AZ EN RU

Adını əbədiyaşarlıq və ucalıqdan alan irfan məbədgahı – Heydər Məscidi - FOTOLAR

    Bütün bəşəriyyəti pak surəti ilə xəlq edən Uca Yaradan sanki bu yerlərin insanlarına fərqli gözəllik bəxş edib, onlara qəhrəmanlıq, ucalıq, mübarizlik verib. Hər zaman tarixi, mədəniyyəti, incəsənəti ilə öyünsün deyib. Bu elin insanlarının qulaqlarına ana yurda, torpağa, Vətənə bütün mənəviyyatları ilə bağlı olsunlar deyə hikmət dolu sözlər söyləyib. Bəlkə, elə buna görədir ki, kainat ikinci həyatın pərvərişini bu torpaqdan götürüb, əziz və mehriban Allah Nuh Peyğəmbəri bu diyara çatdırmaqla min illərin Naxçıvanını Nuhçıxan məmləkəti olaraq dünyaya tanıdıb, adı dillərdə gəzib, sözü-söhbəti ümmanların məcrasını aşaraq Şərq mədəniyyətinə yetişib. Bu yerlərin insanları İlahinin təqdiri ilə qurub-yaradıb, Memar Əcəmi ucalığı bu məmləkətin gözəlliyindən ilhamlanıb, Məmməd Səid, Mirzə Cəlil, Hüseyn Cavid ruhu, Bəhruz Kəngərli duyğusu, mənəviyyatı və qarşısında dayandığım bu irfan məbədgahına – Heydər Məscidinə ucalıq, mübarizlik adını verən Heydər Əliyev dühasından yoğrulub bu yurdun mayası, qayəsi.

    Hər gün minarələrindən ucalan azan sədası ilə minlərlə insanın qəlbini riqqətə gətirir, yaşlı, gənc, uşaq demədən üzərində Rəhman və Rəhim olan Allahın adı yazıldığı qapılarını insanların üzünə açır Heydər Məscidi. Yüzlərlə müsəlman bu ümid ocağından, pənah yerindən ovuclarını açır Xaliq dərgahına, xalqımızın, millətimizin əmin-amanlığı, rəşadətli Ordumuzun mübarizliyi, yenilməzliyi, dövlətimizin gücü, qüdrəti üçün hər şeyin ən yaxşısını, ən gözəlini istəyir Uca Yaradandan. Qafqaz coğrafiyasının ən böyük ibadət məkanlarından biri olan Heydər Məscid kompleksi həm də dilindən, dinindən, irqindən asılı olmayaraq, hər kəsi eyni qonaqpərvərliklə qarşılayır, öz ehtişamı, Naxçıvan memarlıq məktəbinin bütün çalarlarını özündə ehtiva edən quruluşu ilə görənləri valeh edir. “Heydər Əliyev İli”ndə, 15 İyun – Milli Qurtuluş Günündə istifadəyə verilən məscid qeyri-adi arxitekturası və memarlıq üslubu ilə diqqəti çəkir. Naxçıvanqala tarixi abidəsinin yaxınlığında, Nuh Peyğəmbərin məzarüstü abidəsinin sağ hissəsində Şərq memarlıq məktəbi üslubunda ucaldılan bu yeni məscid kompleksinin ümumi ərazisi 82 min 250 kvadratmetrdir. Məscidin minarələrinin hündürlüyü 38, günbəzlərinin hündürlüyü isə 14 metrdən artıqdır. Binanın daxilində müqəddəs “Qurani-Kərim”dən ayələr həkk olunub. Burada eyni vaxtda 5 min nəfər ibadət edə bilər. Ümumilikdə, üç hissədən – əsas və iki köməkçi məsciddən ibarət olan abidənin ərazisində kişilər və qadınlar üçün ayrıca ibadət və dəstəmaz otaqları və mərasim evləri yerləşir. Kompleksin ərazisində Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura üçün inzibati binalar da tikilib.
    Mövzumuzu daha müfəssəl işıqlandırmaq üçün məscidin qazısı, Naxçıvan Muxtar Respublikası Qazısı Yanında Şuranın sədri Hacı Sahib Məmmədovla həmsöhbət oluruq. Müsahibimiz söhbətə ilk əvvəl gördüyü, şahidi olduğu ötən əsrin qanlı-qadalı hadisələrindən, habelə həmin illərdə mövcud hakimiyyətin milli-mənəvi və dini dəyərlərimizə göstərdiyi biganəlikdən söhbət açır bizə. Onun söhbətini dinlədikcə bir daha insana agah olur ki, xalqımız necə mürəkkəb hadisələrin, çətinliklərin girdabından üzüağ çıxıb. Bir tərəfdən, necə deyərlər, qılıncını siyirib soydaşlarımıza qan udduran sovet imperiyası, digər tərəfdən isə əmmaməli iblislərin müqəddəs dinimizə sırımaq istədiyi mövhumat və xurafatlar, habelə təziyə məclislərində atılıb-düşüb, baş yarıb, qan axıdıb, sözdə imam övladlarına matəm saxlayan cahil və savadsız insanların bu işlərə qol qoyması və bunun kimi sətirlərə sığmayacaq onlarla hadisələr dinimizi kor və topal hala salmışdı... 
