AZ EN RU

Ailə, qadın və uşaq hüquqlarının qorunması diqqətdə saxlanılır

     Naxçıvan Muxtar Respublikası  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2023-cü ilin avqust ayı ərzində qarşıya qoyulmuş vəzifələrin icrası diqqətdə saxlanılır.
    Ötən ay ailələrin hüquqlarının qorunması, sosial problemlərinin öyrənilməsi və həll edilməsi diqqətdə saxlanılmışdır. Belə ki, Şərur rayonunun Yuxarı Daşarx kəndində yaşayan xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud Həsənovlar ailəsinə baş çəkilmiş, onların problemləri ilə maraqlanılmış və ailəyə ərzaq payı verilmişdir.
    Komitə Babək Rayon İcra Hakimiyyəti ilə birgə Sirab kəndində “Qız övladlarımızı gələcəyin Azərbaycan qadını kimi böyüdək”, Şahbuz Rayon İcra Hakimiyyəti ilə birgə Şahbuz şəhərində “Bərabər dayanıqlı ailə planlaşdırılması uğursuz nikahların qarşısını alan əsas faktorlardandır”, Səhiyyə Nazirliyi və Kəngərli Rayon İcra Hakimiyyəti ilə birgə Kəngərli rayon Xok kəndində “Həyata ilk addım ana südündən başlayır”, Ədliyyə Nazirliyi və Şərur Rayon İcra Hakimiyyəti ilə birgə Şərur rayonunda “Ailə mübahisələrinin hüquqi tənzimlənməsi” mövzularında və Culfa rayonunda fəaliyyət göstərən uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətlə bağlı müvafiq sahəyə məsul şəxslərin iştirakı ilə maarifləndirici tədbirlər, eyni zamanda 80 qadın arasında müvafiq mövzu ilə əlaqədar 5 müddəadan ibarət sorğu keçirilmiş, maarifləndirici broşürlər paylanılmış, tədbirlərdən 200 nəfər yararlanmışdır. Bundan əlavə, komitə və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda Babək rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir. 
    Komitə sədri Ramilə Seyidova Kəngərli rayon Şahtaxtı kənd sakinləri ilə görüş keçirmişdir. Görüş zamanı vətəndaşların müraciətləri dinlənilmiş, komitənin səlahiyyətləri daxilində qanunamüvafiq baxılmışdır. Komitə Babək Rayon İcra Hakimiyyəti ilə birgə “Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə Qahab kəndində yaşayan evliliklərinin 50 illiyi tamam olan Qasımovlar ailəsində tədbir keçirib. Tək qadınların və ailə başçısı olan qadınların peşəyönümlü fəaliyyətə yönləndirilməsi ilə bağlı Naxçıvan şəhəri, Babək və Culfa rayonları üzrə 2-si kompüter istifadəçisi, 2-si bərbər-manikürçü peşə təhsilinə yiyələnməsi üçün 4 qadının məlumatları aid nazirliklərə göndərilmiş, sərmayə kapitalı verilmiş 3 qadının yaşadığı ünvanda və təsərrüfat sahəsində sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı monitorinq keçirilmiş, heç bir nöqsan aşkarlanmamışdır.
    Ailə-məişət zəminində cinayət və digər hüquqpozmaların qarşısının alınması məqsədilə Culfa və Şahbuz rayon Polis idarəsi tərəfindən qeydiyyatda olan 2 münaqişəli ailə ilə profilaktiki söhbət aparılmış, Babək rayonunun Yarımca kəndində yaşayan aztəminatlı ailənin üzvü olan gənc qızlar və qadınlar üçün dekorativ-tətbiqi sənətin bədii tikmə sahəsinin öyrənilməsi ilə bağlı təlim keçirilmiş, 1 istedadlı qadının 160 manat dəyərində 26 əl işi satılmışdır.  
    Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən uşaq əməyindən istifadə hallarının qarşısının alınması məqsədilə keçirilən monitorinqlər zamanı 15 yetkinlik yaşına çatmayanın əməyindən istifadə halları aşkarlanmış, müvafiq tədbirlər görülərək aktlaşdırılmış, uşaq əməyindən istifadəyə şərait yaradan valideynlər və digər qanuni nümayəndələrlə qanunamüvafiq söhbətlər aparılmış, bu kimi halların qanunazidd olduğu onların diqqətinə çatdırılmışdır.
    Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan bir uşağın yaşadığı ünvanda monitorinq keçirilmiş, uşaq hüquq və mənafelərinin pozulması halı aşkar olunmamışdır. Əlavə olaraq avqust ayı ərzində himayəyə verilmiş valideyn himayəsindən məhrum olmuş 1 uşağın qeydiyyatı aparılmışdır.
       Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 22-31 avqust 2023-cü il tarixlərdə Xəzər rayonu Mərdəkan qəsəbəsində 13-16 yaş arası xüsusi kateqoriyalı ailələrdən olan qızlar (şəhid və qazi övladları daxil olmaqla) üçün təşkil olunan “Qızlarla irəli” adlı “Yay düşərgəsi”ndə muxtar respublikadan olan 5 uşağın iştirakı təmin edilmişdir.  

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 05.09.2023 18:13