AZ EN RU

Ailə planlaşdırılmasının əhəmiyyətindən danışılıb

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı "Təbliğat-100" layihəsi çərçivəsində “Ailə planlaşdırılması uğursuz nikahların qarşısını alır” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
22 may 2024-cü il tarixdə Babək rayonunun Kərimbəyli kəndində təşkil olunan  maarifləndirici tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova mövzunun əhəmiyyətindən danışıb, ailə planlaşdırılmasının sağlam həyat tərzinin formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova ölkəmizdə həyata keçirilən dövlət ailə, qadın və uşaq siyasəti, eləcə də ailə dəyərlərinin yaşadılmasının əhəmiyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. Aytən Məmmədova qeyd edib ki, planlaşma yolu ilə qurulan ailələr daha möhkəm və dayanıqlı olur. Belə ailələr bir-birinə hörmət və məhəbbət ruhunda yaşayır, çətinliklər də meydana çıxanda birgə həll edirlər. 
Komitənin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva təqdimatla çıxış edərək ailədə bərabərliyin, dayanıqlılığın necə olmasından, bərabər və dayanıqlı ailə planlaşdırılmasının yollarından və əhəmiyyətindən bəhs edib. Dayanıqlı ailədə ailə üzvləri arasında güclü bağlılığın, qarşılıqlı hörmətin, ünsiyyət və həmrəylik hisslərinin mövcudluğunun var olduğunu vurğulayan Yaqut Abbaszadə, erkən nikah və onun fəsadları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, ölkəmizin gələcək inkişafında gənclərin sağlam ruhda formalaşdırılmasının xüsusi əhəmiyyəti vardır.
Diskussiya xarakterli tədbirdə iştirakçılarla fikir mübadiləsi aparılıb, yazılı sorğu keçirilib. Müvafiq mövzularda  maarifləndirici broşürların paylanıldığı tədbirdən 70 nəfər yararlanıb. 

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 22.05.2024 15:29