AZ EN RU

Ailə milli-mənəvi dəyərlərimizin yaşadıldığı ocaqdır

Mənəvi dəyərlərə əsaslanaraq qurulan Azərbaycan ailəsi kiçik dövlət kimi milli-mənəvi dəyərlərin qorunmasında və gələcək nəsillərə ötürülməsində xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda belə dəyərlərə söykənərək qurulan ailə modeli möhkəm təməllər üzərində olur.

Azərbaycanda hər zaman ailə dəyərləri hər şeydən üstün tutulub. Xalqımızın bu gün var olması, onun öz milli-mənəvi dəyərlərinə bu qədər möhkəm bağlanması bunun bariz nümunəsidir. Ona görə də gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsi günün reallığı, Vətənini, millətini və dövlətini sevən, onun üçün canını fəda edən gəncliyin formalaşması da bunun ifadəsidir.

Atalarımız deyib ki, ailə kiçik bir dövlətdir. Bu da sirr deyil ki, ailələrin davamlığının başlıca şərtlərindən biri mehribanlıq və hörmətdir. Nə qədər ki, kişi və onun qadını arasında qarşılıqlı hörmət, böyük-kiçik yeri bilinirsə, deməli, həmin ailə möhkəm təməl üzərində qurulub. Onu da unutmayaq ki, ailədə ata, ana bir-birlərinə qayğı göstərirsə, həmin ailədə mehriban övladlar böyüyəcək.

Ailə bağlarının möhkəm olması üçün kişi ilə qadın bir-birlərinə güzəştə getməyi bacarmalıdırlar. Bu zaman isə uzunömürlü və nümunəvi bir ailə formalaşdığının şahidi olacağıq.

O da vurğulanmalıdır ki, ailənin sağlam şəkildə inkişafı üçün “kiçik dövlətin” hər bir üzvünün hüquqlarına hörmətlə yanaşılmalıdır. Onlar arasında hörmət, güvən, sədaqət, mərhəmət hissləri aşılanmalı, ailənin davamlı olması üçün kişi və qadının birgə mübarizə aparması mütləqdir .

Azərbaycanda ideal ailə modelinə sahib şəxsiyyətlərdən biri Ulu Öndər Heydər Əliyev olubdur. Dahi Lider hər zaman qazandığı uğur və nailiyyətlərin arxasında ailəsinin dayandığını bildirərək deyirdi: “Gənc yaşlarımda mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Ümummilli Liderin bizə miras qoyduğu bu zəngin irsi layiqincə davam etdirir. Ölkə başçısı nitqlərinin birində deyib: “Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur. Ənənəvi dəyərlər bizim üçün ən böyük sərvətdir. Çünki biz görürük ki, dünyanın müxtəlif yerlərində ənənəvi dəyərlər gözdən salınır, bizim üçün yad olan, milli təfəkkürümüzə uyğun olmayan yeni dəyərlər aşılanır. Biz özümüzü və xüsusilə gənc nəslimizi bu yad və bəd təsirdən qorumalıyıq. Ona görə də hesab edirəm ki, ənənəvi dəyərlərin, ailə dəyərlərinin təbliğ edilməsi hamımızın işi olmalıdır. Xalqımızın yaşaması üçün, mənliyinin, qürurunun qorunması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır”.

Biz də gənc nəslin nümayəndəsi olaraq bu adət-ənənələrdən örnək götürərək bəhrələnməliyik.

Mədəni və sağlam təməllər üzərində qurulan ailə bağları möhkəm olar. Belə ailələri birləşdirən isə təkcə qan bağı yox, sevgi, hörmət və bir-birini başa düşmə qabiliyyətidir. Ona görə də gəlin ailə olarkən təməli  möhkəm  bağlarla quraq.

                                             Bülbül QULİYEVA

Nəşr edilib : 15.05.2024 10:32