AZ EN RU

AHİK sədri Səttar Möhbalıyev Babək rayonunda sakinlərlə görüşüb

Yanvarın 20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Babək rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov rayon mərkəzindəki Heydər Əliyev prospektində Ulu Öndərimizin əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Babək rayon Şəhidlər Memorial-Abidə Kompleksinə gələrək 20 Yanvar şəhidlərinin xatirəsi anılıb, qəhrəman Vətən övladlarının əziz ruhlarına dualar oxunub.

Daha sonra Babək rayon sakinləri ilə çay süfrəsi arxasında səmimi görüş keçiriblər. Əvvəlcə Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra AHİK sədri çıxış edərək 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinin müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcəyini bildirib, sakinləri seçkilərdə öz azad iradələrini ifadə etməyə, fəal olmağa çağırıb.

Görüşdə çıxış edən rayon sakinləri fevralın 7-də seçki məntəqələrinə gedərək öz səslərini müstəqil şəkildə ifadə edəcəklərini bildiriblər.

Nəşr edilib : 20.01.2024 15:16