AZ EN RU

Ailə, qadın və uşaq hüquqları qorunur

    Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması iyul ayı ərzində diqqətdə saxlanılmış, təlim, monitorinq və  səyyar sərgi-satışlar təşkil olunmuşdur.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən muxtar respublikanın turistik mərkəzlərində, o cümlədən “Xan Çinar” İstirahət Mərkəzində, Batabat yaylağında, “Saat Meydanı” Turistik İstirahət Mərkəzində, “Dübəndi” ailəvi istirahət məkanında istedadlı qadınların əl işlərindən ibarət səyyar sərgi-satışlar təşkil edilmişdir. Keçirilən səyyar sərgi-satışlarda muxtar respublikanın yeraltı və yerüstü sərvətlərindən istifadə edilərək hazırlanmış sənətkarlıq nümunələri, müxtəlif yerli və təbii daşlardan hazırlanan bəzək əşyaları, toxuma, tikmə, dekorativ iş, muncuq, gips, mis və duzdan hazırlanan əl işləri, taxta üzərində oyma, taxta üzərində yandırma, xalça, dekorativ, tikmə tablo, həmçinin muxtar respublikanı tərənnüm edən sulu və yağlı boya ilə işlənmiş tablolar, olmaqla, 31 istedadlı qadının 1382 manat dəyərində 230 əl işi satılmışdır. Həmçinin hesabat dövründə qadınların özünüməşğulluğunun təmin edilməsi məqsədilə onların əl işlərinin satışına köməklik göstərilmiş, muxtar respublikada fəaliyyət göstərən əl işləri mağazalarında, ümumilikdə,      9 istedadlı qadının 903 manat dəyərində 65 əl işi satılmışdır.

    Ötən ay sağlamlıq imkanları məhdud şəxslərin və evdar qadınların məşğulluqlarının təmin edilməsi məqsədilə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsi iştirakçılarına sərmayə kapitalının verilməsi ilə bağlı tədbirlər görülmüşdür. Sərmayə kapitalı alacaq qadınların məşğul olacağı sahələr üzrə siyahı hazırlanmış və Azərbaycan Mikromaliyyə Assosiasiyasına təqdim edilmişdir. Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə qadınlar arasında müqavilələrin bağlanması və sərmayə kapitalının köçürülməsi məqsədilə layihə iştirakçıları tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rayon idarələrinə müraciət olunaraq VÖEN-nin alınması, həmçinin “Naxçıvanbank” ASC-nin və “Kapital Bank” ASC-nin rayon filiallarında bank hesablarının açılması prosesi həyata keçirilməkdədir. 
    Hesabat ayında Ordubad şəhərində yaşayan, xüsusi qayğıya ehtiyacı olan Əliyevlər ailəsinə baş çəkilmiş, onların problemləri ilə maraqlanılmış və ailəyə ehtiyaclarına uyğun köməklik göstərilmişdir. İyul ayında “İrriqasiya və drenaj sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində muxtar respublikada həyata keçiriləcək işlərlə əlaqədar Asiya İnkişaf Bankı tərəfindən seçilmiş Fransanın SOFRECO və Banqladeşin BETS şirkətlərinin sosial və gender məsələləri üzrə yerli mütəxəssisi İlahə İlyasova ilə komitədə görüş keçirilmişdir. 
    Şahbuz rayonunda yaşayan xüsusi qayğıya ehtiyacı olan və istedadlı qadınlar üçün dekorativ-tətbiqi sənətin bədii tikmə sahəsinin öyrənilməsi ilə bağlı təlim keçirilmişdir. Naxçıvan Muxtar Respublikasında tək və ailə başçısı olan qadınların peşəyönümlü fəaliyyətə yönləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi ötən ay da davam etdirilmişdir. Müvafiq kateqoriyadan olan qadınlarla əlaqə saxlanılaraq peşə növləri haqqında ətraflı məlumat verilmiş, peşə təhsili alması ilə əlaqədar 6 qadının məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinə göndərilmişdir.  “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” və digər müvafiq layihələr çərçivəsində sərmayə kapitalı verilmiş 5 qadının iş yeri və təsərrüfat sahəsində sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı monitorinq keçirilmiş, nöqsan aşkarlanmamışdır.
    Naxçıvan Muxtar Respublikasında xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunması məqsədilə         1 uşaq reabilitasiya müəssisəsində, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 1 və xüsusi qayğıya ehtiyacı olan 1 uşağın evində monitorinqlər keçirilmiş, uşaq hüquqlarının pozulması hallarına rast gəlinmə­mişdir. Həmçinin muxtar respublikada yaşayan 10 sağlamlıq imkanları məhdud uşağın məktəb və məktəbəqədər təhsil müəssisələrinə cəlbi ilə bağlı evlərində monitorinq keçirilmiş, 2 uşaq məktəb, 5 uşaq isə məktəbəqədər təhsil müəssisəsinə cəlb edilmişdir. Hesabat dövründə hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum 5 uşağın himayə və ya qəyyumluğa verilməsi ilə bağlı məlumatların komitədə qeydiyyatının aparılması təmin olunmuşdur. 

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri 
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 18.08.2022 17:55