AZ EN RU

AHİK sədrinin müavini gənc atleti qəbul edib

Yanvarın 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev “Atletika üzrə 40-cı Qış Ölkə Çempionatı”nda 2 bürünc medal qazanan gənc atlet Əmrah Nağıyevi qəbul edib.
Şura sədri bildirib ki, ölkəmizdə idmanın inkişafına göstərilən xüsusi diqqətin nəticəsidir ki, idmançılarımız respublikamızda, eləcə də ondan kənarda ölkəmizi layiqincə təmsil edirlər. 
Yanvarın 29-da Respublika Olimpiya Mərkəzində keçirilən "Atletika üzrə 40-cı Qış Ölkə Çempionatı"nda Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sponsorluğu ilə Naxçıvan idmançısı Əmrah Nağıyev 1500 m (4:23.08 dəqiqə) və 3000 m (09:45.83 dəqiqə) məsafəyə qaçış yarışlarında çıxış edib. Təmsilçimiz hər iki məsafədə üçüncü olmaqla 2 bürünc medal qazanıb. 
Bildirilib ki, muxtar respublikada yeniyetmə və gənclərin bu cür idman yarışlarında qazandığı nailiyyətlər bizi sevindirir.
Gənc atlet Əmrah Nağıyev göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Qeyd edək ki, gənc idmançı noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına maliyyə dəstəyi ilə bağlı müraciət edib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin tapşırığına əsasən gənc atletin bütün xərcləri şura tərəfindən ödənilib.

Nəşr edilib : 30.01.2024 17:30