AZ EN RU

“Ağız-Diş Sağlamlığı Mərkəzi” publik hüquqi şəxsin yaradılması bu sahədə xidmətin keyfiyyətini artıracaq

    Bu gün tibbi xidmətin keyfiyyətcə müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Verdiyi bütün vədlərə həmişə sadiqlik göstərən, hər bir azərbaycanlının Prezidenti olduğunu əməli işi ilə təsdiqləyən dövlət başçısı cənab İlham Əliyev dahi rəhbərin müəyyənləşdirdiyi strateji siyasət kursunu səhiyyə sistemində də layiqincə davam etdirir. Səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş Dövlət proqramlarının həyata keçirilməsi xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin həcminin artmasına, xəstələrin dərmanla təchizatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan vermişdir.
    Son illər ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində müşahidə olunan uğurlu inkişaf muxtar respublikada digər sahələr kimi səhiyyəni də əhatə edir. Dövlət qayğısının ildən-ilə artırılması səhiyyə sistemini dövrlə ayaqlaşan, qlobal dəyişikliklərə cavab verən və tərəqqi edən bir sahəyə çevirməkdədir. Ötən dövr ərzində aparılan genişmiqyaslı islahatlar çərçivəsində Naxçıvan Muxtar Respublika Xəstəxanası, Diaqnostika Müalicə Mərkəzi, Doğum Mərkəzi, Duzdağ Fizioterapiya, Kardioloji, Onkoloji, Yoluxucu Xəstəliklər, Gigiyena və Epidemiologiya mərkəzləri, Psixi və Ağciyər Xəstəlikləri dispanserləri, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək Rayon Mərkəzi xəstəxanaları, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Naxçıvan Uşaq Bərpa Mərkəzi, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi, Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi, kəndlərdə həkim ambulatoriyaları və feldşer-mama məntəqələri tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Ümumilikdə, son illər ərzində 266 səhiyyə obyektinin tikilərək və ya yenidən qurularaq istifadəyə verilməsi muxtar respublikada səhiyyə sahəsində görülən işlərin əsas göstəricisidir. Artıq bir neçə aydır ki, ölkə başçısı tərəfindən muxtar respublikada aparılan islahatlar səhiyyə sahəsini də əhatə edib. Ötən aylar ərzində Naxçıvan səhiyyəsində bir çox yeniliklərə imza atıldı, Naxçıvan Doğum Mərkəzi Perinatal Mərkəzə, Stomatoloji Mərkəz isə Ağız-Diş Sağlamlığı Mərkəzinə çevirildi. 
    Yeni yaradılan “Ağız-Diş Sağlamlığı Mərkəzi” publik hüquqi şəxs barədə həmsöhbətim muxtar respublikanın baş stomatoloqu Azər Həsənovdur. Həkim bildirdi ki, bu mərkəz  əhaliyə göstərilən stomatoloji xidmətin daha da yaxşılaşdırılmasına köməklik göstərmək məqsədilə yaradılıb. Mərkəz 5 şöbədən ibarət olacaq. Bunlar Cərrahiyə, Uşaq stomatologiyası, Ortodontik, Ortopedik və Radioloji şöbələrdir. Bu şöbələrdən ikisi, Uşaq Stomatologiyası və Cərrahiyyə şöbələrinin daha da inkişaf etməsinə təkan verəcək. Müsahibim onu da qeyd edir ki, indiyə kimi ağız sağlamlığı ilə bağlı bir çox əməliyyatları yerinə yetirmək üçün Bakı şəhərinə və ya qardaş Türkiyə Respublikasındakı xəstəxanalara müraciət edənlərin sayını azaltmaq, əhaliyə yerində və keyfiyyətli xidmət göstərməsi bu mərkəzin yaradılmasını zəruri etdi. Rayonlarda yaradılacaq regional bölmələrimizə cəlb ediləcək savadlı kadrlar bu sahədə insanlara göstərilən tibbi xidmətin səviyyəsini artıracaq. Həkim onu da xüsusilə qeyd edir ki, indiyə kimi laqeydlik ucbatından rayon mərkəzi xəstəxanalarında və kənd ambulatoriyalarında diş texniki diplomu ilə həkim kimi çalışan şəxslərin ucbatından neçə-neçə pasiyent əziyyət çəkib. Dişin düzgün müalicəsini və çəkilməsini bacarmayan həkimlər bəzən çənə sümüyünün qırılması, bəzi xəstəliklərin yaranması kimi pis hallara səbəb olublar. Muxtar respublika əhalisinin sağlamlığı naminə artıq həmin qeyri-peşəkarların fəaliyyətinə xitam verilib. Pasiyentlərə regional mərkəzlərdə daha təcrübəli həkimlər xidmət edəcək.  
    Mərkəzdə kadr çatışmamazlığını aradan qaldırmaq üçün hansı tədbirlər görüləcəyi barədə də danışan Azər həkim qeyd etdi ki, kadr çatışmamazlığını aradan qaldırmaq üçün Naxçıvan Dövlət Universiteti və Naxçıvan Tibb Kollecinin birgə təşkilatçılığı ilə stomatologiyaya aid baza hissəsi gücləndiriləcək, bundan əlavə, Bakı şəhərindən müəllim və professor heyəti dəvət olunacaq və qardaş ölkə olan Türkiyədə təşkil ediləcək kuslarda iştirak təmin olunacaq ki, bu da gələcəkdə kadr potensialının daha da möhkəmləndirilməsinə köməklik göstərəcək.
    Müsahibim onu da bildirir ki, mərkəz müasirtipli avadanlıqla təchiz ediləcək, burada yeni aparatlar quraşdırılacaq. Naxçıvan Muxtar Respublikasında ilkin olaraq Sefolometrik və 3D formatlı panoram rentgen cihazı ilə təchiz olunması mərkəzə müraciət edən xəstələrə düzgün diaqnozun qoyulmasına köməklik göstərəcək. Uşaqlara göstərilən stomatoloji xidmətin yaxşılaşdırılması mərkəzdə uşaqlar üçün yeni stomatoloji kabinələr yaradılacaq, onlar üçün yeni stomatoloji qurğular və uyğunluq sertifikatına cavab verən xüsusi dərman, stomatoloji alətlərlə təchiz olunacaqdır.
    Sağlam olmaq bəşər övladının ən ali arzularından biridir. Bu haqda söhbət gedəndə ilk olaraq yada xəstəxanalar düşür. Son illərdə muxtar respublikamızın şəhər, rayon və kənd mərkəzlərində istifadəyə verilən xəstəxana binaları, həkim ambulatoriyaları, tibb məntəqələri, onların təcrübəli kadrlarla, ən müasir texnologiyalarla təmin edilməsi, bir sözlə, səhiyyənin inkişafı istiqamətində aparılan islahatlar dövlətimizin insan amilinə diqqət və qayğısından xəbər verir. İnanırıq ki, yeni yaradılan Ağız-Diş Sağlamlığı Mərkəzi də bu sahədəki dövlət siyasətinin qarşıya qoyduğu vəzifələri uğurla yerinə yetirməklə muxtar respublika sakinlərinə yüksək səviyyədə xidmət göstəriləcək. 

Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 06.07.2023 20:26