AZ EN RU

Ağdam “Qafqazın cənnəti”nə çevriləcək

    Azərbaycanın qədim və çox böyük tarixə malik şəhərlərindən biri olan Ağdam Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Füsunkar təbiətli, məhsuldar torpaqlı bu şəhərin adı qədim türk dilində “kiçik qala” deməkdir. Bu da keçmişdə sözügedən ərazidə yaşayan türkdilli qəbilələrin özlərini müdafiə etmək üçün tikdikləri kiçik qalalarla bağlı olub. XVIII əsrin birinci yarısında qarabağlı Pənahəli xanın Ağdamda ağ daşdan tikdirdiyi imarət kənd sakinləri üçün simvola çevrilib və bu mənada, “Ağdam” həm də Günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev mənasını verib. Digər versiyalara görə isə Ağdam – ağ Adəm, ilk insan mənasını verməklə dünyanın ən qədim yaşayış məskənlərindən biri sayılır. Ağdam ərazisindəki Qarqar çayı boyunca məskunlaşan qarqarlar Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğu prosesində mühüm rol oynayıblar. Tədqiqatlar onu deməyə əsas verir ki, ilk qədim insanlar rayon ərazisində Eneolit dövründə yaşayıb, əkinçilik, maldarlıq, dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrlə məşğul olub, maddi-mənəvi abidələr yaradıblar. 

