AZ EN RU

Ailə birliyinin, halal zəhmətin şirin bəhrəsi

    Muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafı istiqamətində görülən ardıcıl tədbirlər hesabına müxtəlif sahələr üzrə ailə təsərrüfatlarının fəaliyyəti genişlənib. 2019-cu ilin muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “Tədbirlər Planı”nın icrası istiqamətində aparılan məqsədyönlü tədbirlər, müasir texnologiyaların tətbiqi, subsidiyaların və güzəştli şərtlərlə kreditlərin verilməsi bu illər ərzində yeni ailə təsərrüfatlarının yaradılmasında, ailə təsərrüfatlarında istehsal olunan məhsulların artırılmasında mühüm rol oynayıb. Həmçinin Naxçıvan şəhərində mütəmadi olaraq keçirilən ailə təsərrüfatı məhsulları festivalları ailə təsərrüfatçılarının istehsal etdikləri məhsulların tanınması və satışında mühüm əhəmiyyət kəsb edir. 

    Növbəti festivala hazırlaşan ailə təsərrüfatçıları ilə həmsöhbət olduq. 
    Şərur rayonunun təcrübəli təsərrüfatçılarından olan Aşağı Aralıq kənd sakini Cəfər Muxtarov uzun illərdir ki, öz həyətində hazır­ladığı bir-birindən faydalı dərman bitkilərini, həmərsindən, zirincdən əldə etdiyi kompot, doşab və digər məhsulları satmaqla dolanışığını təmin edir. Yaşı 60-a çatmış müsahibimizin dediklərindən: – Məhsullarımızın keyfiyyəti daim alıcıların razılığına səbəb olur. Ona görə ki, bizim məhsullarımız bu yerlərin saf havasından, münbit torpağından qidalanan bitkilər hesabına ərsəyə gəlir. Onları alıb istifadə edənlər yenidən bizə müraciət edirlər. Kəndimizin çəmənlərində, eyni zamanda daşlı-çınqıllı yerlərində yetişən zirinc və həmərsin təsərrüfatımızda ən çox istifadə etdiyimiz müalicəvi giləmeyvələr sırasındadır.  

    Onların faydalarını saymaqla bitməz. Biz bir çox xəstəliklərin müalicəsi üçün zirincdən istifadə edirik. Noyabr-dekabr aylarında yetişən zirincin meyvəsi çox turşdur və içərisində uzunsov açıq-sarı rəngə çalan çəyirdəyi var. Kəndimizin dağlarında onun iki növü – ağ və qırmızı növləri geniş yayılıb. Ondan doşab, kompot, mürəbbə, mət və digər qida məhsullarının hazırlanmasında istifadə edirik. Bu il keçiriləcək “Ailə təsərrüfatı məhsulları” festivalına da kifayət qədər zirinc, həmərsin və digər dərman bitkilərindən hazırladığımız, ümumilikdə, 10-dan çox çeşiddə məhsul satışa çıxaracağam. 

    Zəhmət adamlarına yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirən ailə təsərrüfatçısı onu da vurğuladı ki, səmərəli fəaliyyətinə görə 2017-ci və 2019-cu illərdə “Ailə təsərrüfatı məhsulları” festivalında fərqlənməyə layiq görülüb. Ona yaxından köməklik göstərən ömür-gün yoldaşı Fərqanə Muxtarova “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilib. 

