AZ EN RU

“Ahıllar Evi”ndə Novruz şənliyi

    Naxçıvan Musiqi Kollecinin kollektivi Novruz bayramı münasibətilə Şahbuz rayon “Ahıllar Evi”ndə olub. Tədbiri giriş sözü ilə açan Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfail Babayev Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib. Novruz bayramının qədim adət-ənənələrindən birinin də yaşlıların ziyarət edilməsi olduğunu vurğulayan icra başçısı keçirilən tədbiri yüksək qiymətləndirib. 
    Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov çıxışı zamanı diqqətə çatdırıb ki, xüsusi qayğıya ehtiyacı olan ahıllar üçün konsert profilli tədbirlərin keçirilməsi və bayram günlərində onların ziyarət edilməsi təqdirəlayiqdir. Bildirilib ki, bu gün ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin daim diqqət mərkəzindədir. Ceyhun Cəlilov  çıxışının sonunda bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
    Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva çıxışı zamanı qeyd edib ki,  bayram ərəfəsində Ahıllar Evində bu tədbirin kollecin müəllim və tələbə heyəti tərəfindən keçirilməsi qürurverici haldır. Məhəbbət Babayeva ahılların hər zaman gənclər tərəfindən belə əziz günlərdə yad edilməsinin xoş hal olduğunu vurğulayıb.
    Daha sonra Ahıllar Evinin sakinləri üçün hazırlanmış hədiyyələr təqdim edilib, kollecin instrumental ansamblının hazırladığı konsert proqramına baxış olub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 17.03.2023 20:14