AZ EN RU

Ailə təsərrüfatlarının sahibkarlığın inkişafındakı rolunun artmasında dövlət qayğısı mühüm amildir

Ailə təsərrüfatlarımız

    Fevralın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvan Biznes Mərkəzində növbəti dəfə muxtar respublika sahibkarları ilə görüşdü. Görüşdə “Sahibkarlığın inkişafından danışarkən ailə təsərrüfatları modeli xüsusilə qeyd olunmalıdır”, – deyən Ali Məclisin Sədri qeyd etdi ki, bu gün muxtar respublikada ailə təsərrüfatlarının inkişafı özünüməşğulluğu təmin etməklə yanaşı, həm də kiçik və orta sahibkarlığın inkişafına zəmin yaradır. Eyni zamanda özünüməşğulluq tədbirləri sırasında əhalinin aztəminatlı təbəqəsi aktiv əməyə cəlb edilir, dövlət tərəfindən bu kateqoriyadan olan ailələrə dəstək göstərilir. 
    Görüşdə səsləndirilən maraqlı faktlardan biri də o idi ki, ötən il kənd təsərrüfatının müxtəlif sahələri üzrə fəaliyyət göstərən 76 ailə təsərrüfatına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1 milyon 221 min manat dövlət maliyyə dəstəyi göstərilmiş, ailə təsərrüfatları 5000 ədəd 27 çeşiddə tara ilə təmin olunmuşlar.
    Tədbirdə Kəngərli rayonunun Çalxanqala kəndində şərab istehsalı ilə məşğul olan ailə təsərrüfatçısı Mətləb Dünyamalıyev demişdir: “Kəngərli rayonunun Çalxanqala kəndində ailə təsərrüfatçısı kimi çaxır emalı ilə məşğul oluruq. Təsərrüfatımıza göstərilən diqqət və qayğı fəaliyyətimizi daha da genişləndirməyə ruhlandırmış, ümumi dəyəri 50 min manat olan yeni çaxır emalı sahəsinin qurulması məqsədilə Sahibkarlığın İnkişafı Fonduna müraciət etmişik. Məhsulun müxtəlif ölçülərdə və dizaynda qablaşdırılması əmtəə görünüşünə də əlavə dəyər qatır. Artıq ailə təsərrüfatımız kiçik sahibkarlıq subyekti kimi formalaşmış, istehsal olunan məhsullarımızın “Xum çaxırı” əmtəə nişanı ilə satışı həyata keçirilir. Bir neçə ildir ki, məhsullarımız Naxçıvan şəhərindəki iri ticarət mərkəzlərində satışa çıxarılır, eləcə də sifariş əsasında Bakı şəhəri və Rusiyaya göndərilir. Ailəmizə məxsus həyətyanı sahədə bir çox meyvə, cəviz, badam ağacları əkmişik. Hazırda ailəmizə məxsus 1 hektardan çox üzüm bağımız var. Ən çox gəlir əldə etdiyimiz sahə üzümçülük olduğundan bu il də üstünlüyü bu sahəyə vermişik və yeni üzüm bağının salınması istiqamətində işlər aparırıq. Ötən il 200 litr üzüm arağı, 1500 litr isə çaxır istehsal etmişik. “Ailə təsərrüfatı məhsulları”nın satış yarmarkasına 200 litrdən çox çaxır çıxararaq satışını həyata keçirmişik. Təsərrüfatımıza ailə üzvlərimizlə yanaşı, əlavə işçi qüvvəsi də cəlb etmişik”. 
    Mətləb Dünyamalıyevin rəhbərlik etdiyi ailə təsərrüfatının fəaliyyəti haqqında indiyədək oxucularımıza bir neçə dəfə məlumat vermişik. Xatırladaq ki, bu ailə təsərrüfatı 2019-cu ildə “Aktiv ailə təsərrüfatı” müsabiqəsinin nəticələrinə görə I yerə layiq görülmüşdür. Yarandığı dövrdən keçən müddətdə daim inkişaf edərək keyfiyyətli məhsul istehsal etməyə çalışan və bu istəyinə də nail olan ailə təsərrüfatının hazırkı fəaliyyəti ilə bağlı məlumat almaq üçün yenidən həmin təsərrüfatda olduq. 