    Babək rayonunun Naxışnərgiz kəndində yaşayan Qəzənfər Qurbanov çoxillik təcrübəsi ilə nəinki rayonda, muxtar respublikamızda öz sözünü deyən tanınmış təsərrüfat adamlarındandır. Əbəs yerə deyil ki, kənd bələdiyyə sədri kimi fəaliyyət göstərən Qəzənfər Qurbanov 2020-ci ildən Naxçıvan Muxtar Respublikası Ailə Təsərrüfatları İctimai Birliyinin sədr müavini kimi məsuliyyətli vəzifəni də üzərinə götürüb. Bölgədə heyvandarlığın inkişafına töhfələr verən ailə təsərrüfatçısının əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, 2019-cu ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adına layiq görülüb. Bizimlə söhbət zamanı zəhmətlə, əməklə ucalmağın, birgəliyin, həmrəyliyin üstünlüklərindən danışır, fəaliyyəti haqqında məlumat verir: – Atalarımızdan gözəl bir deyim var: “Tək əldən səs çıxmaz, güc birlikdədir”. Bəli, istənilən sahədə uğur qazanmağın yeganə yolu məhz birgə əməkdən, gərgin zəhmətdən keçir. 15 il bundan öncə həyat yoldaşıma dedim ki, bir istiqamətdən başlayıb özümüzə gün-güzəran yaratmalıyıq. Çoxlu götür-qoy etdikdən sonra bazarın tələblərini, yurdumuzun coğrafi şəraitini də nəzərə alaraq qarşımıza məqsəd qoyub bu zəhmətsevər yola çıxdıq. Təbii ki, heyvandarlığa, əkinçiliyə yeni başlayan digər təsərrüfatçılar kimi biz də çətinliklərlə az qarşılaşmadıq. Ancaq dövlətimizin hərtərəfli dəstəyi, torpaqlarımızın münbitliyi, suvarma suyu cəhətdən rahatlıq zəhmətimizin hədər getməsinə imkan vermədi. Zaman ötdükcə təsərrüfatımız böyüdü, inkişaf etdi. Hazırda 800-ə yaxın xırdabuynuzlu, 8 baş iribuynuzlu heyvan bəsləyirik. Bundan başqa, 5 hektar ərazidə taxıl əkini də həyata keçiririk. Gündəlik işlərdə həyat yoldaşım Mədinə xanım, övladlarım Nail və Natiq yaxından köməklik edirlər. 
    Təcrübəli təsərrüfatçı qeyd edir ki, qoyunçuluğun inkişafında əsas məsələ, təbii ki, geniş, əlverişli otlaq sahələrinin mövcudluğudur. Bu mənada, muxtar respublikamızın dağlıq və dağətəyi bölgələri köməyimizə yetişir. Elə ki, yaz-yay ayları yurdumuza qədəm qoydu, mal-heyvanı götürüb üz tuturuq səfalı guşələrimizdən sayılan Ordubada. Artıq bir neçə ildir ki, ilin həmin dövrünü rayondakı Xələcli yurdunda keçiririk. Orada oba qurur, necə deyərlər, ailəlikcə məskən salırıq. Bol otlaq əraziləri, sərin dağ havası istehsal etdiyimiz məhsulların həm kəmiyyətinə, həm də keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Həmin məhsullar içərisində alıcı istəkləri baxımından seçilən pendir, qatıq, şor, kərə, qurudun adını çəkə bilərəm. Həmçinin payızda kəsdiyim heyvanların ətindən “Naxçıvan qovurması” da hazırlayırıq. Artıq bir neçə ildir ki, muxtar respublikamızda keçirilən festivallar istehsal etdiyimiz məhsulların alıcılıq qabiliyyətinin artmasına imkan verib. Mütəmadi olaraq həmin festivallarda iştirak edirik. Növbəti “Ailə təsərrüfatı məhsulları” festivalına da cidd-cəhdlə hazırlaşmışıq. Festivala “Naxçıvan qovurması”, qurud, qoyun, inək pendiri, şor, kərə, qatıqaşı, yun çıxarmağı nəzərdə tutmuşam. İnanıram ki, ötən illərdə olduğu kimi yenə məhsullarımızı sərfəli qiymətə satıb ailə büdcəmizi zənginləşdirə biləcəyik. Fürsətdən istifadə edib babəkli təsərrüfatçılar adından yaradılan əlverişli şəraitə, göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edir, festival iştirakçılarına uğurlar arzulayıram. 
    Bu gün Ordubad rayonunda kifayət qədər təcrübəli ailə təsərrüfatçıları vardır. Onlardan biri ilə, Yuxarı Əndəmic kənd sakini, ailə təsərrüfatçısı Aslan Rüstəmovla həmsöhbət olduq. Onun dediklərindən: – Muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirilir, ailə biznesinin qurulması diqqətdə saxlanılır. Bu gün muxtar respublikamızda ailə təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq istəyən hər bir şəxs üçün geniş imkanlar yaradılıb. Həmçinin təsərrüfat sahiblərinin istehsal etdikləri məhsulların satışını təşkil etmək məqsədilə yarmarkalar keçirilir, festivallar təşkil olunur. Mən də