AZ EN RU

Ailə qanunvericiliyinin aktual məsələlərinə həsr olunmuş beşgünlük təlim başa çatıb

    Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində tələbələr üçün “Ailə qanunvericiliyinin aktual məsələləri” mövzusunda beşgünlük təlim başa çatıb. 
    Tələbələrin hüquqa dair biliklərini daha da təkmilləşdirmək, eləcə də bu sahəyə olan marağını artırmaq məqsədilə keçirilən təlimdə Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri iştirak edib. Əvvəlcə tələbələr məhkəmənin müxtəlif strukturlarında iş şəraiti,  Ali Məhkəmədəki kitabxana ilə tanış olub, onları maraqlandıran suallar cavablandırılıb. Tələbələrə məhkəməyə daxil olan sənədlərin, cinayət, mülki, inzibati və sair işlərin, materialların qeydiyyatı, rəsmiləşdirilməsi, formalaşdırılması, göndərilməsi və vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında ətraflı məlumat verilib.
    Növbəti gün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşları tərəfindən tələbələrin ailə qanunvericiliyi barədə nəzəri biliklərinin təkmilləşdirilməsi istiqamətində çıxışlar edilib. 
    Keçirilən təlimin növbəti günündə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, kommersiya kollegiyasının sədri Əhliman Xıdırov “Ailə qanunvericiliyinin aktual məsələləri” barədə tələbələrə təlim keçib, təlimdə tələbələr ailə qanunvericiliyinin ümumi xarakteristikası, ailə mübahisələri üzrə işlərə tətbiq edilməli olan qanunvericilik aktlarının dairəsi, həmin qəbildən işlərə baxılması zamanı formalaşmış vahid məhkəmə təcrübəsi barədə məlumatlandırılıb, tələbələri maraqlandıran suallar hakim tərəfindən cavablandırılıb, mövzu ətrafında tələbələrin iştirakı ilə qarşılıqlı müzakirə aparılıb.
    Sonrakı gün tələbələrin ailə qanunvericiliyinin tətbiq dairəsinə daxil olan işlər üzrə məhkəmə iclaslarında iştirakları təmin olunub.
    Layihənin sonuncu günü Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev tələbələrlə görüşüb. O, ölkədə aparılan hüquqi islahatların tərkib hissəsi kimi məhkəmə orqanlarında çalışacaq yüksək peşəkarlığa malik, layiqli və humanist kadrların formalaşdırılmasının vacibliyini vurğulayıb. Qasım Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarının gələcəyin fəal, təşəbbüskar, vətənpərvər ruhlu kadrlarının yetişdirilməsi istiqamətində atılmış əhəmiyyətli addımlardan biri olduğunu bildirib, həyata keçirilən tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb.
    Tədbirdə kommersiya kollegiyasının sədri Əhliman Xıdırov, universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekan müavini Abbas Əhmədov çıxış ediblər. 

 Naxçıvan Muxtar Respublikası
 Ali Məhkəməsinin mətbuat xidməti

 

Nəşr edilib : 29.04.2022 21:22