AZ EN RU

Akademik İsa Həbibbəyli: “Zəngəzur dəhlizinin astanasında bu festival-konqresin keçirilməsinin böyük ictimai-siyasi əhəmiyyəti var”

“Qərbi Azərbaycana qayıdış” festival-konqresi Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış ideyasından sonra həyata keçirilən ən möhtəşəm tədbirlərdən biridir. Tədbirin Naxçıvan Muxtar Respublikasında, xüsusilə də Batabat yaylağında keçirilməsi qayıdışın reallıqlarını həm məntiqi, həm də gerçək mənada ifadə edir. Hesab edirəm ki, Batabatda dünən festival-konqres çərçivəsində keçirilən toy, sözün əsl mənasında, Qərbi Azərbaycana qayıdışın real təntənəsidir.
Bu sözləri “Şərq qapısı”na Zəngəzur dəhlizinin astanasında müsahibə verən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli söyləyib.
Akademik deyib: “Qərbi Azərbaycana həsr olunmuş bu konqresdə 300 nəfərdən çox Azərbaycan alimləri müxtəlif mövzularda çıxışlar etdilər.  Bu, Qərbi Azərbaycana elmin qayıdışının çox böyük addımlarıdır. Hesab edirəm ki, konfransın materialları da çox ciddi, ilk böyük Qərbi Azərbaycan külliyyatı olacaq. Bütün bunlar Azərbaycan dövlətinin həyata keçirdiyi Qərbi Azərbaycana qayıdış konsepsiyasının, strategiyasının reallıq olduğunun, bu prosesin ölkəmizdə, ümumiyyətlə, milli mənəvi dəyərlərə, Azərbaycançılığa, Azərbaycanın bütövlüyünə qayıdışa bir əməli xidmətin ifadəsidir.  Naxçıvanda keçirilən festival-konqresdən çıxan əsas nəticələr bundan ibarətdir”.
“Zəngəzur dəhlizinin astanasında bu festival-konqresin keçirilməsinin böyük ictimai-siyasi əhəmiyyəti var. Azərbaycan Prezidentinin iradəsi ilə Zəngəzur dəhlizinin açılması istiqamətində tədbirlərin həyata keçirilməsinin reallığını bütün Azərbaycan cəmiyyəti, ziyalılar aydın şəkildə görürlər. Həm də buradan baxanda Zəngəzur dəhlizinin, doğrudan da, Avropa ilə Asiyanı, bizi əhatə edən dövlətləri birləşdirəcək, hamıya faydalı nəqliyyat qovşağı olacağı gözümüz önündə əks etdirilir. Bu Azərbaycan siyasətinin təntənəsidir, gerçəkliyidir. İnanıram ki, biz  ən yaxın zamanda Zəngəzur dəhlizindən keçib  Bakıya gedəcəyik və yaxud Bakıdan Naxçıvana gələcəyik”, – deyə AMEA-nın prezidenti əlavə edib.


Nail ƏSGƏROV

Nəşr edilib : 22.06.2024 20:19