yaradılan imkanlardan səmərəli istifadə edərək belə tədbirlərdə yaxından iştirak edirəm. Naxçıvan şəhərində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında mütəmadi olaraq iştirak edir, oraya müxtəlif çeşidli mürəbbələr, turşular, şirniyyatlar, qurudulmuş meyvələr, dərman bitkilərindən istehsal edilmiş müalicəvi araqlar, doşablar və digər yüksəkkeyfiyyətli məhsullar çıxarırıq. Əsas məqsədimiz ev şəraitində istehsal olunan məhsullarımızla yaşayışımızı təmin etmək, eyni zamanda əhalinin tələbatının yerli istehsal hesabına ödənilməsinə töhfəmizi verməkdir. Bu işdə ailə üzvlərimiz mənə dəstəkdir. Bu il yoldaşım Banuçiçək İsmayılova Naxçıvanda keçirilən “Kətə” festivalında II yerə layiq görülüb. Çalışacağıq ki, istehsal sahəmizi genişləndirək, gördüyümüz işlə qazandığımız alıcı rəğbətini qoruyub saxlayaq. 
    Culfa rayonunun Kırna kən­d­in­dən olan Fatma Əliyeva deyir ki, ailəmiz kəndimizdəki əksər ailələr kimi kənd təsərrüfatı ilə məşğul olur: – Uşaqlıqdan bu sahənin içində olmuşam və bu bizim həyat tərzimizə çevrilib. Zaman keçdikcə məşğul olduğumuz təsərrüfat sahələrini genişləndirməyə, bu işi daha dərindən mənimsəməyə çalışmışıq. Artıq istənilən növdə məhsul hazırlayırıq: müxtəlif növ meyvə və göyərti qurusu, meyvə mürəbbələri, ağartı məhsulları və digər məhsullar. Yalnız bunları deyil, eyni zamanda hazırlanması xüsusi diqqət tələb edən məhsullar, məsələn, çaxır, doşab, sirkə kimi məhsullar da istehsal edirik. Artıq 5 ildir ki, keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında iştirak edirəm. Bu festivallar bizə həm məhsullarımızı tanıtmaq, həm də onların satışını təşkil etməyimizdə xeyli kömək olur. Təsərrüfat adamlarına dövlət qayğısı və diqqəti yalnız bununla yekunlaşmır, həm də bizə öz təsərrüfatımızı daha yaxşı təşkil etmək üçün güzəştli kreditlər də verilir. 
    Hər il mütəmadi olaraq festivallarda yaxından iştirak edən Fatma Əliyeva onu da bildirdi ki, “Ailə təsərrüfatı məhsulları” festivalının, “Kətə” festivalının qalibi olub. Belə tədbirlərin təşkili məsuliyyətimizi ilbəil artırmaqla, bundan sonra da ailə təsərrüfatçılarına davamlı dəstək göstərilməsinə öz müsbət təsirini artırır.
    Ailə təsərrüfatçısı, Şahbuz rayonunun Ayrınc kənd sakini Aygün Mahmudova uzun illərdir, ailəsi ilə birlikdə təsərrüfatla məşğul olur. Müsahibimiz deyir: – 2018-ci ildən bəri muxtar respublikada təşkil edilən müxtəlif festivallarda iştirak edirəm, həmin il “Kətə” festivalında diplomla təltif olunmuşam. Bu il də keçiriləcək “Ailə təsərrüfatı məhsulları” festivalında bir çox çeşiddə məhsullar nümayiş etdirəcəyik. Bunların arasında süd, qatıq, şor, kərə, xama, pendir və qoz, fındıq, badam, turşu, mürəbbə, müalicəvi dərman bitkiləri – çobanyastığı, qantəpər, kəklikotu, yarpız, əvəlik, ələyəz kimi məhsullar olacaq. Ailə büdcəmizi istehsal etdiyimiz məhsulları sataraq ödəyirik. Məhsullarımız keyfiyyətli və münasib qiymətə olduğundan alıcılar tərəfindən rəğbətlə qarşılanır. Muxtar respublikamızda ailə təsərrüfatlarına göstərilən diqqət və qayğı bizim də ailə təsərrüfatçısı kimi məşğulluğumuzun təmin edilməsində, istehsal etdiyimiz məhsulları artırmaqda bizə böyük stimul olub. Yaradılan bu şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığımızı bildiririk. 
    Yazıdan da göründüyü kimi, ailə təsərrüfatçılarımızın hər biri festivalda iştiraka hazır­laşıb. Məlumat üçün bildirək ki, festivala muxtar respublika üzrə 496 ailə təsərrüfatı tərəfindən 560 növdə 48 min 523 ədəd qablaşdırılmış məhsul çıxarılması nəzərdə tutulur. Elə isə siz də bu gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində diyarımızın zəhmət adamlarının ərsəyə gətirdikləri məhsullarının nümayiş etdirildiyi növbəti “Ailə təsərrüfatı məhsulları” festivalında iştiraka tələsin. İnanın, buna peşman olmayacaqsınız...

Nail ƏSGƏROV
Məcid RƏŞADƏTOĞLU
Güntac ŞAHMƏMMƏDLİ 
Bülbül QULİYEVA
Aysel YUSİFZADƏ

Nəşr edilib : 03.11.2022 21:10