    Ağcabədi, Tərtər, Bərdə, Kəlbəcər, Əsgəran və Xocavənd, həmçinin Füzuli rayonları ilə həmsərhəd olan Ağdam rayonunda işğaldan əvvəl 143 min insan yaşayıb.
    Tarix, mədəniyyət, elm və təhsil mərkəzi kimi diqqəti cəlb edən bu torpaq Xudu Məmmədov, Sara Qədimova, Qədir Rüstəmov, Arif Babayev və başqa böyük sənətkar­ları, elm-mədəniyyət xadimlərini yetişdirib. Üzərliktəpə abidəsi, Sarı Musa türbəsi, Pənahəli xanın və onun nəslinin Ağdam şəhərindəki imarəti, Şahbulaq qalası, Ağdam Cümə məscidi, Çörək Muzeyi və digər tarixi-memarlıq abidələri, yaşayış məskənləri, sərdabələr, kurqanlar, ziyarətgahlar Ağdamın qədim Azərbaycan torpağı olduğunu sübut edir. Kənd təsərrüfatı üçün yararlı torpaqlara sahib olan rayonun ərazisindən Qarqar və Xaçın çayları axır. Əvvəllər müxtəlif sənaye sahələrinin inkişaf etdirildiyi Ağdam strateji əhəmiyyətli şəhər kimi də diqqəti cəlb edib. 
    Qarabağa gedən yolların Ağdamdan keçməsi mənfur düşmənlərimizin işğalçılıq niyyətlərini daha da alovlandırırdı. Və təsadüfi deyil ki, onların torpaqlarımıza təcavüzünün ilk qığılcımları da məhz Ağdamdan başlandı. 1992-ci ilin sentyabrında Abdal-Gülablı kəndini tutan düşmən 1993-cü il iyul ayının 23-də ağdamlıların uzunmüddətli mübarizəsinə baxmayaraq, Ağdamı işğal etdi. Rayonun 73 faiz ərazisini işğal edən mənfur düşmən qədim yurdumuzu talan etdi. Neçə kəndi, yaşayış binasını, sənaye və tikinti müəssisəsini, məktəb binasını, səhiyyə mərkəzini, mədəniyyət ocağını, teatrı, məscid və muzeyləri, tarixi abidələri vandalizm siyasətinin qurbanına çevirdi. Ağdamın payına neçə-neçə şəhid, sağlamlıq imkanları məhdud şəxs, qaçqın, məcburi köçkün düşdü. Müstəqil Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra ağdamlılarla keçirdiyi hər bir görüşündə onların bir gün doğma yurdlarına qayıdacaqlarına inam hissi yaradırdı... Ulu öndər Ağdam və ağdamlılar haqqında deyirdi: “Ağdamlılara mənim daim xüsusi hörmətim və qayğım olubdur. Hələ 70-ci illərdə mənim burada işlədiyim zaman Ağdama nə qədər çox diqqət göstərilmişdir. Ağdamda nə qədər böyük işlər görülmüşdür – həm şəhərin qurulması, yaradılması, həm qəsəbələrin abadlaşdırılması, həm Ağdamın iqtisadiyyatının inkişaf etdirilməsi baxımından. Ağdamın iqtisadiyyatı o illərdə çox yüksək sürətlə inkişaf edirdi. Ağdam rayonu o vaxt bizim ən varlı rayonlarımızdan biri idi. Çünki Ağdamın çox gözəl torpağı var, çox gözəl təbiəti var, çox fədakar, zəhmətkeş insanları var. Ağdam Azərbaycanın inkişafında çox böyük rol oynamışdır. Ağdamdan olan insanlar Azərbaycanın elmini, mədəniyyətini inkişaf etdirmişlər. Azərbaycanın dövlət orqanlarının yaradılmasında, inkişaf etdirilməsində fəal iştirak etmişlər. Bu da həm ağdamlıların sərvətidir, həm də bütün Azərbaycan xalqının sərvətidir”. Ulu öndərimizin siyasətini layiqli şəkildə davam etdirən ölkə başçısının qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması və onların məskunlaşma, məşğulluq problemlərinin həlli üçün qəbul etdiyi Dövlət proqramları ağdamlıları da əhatə etmiş, onlara dövlət tərəfindən hər cür qayğı göstərilmişdir. 
    İnternetdən Ağdamın fotoşəkillərinə baxsanız, onun nə üçün “Qafqaz Xirosiması” və “Ruhlar şəhəri” adlandırıldığını görəcəksiniz. Ağdam vəhşi, amansız erməni vandalları tərəfindən xarabazarlıq, viran edilmişdi. Ağdam turistlər arasında maraqdoğuran 20 ruhlar şəhərindən biri kimi dünyaya tanıdılmış, yer üzündən silinmiş şəhərlər siyahısında yer almışdı. Lakin bu artıq tarixdə qalıb. Ağdam artıq azaddır. Ağdam rayonu 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsində işğaldan azad edildi. Prezident cənab İlham Əliyevin 2020-ci il noyabrın 20-də Ağdamın işğaldan azad olunması münasibətilə xalqa müraciətində dedi: “Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız”. Bununla da ağdamlıların illərdir, çəkdikləri torpaq həsrəti bitdi, qəm, kədər göz yaşlarını sevinc göz yaşları əvəz etdi. 
    2020-ci il noyabrın 23-də dövlətimizin başçısı iyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda üçrəngli bayrağımızı qaldırdı. Sonra dövlətimizin başçısı Ağdam məscidinin qarşısında çıxış edərək erməni vandallığının iç üzünü buradan bir daha dünyaya çatdıraraq dedi: “Bu gün Ağdam şəhərini dağılmış vəziyyətdə görmək çox ağrılıdır. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın...” 2021-ci il mayın 28-də Prezident cənab İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak etmiş, bununla da Ağdamın bərpa və quruculuq dövrü başlanmışdır. Ölkə başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə hamı üçün maraqlı olan bu fikirlərə diqqəti çəkmişdir: “Onsuz da biz Ağdamı alacaqdıq. Şuşa – alınmaz qala götürüləndən sonra mənim göstərişimlə növbəti istiqamət Ağdam oldu. Mən indi bunu deyə bilərəm. Artıq biz elə bil ki, arxa hissədən gələrək erməni qruplaşmasını mühasirəyə alıb tam məhv edəcəkdik. Çox güman ki, Ermənistan tərəfi də bunu dərk edib və artıq ağ bayraq qaldırmağa məcbur olub, bizim qarşımızda diz çöküb... Biz Ağdamı bir güllə atmadan, bir şəhid vermədən azad etdik və bu gün buradayıq və bundan sonra əbədi burada olacağıq”.
    Həmin gün Ağdam şəhərində 1 nömrəli məktəbin, Ağdam Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun, böyük meşə sahəsinin təməli qoyuldu. İmarət kompleksinin bərpası ilə əlaqədar işlərə start verildi. Şəhərin müasir standartlara, müasir tələblərə uyğun inkişaf planına əsasən burada İşğal muzeyi və Zəfər muzeyi, kanallar, körpülər, süni göllər yaradılacaq. 
    2022-ci il fevralın 13-də Ağdam rayonuna yenidən səfər edən dövlətimizin başçısı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak etdi. Sonra ölkə Prezidenti Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoydu. Daha sonra Ağdam Cümə məscidində bərpa-restavrasiya işlərinin gedişi ilə tanış oldu və 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının da təməlini qoydu. Bu il oktyabrın 4-də ölkə başçısı yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olub. Sonra Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Agdam mehmanxanasının təməlqoyma mərasimləri olub. Dövlətimizin başçısı Pənahəli xanın Sarayı və İmarət kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində iştirak ediblər.
    Bu gün Ağdamda həyata keçirilən tədbirlər tam əminlik yaradır ki, keçmişdə “Qafqaz Xirosiması” adlandırılan Ağdam gələcəkdə “Qafqazın cənnəti”nə çevriləcək və bütün dünya üçün örnək şəhər olacaq. 

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 18.11.2022 20:11