AZ EN RU

“Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin açılış konfransı keçirilib

   İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin açılış konfransı olub.
    Əvvəlcə qonaqlar xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub və Heydər Əliyev Muzeyində olublar. Burada qonaqlara ulu öndərin xalqımıza həsr etdiyi mənalı ömür yolu və parlaq siyasi fəaliyyəti haqqında məlumat verilib.

    Sonra tədbir Naxçıvan Biznes Mərkəzində layihənin açılış konfransı ilə davam edib. Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açıb. Qeyd edilib ki, ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən sosial-iqtisadi siyasət əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir, sosial siyasətin tərkib hissəsi olan dövlət qadın siyasəti də uğurla reallaşdırılır. Göstərilən diqqət və qayğının nəticəsində qadınların digər sahələrdə olduğu kimi, iqtisadiyyatın və kənd təsərrüfatının aparıcı sahələrində də bacarıqlarının ortaya qoyulmasına münbit şərait yaranır. Bu gün muxtar respublikada fəal əməklə məşğul olan və iqtisadiyyatın müxtəlif sahələrində işləyən əhalinin 33 faizini qadınlar təşkil edir.
    Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına, dövlət qayğısının nəticəsində qadın sahibkarların da sayı ildən-ilə artır. Hazırda muxtar respublikada sahibkarlıq fəaliyyəti ilə yanaşı, ailə təsərrüfatlarının inkişafına da böyük diqqət göstərilir. Xüsusi qayğıya ehtiyacı olan ailələr özünüməşğulluq proqramına cəlb edilir. Bu da ailə təsərrüfatlarının inkişafına öz təsirini göstərir. Təkcə 2021-ci il ərzində 330 ailə özünüməşğulluq proqramına cəlb olunub ki, bunun da 116-sı qadındır.
     Göstərilən qayğının nəticəsidir ki, ildən-ilə ailə təsərrüfatlarının sayı artır. Belə ki, hazırda 1209 ailə təsərrüfatı qeydiyyata alınıb ki, bunun da 98-i qadınlar tərəfindən idarə olunur.
    Çıxışda qadınların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün ötən 3 il ərzində icra olunan layihələrdən də bəhs edilib. Qeyd olunub ki, həmin layihələr çərçivəsində aztəminatlı və sağlamlıq imkanları məhdud olan 128 qadına maliyyə dəstəyi göstərilib. 
    Qeyd olunub ki, növbəti  layihənin əsas məqsədi Naxçıvan Muxtar Respublikasında yaşayan 50-dən artıq qadına və onların ailələrinə iqtisadi dəstək göstərilməsi, onların sahibkarlıq fəaliyyətinə təşviq edilməsidir. 
    Ramilə Seyidova göstərilən diqqət, qayğı və  yüksək dəstəyə görə layihə iştirakçıları adından dövlətimizə minnətdarlığını bildirib. 
    Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin sədr müavini Süleyman Kələşov çıxış edərək bildirib ki, “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsi Azərbaycan Mikromaliyyə Assosiasiyasının Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi 4-cü layihəsidir. 2018-ci ildən bu günədək 386 qadın müxtəlif layihələrdən bəhrələnib, ümumilikdə, 128 qadın 86 256 manat dəyərində sərmayə kapitalı alaraq sahibkarlıq fəaliyyətlərinə başlayıb. Diqqətə çatdırılıb ki, belə layihələrin icrası qadın sahibkarlığının inkişafına böyük təsir göstərməklə yanaşı, dövlətin qarşıya qoyduğu iqtisadi məqsədlərin reallaşmasında da əhəmiyyətli rol oynayır.
    İlk dəfə Naxçıvanda olduğunu qeyd edən İsveçrənin Azərbaycan Respublikasındakı səfirinin müavini, Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının Regional direktorunun müavini Alberto Hernandez 2011-ci ildə İsveçrə prezidentinin muxtar respublikaya səfərini xatırladıb və ölkələrimiz arasındakı müxtəlif sahələr üzrə səmərəli əməkdaşlıqdan bəhs edib. 
    Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva bildirib ki, layihələrin icra olunmasında əsas məqsədlərdən biri qadınların potensiallarından maksimum istifadə etməklə makro və mikro sahibkarlıqda qadınların rolunun artırılmasına təkan verməkdir. Həmçinin bu cür təşəbbüslər ölkədə məşğulluğun artırılmasına da əlavə imkanlar yaradır.
    Sonra Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova tərəfindən “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin təqdimatı olub.
    Çıxış edən qonaqlar göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlıqlarını bildiriblər.
    Tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikasının 2021-ci ildəki sosial-iqtisadi inkişafından bəhs edən film nümayiş olunub və Naxçıvan Biznes Mərkəzində muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri, müəssisələr, istehsal edilən məhsullardan ibarət sərgiyə baxış olub.
    Tədbirin sonunda İsveçrənin Azərbaycan Respublikasındakı səfirinin müavini, Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının Regional direktorunun müavini Alberto Hernandezin “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin iştirakçıları  ilə görüşü olub.

Gülcamal TAHİROVA

Nəşr edilib : 01.03.2022 20:30