AZ EN RU

"Ailə mübahisələrinin hüquqi tənzimlənməsi" mövzusunda maarifləndirici seminar keçirilib

30 avqust  2023-cü il Şərur şəhərində keçirilən maarifləndirici seminar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. Seminarı giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamal İsmayılov  iştirakçılara mövzunun mahiyyəti və əhəmiyyəti barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva “Ailə institutlarının formalaşmasında tərəflərin rolu” mövzusunda çıxış edib.  Ölkəmizdə ailə institutlarının milli düşüncə tərzi üzərində qurulmasından ətraflı bəhs edən K.Babayeva qanunvericilikdə ailədə tərəflərin rolunu müəyyən edən əsas müddəaları diqqətə çatdırıb.
Sonra Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti aktları bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən, kiçik ədliyyə müşaviri Reyhanə Əsgərova“Qanunvericilikdə ailə faktoru”ndan bəhs edərək, bildirib ki, respublikamızda ailə dövlət tərəfindən qorunur və himayə edilir. Qanunlarımız ailənin cəmiyyətdəki layiqli mövqeyinə təminat yaradır. Dövlətin bu sahədəki siyasətini özündə ehtiva edən Ailə Məcəlləsində isə Azərbaycan Respublikası Konstitusiyasında ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edilib.
“Ailə mübahisələrində mediasiya institunun əhəmiyyəti və nikahın davam etdirilməsi şərtləri”ndən Naxçıvan Mediasiya Təşkilatının mediatoru Orxan Abbasov danışıb. Ailə münaqişələrinin həllində mediasiya prosesindən, bu prosesin məhkəmə prosesindən fərqli tərəfləri və üstün xüsusiyyətləri barədə məlumat verib, ər-arvad münasibətlərinin tənzimlənməsi və kompromis yaratmağın yolları, şərtləri və nəticələrindən bəhs edib. Qeyd olunub ki, mediasiyaya müraciət edilmiş ailə münaqişələrinin əksəriyyəti sülh (barışıq) müqaviləsinin bağlanması ilə nəticələnir.
Sonda sakinləri maraqlandıran suallar cavablandırmış, onları narahat edən məsələlərə aydınlıq gətirilib.

Naxçıvan Muxtar Respublikası

 Ailə, Qadın və Uşaq Problemləri

üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 30.08.2023 15:34