    Mətləb Dünyamalıyev bizimlə söhbətində bildirdi. Hazırda təsərrüfatımız yeni inkişaf dövrünü yaşayır. İstehsal etdiyimiz şərab məhsulları sifariş əsasında muxtar respublikamızdan kənarda da satışa çıxarılır və alıcılar tərəfindən rəgbətlə qarşılanır.  Buna görədir ki, məhsullarımıza tələbat getdikcə daha da çoxalır. Bu isə istehsal həcmini artırmaq məcburiyyətini qarşımıza qoyur. Buna görə də, ötən müddətdə həyətyanı sahəmizdə ümumi sahəsi 160 kvadratmetr olan yeni yardımcı təsərrüfat binası tikdik ki, buranı da, əsasən, emal sahəsi üçün nəzərdə tutmuşuq. Burada emal üçün iki ədəd çaxır çəni və şərabın saxlanılması üçün böyükölçülü  gil küpələr yerləşir. Digər yardımçı bölmədə isə məhsulun qablaşdırılması və etiketlənməsi həyata keçirilir. Ancaq işlərimiz tam olaraq yekunlaşmayıb, yeni binada əlavə işlərin aparılmasına, müəyyən avadanlıqların alınmasına, o cümlədən kommunikasiya xətlərinin başa çatdırılmasına zərurət var.  Buna görə də, maliyyə dəstəyi üçün Sahibkarlığın İnkişafı Fonduna müraciət etdik və müraciətimiz nəzərə alındı. 
    “Bəs məhsulun istehsal həcmini artırmaq üçün üzüm sahələriniz yetərlidirmi?” sualına isə sahibkar belə cavab verdi:
    – Əlbəttə, şərab istehsalını artırmaq tədarük etdiyimiz üzümün həcminin artırılmasını zəruri edir. Bunun üçün də üzüm sahələrini genişləndirməliyik. Hələlik bu il sahəni 0,3 hektar artırmağı nəzərdə tutmuşuq. Bildiyiniz kimi, bizim əkin sahələrimizdə, əsasən, şərab üçün istifadə olunan qara üzüm sortları yetişdirilir. Üzümlükləri artırmaq üçün isə sahənin suvarma suyu ilə təminatı, torpağın üzvi gübrələrlə zənginləşdirilməsi, əkilən üzüm tinglərinin beton dirəklərlə təmin olunması və sair böyük zəhmətlə bərabər, həm də maliyyə tələb edir. Buna görə də, bütün bu işləri, sadəcə, öz ailə büdcəmiz hesabına etməyimiz çətindir. Dövlətimizə minnətdarıq ki, fəaliyyətimiz üçün bizə hərtərəfli dəstək göstərir. Bir məsələni də vurğulamaq istəyirəm ki, bizim məhsulların qablaşdırılması, əsasən, digər ölkələrdə istehsal edilən şüşə qabların gətirilməsi ilə bağlıdır. Şükürlər olsun ki, dövlətimiz bu işlərdə də bizə hərtərəfli köməklik edir. Bu istiqamətdə indiyədək fəaliyyətimiz olub, yaxınlarda əlaqədar məhsul istehsalçıları ilə yenə də görüşlərimiz olacaq. Çalışacağıq ki, istehsal etdiyimiz məhsulların qablaşdırılmasında istifadə etdiyimiz qablar keyfiyyətli və ticari görünüşü baxımından cəlbedici olsun. Çünki keyfiyyətli qablaşdırma xarici bazarlarda ən çox diqqət yetirilən məsələlərdəndir.  
    Mətləb Dünyamalıyevlə təsərrüfatın gələcək fəaliyyəti ilə bağlı xeyli söhbət etdik. Gələcəkdə məhsul istehsalının artırılmasının Naxçıvanın şərabçılıq ənənələrinin təbliğinə, muxtar respublikada mətbəx turizminin inkişafına mühüm töhfələr verəcəyini bildirdik. O isə bunun yolunun yorulmadan çalışmaqdan, muxtar respublikada ailə təsərrüfatlarına göstərilən dövlət qayğısından layiqincə yararlanmaqdan keçdiyini bildirdi. 
    Bu gün muxtar respublikamızda ailə təsərrüfatlarına böyük dövlət qayğısı göstərilir. Onlara təsərrüfatlarını yaratmaq üçün lazımi yardımlar olunur,  istehsal etdikləri məhsulun satışı üçün hərtərəfli şərait yaradılır. Mətləb Dünyamalıyev kimi zəhmətkeş, öz işini bilən təsərrüfatçılar isə bu imkanlardan istifadə edərək milli iqtisadiyyatımızın inkişafına öz töhfələrini verməyə çalışırlar.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 10.02.2022 19:43