    Hacı Sahib Məmmədov söhbətimizə belə davam edir: – Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Elə günümüzdə də bu müsbət tendensiya özünü qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Bu da bir danılmaz faktdır ki, İslam dini bizim milli-mənəvi dəyərlərimizin ən önəmli faktorlarından biri hesab edilir. Azərbaycan xalqı 70 il kommunist rejimində ateist təbliğatın aparıldığı bir şəraitdə yaşasa da, heç zaman öz dini dəyərlərini unutmayıb, onları gizli də olsa yaşadıb. Hətta yaxşı xatırlayıram ki, ötən əsrin bir çox mətbuat orqanlarında, “Kirpi” jurnalında, “Mozalan” verilişində İslam dininin adət-ənənələri, möminlər, din xadimləri, mollalar ağır tənqid atəşinə tutulurdu. Bir kəsin dindar, yaxud ruhani olduğunu eşitdikdə insanların əksəriyyəti həmin adama savadsız, cahil gözü ilə yanaşırdı. Bu səbəbdən də müstəqilliyimizi bərpa etmədən öncə müqəddəs dinimizə, müqəddəs yerlərimizə qarşı süni maneələr, təzyiqlər yaradılırdı. Əgər sovetlərdən əvvəl Azərbaycanda çoxlu sayda məscid, mədrəsə fəaliyyət göstərirdisə, keçmiş SSRİ-nin dövründə ölkədə barmaq sayını keçəcək qədər məscid vardı. Hazırda, azad, müstəqil məmləkətimiz Azərbaycanda üç minə yaxın məscid fəaliyyət göstərir ki, onların hər biri xalqın və fərqli dinə mənsub olan hər bir insanın üzünə açıqdır. 
   Sahib müəllimlə kompleksin həyətində müxtəlif mövzuları müzakirə edə-edə məscidin içərisinə doğru irəliləyirik. Tam səmimi etiraf etmək lazımdır ki, hər guşəsində milli memarlıq nümunələrimizin yer aldığı kompleks böyük dəqiqlik və müfəssəl zövqlə işlənib. Məscidə daxil olduğumuz andan etibarən ətrafda hiss edilən pak müşk ətri isə insana tamam başqa zövq verir. Yerə döşənmiş pambıq kimi yumşaq, təmiz xalı, binanın daxili fasadlarına çəkilmiş rəngli boya və üzərində ərəb əlifbası ilə həkk olunmuş “Allah” yazıları mənəvi aramlıq bağışlayır bizə. Məscidin ən yuxarı hissəsində isə ruhani və din xadimlərinin əyləşməsi üçün minbər qoyulub. Fıstıq ağacından uzun bir vaxt ərzində hazırlanmış bu minbərin ideya müəllifi isə Naxçıvan ictimaiyyətinin yaxşı tanıdığı istedadlı dülgər, mərhum Akif usta olub. Böyük həvəslə işlədiyi bu sənət əsərini görməyə ömrü yetməsə də, minbərə tamaşa edən hər kəs onun ruhuna dualar oxuyur. Bununla yanaşı, hər bir divarında və daxili sütunları üzərində qızılı rəngli boylarla çəkilmiş ornomental naxışlar milli dəyərlərimizin qorunması baxımından xüsusi əhəmiyyətə malikdir.     Söhbətimizə böyük çil-çıraqla gur işığa qərq olmuş məsciddə davam edirik. Müsahibimiz dahi siyasi xadim Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin möhtəşəm şəkildə qeyd olunduğu bir ildə açılışı edilən bu kompleksi həm də Ulu Öndərin mənəvi irsinə töhfə kimi qiymətləndirir. Elə söhbətimizə də bu məqamdan körpü salırıq. Hacı Sahib Məmmədov deyir ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev hər bir sahədə olduğu kimi, dini ibadətgahlarımızın və abidələrimizin bərpası, onların yenidən inşası istiqamətində də bir yenilik etdi. Məhz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra yüzlərlə ibadətgah inşa olundu, bir çoxları yenidən bərpa edildi. Bir sözlə, dini dəyərlərimiz yenidən canlandı. Sovet rejimi tərəfindən dağıdılan “Bibiheybət” məscidi və ziyarətgahı məhz Ulu Öndər Heydər Əliyevin tapşırığı əsasında dövlət hesabına yenidən inşa olundu. Təsadüfi deyil ki, Ümummilli Liderimiz İslam dinini bizim milli-mənəvi kimliyimizin ayrılmaz bir hissəsi kimi qəbul edir və bildirirdi ki,  dinimiz xalqımızın milli-mənəvi sərvətidir. Söhbətimizin bu yerində dahi siyasi xadim Heydər Əliyevin milli-mənəvi dəyərlərimiz barədə söylədiyi yüksək fikirləri xatırlayıram: – Ümummilli Liderimiz bir zamanlar deyirdi: “Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlərboyu xalqımızın həyatında, yaşayışında, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz.  Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü dövlətimiz möhkəm təməl üzərində qurulub. Çoxəsrlik tarix, mədəniyyət üzərində qurulub. Milli-mənəvi dəyərlər bizim  üçün ən vacib məsələdir. Biz, təbii ki, ümumbəşəri dəyərləri bölüşürük. Ancaq bizim üçün başlıca dəyərlər öz milli Azərbaycan dəyərlərimizdir”.
