlardır. Yaxın günlərdə Tədbirlər Planına bir daha baxılıb əlavələrlə birgə təsdiq ediləcəkdir.

– Müsahibə üçün sağolun.

Güntac ŞAHMƏMMƏDLİ

 

Nəşr edilib : 16.01.2024 11:49