    Müsahibimiz çox mühüm bir mövzuya – xalqımızın şərəf və ləyaqət rəmzinə çevrilmiş böyük Qarabağ Zəfərinə toxunaraq deyir ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə başlamış 44 günlük haqq savaşı həm də yaxşını yamandan seçmək üçün ilahinin göndərdiyi bir imtahan idi bizim üçün. Çünki düşmənin nə az, nə çox 30 ilə yaxın bir müddətdə məkrli istəklərini, güclü hesab etdiyi siyasətini cəmi 44 gün ərzində yerlə bir edən ordumuz həm də dünyaya bir nümunə oldu, müsəlman-türk dövlətinin həqiqi gücünü göstərdi. Bu savaş həm də sözdə müsəlman, əqidədə ermənipərəst olan qüvvələrin, necə deyərlər, iç üzünü ortaya çıxardı. Xüsusən də illərdir, dost libasında aramızda olub, düşmənlə bir süfrədə əyləşən İranın molla rejiminin mövqeyini açıqca bəlli etdi. Lakin bu gün bütün bir xalq olaraq Allaha şükürlər edirik ki, qalib ordumuz tezliklə qara buludları azad Vətən səmasından dəf etdi. Hətta qürur duyaraq deyirəm ki, İkinci Qarabağ müharibəsi yekunlaşdıqdan sonra tarixi torpaqlarımıza səfər edən ilk insanlar içərisində mən də olmuşam. O zaman hələ işğaldan azad olunmuş torpaqlarımızda görülən işlər bu qədər geniş arealı əhatə etməmişdi. Bu səbəbdən də erməni daşnaklarının yaratdığı faciələrin bütün çalarları bizim və bütün dünyanın gözü qarşısında idi. Bir dənə belə olsun tikilisindən əsər-əlamət qalmayan Ağdam, Azərbaycan mədəniyyətinin beşiyi, tarixin yaşıdı, düşmən vandalizminin qurbanı olan Şuşa, içərisi donuzların oylağına çevrilmiş Gövhərağa məscidləri və neçə-neçə bu cür mənzərələr sanki zamanı dondururdu, məkanı unutdururdu insana... Bu yolda qazilərimiz də oldu, şəhidlərimiz də. Xalqımız heç zaman onları unutmur, unutdurmur. Şəhidlərimizin doğum günlərində və vəfatlarının ildönümlərində bizim qurum da başda olmaqla muxtar respublikamızın bütün ictimaiyyəti, eləcə də rayonlarımızdakı bütün din xadimlərimiz bu cür qəhrəman övladlar böyüdən ailələrin görüşünə gedir, onların dərdlərinə şərik olur, mənəvi dəstək göstərir. Ötən günlərdə geridə qoyduğumuz Qurban bayramı ərəfəsində də bu mövzulara toxunduq, qılınan bayram namazında iştirak edənlərlə birlikdə Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı, xalqımıza, Vətənimizə əmin-amanlıq arzu etdik. 
    Söhbətimizin ən şirin yerində bu ehtişamlı ümid ocağından “Allahu Əkbər” sədası ucalır göyə. Budur, işindən tez-tələsik ayrılan hər kəs özünü namaz üçün, dua üçün yetirir irfan məbədgahına, bir-birləri ilə salamlaşır, ayaqüstü hal-əhval tutur, ardınca hər kəs sıra ilə pişnamaz arxasında Uca Yaradana ibadətə hazırlaşır. Birazdan hər qəlbdən bir niyyət, hər dodaqdan bir arzu, hər ovucdan bir dua, hər könüldən bir istək qalxacaq asimana, Rəhman və Rəhim olan Allahın dərgahına. Bu mənəvi mühitdən ayrılmadan biz də dualara şərik oluruq, əllərimizi münacata qaldırıb deyirik: – İlahi, bizə bəxş etdiyin bütün nemətlər üçün sənə sonsuz şükürlər olsun. Öz izzətin və sonsuz cəlalına xatir Vətənimizin,dövlətimizin millətimizin adını daim zirvələrdə qərar ver, ordumuzu müzəffər və qalib eylə, yurdumuza, elimizə dil uzadan düşmənin məkrli niyyətini qəlbində puç et,  həqiqətdən başqa heç nəyin qarşısında əyilməyən qələmimizi iti, sözümüzü kəsərli və ötkün eylə. Amin! 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 05.07.2023 20:10