AZ EN RU

Adı və dadı ilə tanınan Üstüpü kələmi

    Ulu ozanımız Dədə Qorqud deyirdi ki, torpağı qorumasan, əkib-becərməyə, əkib-becərməsən, qorumağa dəyməz. Bəli, torpağı qorumaq da, əkib-becərmək də böyük vətənpərvərlik nümunəsidir. Ona axıdılan tər, zəhmət insana yalnız xeyir-bərəkət gətirir...  

     Tərəvəz bitkiləri arasında əsas yerlərdən birini tutan kələm muxtar respublikamızda geniş sahələrdə əkilib-becərilir. Bunu şərtləndirən əsas amillərdən biri torpaq-iqlim şəraitinin əlverişli olmasıdır. Kələm yetişdirmək sahəsində Ordubad rayonunun Üstüpü kəndi, xüsusilə seçilir. Bu gün bazarda Üstüpü kələmi adla tanınır və satılır. Culfa-Ordubad magistral yolundan Düylün, Çənnəb, Üstüpü kəndlərinə yol ayrılır. Havası, suyu təmiz olan Üstüpünün insanları da zəhmətkeşdirlər. Bu kənd dövlətin qayğısı ilə müasirləşdirilib, kənd və xidmət mərkəzləri, təhsil ocağı, həkim ambulatoriyası istifadəyə verilib. Barlı-bərəkətli torpaqları olan Üstüpü kəndində əhali daha çox kartofçuluq, arıçılıq, bostançılıqla məşğul olur.

    Bostançılıq sahəsində peşəkarlaşan Üstüpü camaatının yetişdirdikləri kələm nəinki Naxçıvanda, ondan kənarda da tanınır. Turac Oruclu, Ülvi Məmmədli, Məhəmməd Fərzəliyev kimi təsərrüfatçılar onu əkib-becərir, yaxşı  gəlir əldə edirlər. Belə təsərrüfatçılar içərisində hələ cavan olmasına baxmayaraq, təsərrüfat sahəsində böyük təcrübəyə malik sahibkar Ziyad Kərimov, xüsusilə seçilir. 1985-ci ildə Üstüpü kəndində anadan olan müsahibim deyir: – Yaşadığımız yer kənd təsərrüfatı üçün əlverişli iqlimə malikdir. Uşaqlıqdan təsərrüfatla məşğuluq. Lakin 10 ildir ki, kələm əkib-becərməyə daha çox üstünlük verirəm, həmçinin kartof, lobya da təsərrüfatımıza xeyli gəlir gətirir. Bir neçə il olar ki, həyətimizdə kivi də yetişdirirəm.  

    Təcrübəli sahibkar ötən il qazandığı uğurlardan da danışır: – Ötən il 50 ton kartof, 200 tondan çox kələm əldə etdim. Bu il isə 3 hektar yarım sahədə kələm əkmişəm, 200 tondan çox məhsul əldə etməyi gözləyirəm. Hazırda təsərrüfatımızda 18-22 nəfər işçi çalışır. Həyətyanı sahədə əkdiyimiz kələmi isə artıq bazara çıxarmışıq.
    Muxtar respublikada kənd təsərrüfatı ilə bağlı daha bir yenilik edib Ziyad Kərimov.  Belə ki, sahibkar artıq qırmızı kələmin  istehsalı və bazara çıxarılması ilə də məşğuldur: – Qırmızı kələmin salat, turşu üçün əhəmiyyətini nəzərə alaraq təsərrüfatımda ötən ildən qırmızı kələm yetişdirməyə başlamışam. 
    – Üstüpü kələmi muxtar respublikamızda adla tanınır, onu digərlərindən fərqləndirən nədir? sualımın cavabında müsahibim deyir:  – Üstüpü kələmi daha kövrək olur. Kələm daha çox şehi, sərini sevir. Ümumiyyətlə, Üstüpünün torpağı kələm üçün münbit, əlverişli torpaqdır. Bu torpağın tərkibində mineral gübrələr çox olduğu üçün kələm yaxşı yetişir. Bir neçə il bundan əvvəl kələm əkdiyimiz ərazinin torpağını aparıb analiz ediblər və məlum olub ki,  onun tərkibində 900 adda mineral gübrə vardır. Yəni bu kələmin gübrəyə ehtiyacı yoxdur. Lakin üzvi gübrələrdən də istifadə edirik. 
    “Ziyadın kələmi Ordubadda adıyla tanınır”, – deyə təvazökarlıqla gülümsəyir müsahibim: – Ən üstün cəhətimiz odur ki, kələmin istehsalı ilə bağlı dərman preparatlarından istifadə etmirik. 
    Kələmi becərmə üsullarından danışan təsərrüfatçı deyir: – Kələmi becərmək üçün bütün aqrotexniki qaydalara riayət edirik. Vaxtlı-vaxtında karını vurur, suvarırıq. Həmçinin qurd düşməməsi, su vurmaması üçün normal qidalandırırıq.  Kənddə çox adam həyətyanı sahədə əkdiyi üçün şitili də elə orda becərir. Lakin mən yüz minlərlə kələm əkdiyim üçün şitili Kürdəxanı qəsəbəsində parnik sistemində yetişdirtdirib, oradan gətirirəm. Hava şərtlərinə görə burada yetişdirmək şansımız azdır. 
    Ziyad Kərimov qeyd edir ki, bir təsərrüfatçı-sahibkar kimi dövlət qayğısı ilə əhatə olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 26 dekabr Sərəncamı ilə “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilib. O, əməyinə verilən dəyərə, fəaliyyətinə göstərilən diqqətə, qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq etdi. 
     Qeyd edim ki, kələm bol miqdarda B, C və E vitaminləri, kalsium, kalium, dəmir, sink, fosfor, yod  kimi mineral maddələrlə zəngindir. Həmçinin şəkər, revmatizm və digər xəstəliklər üçün də faydalıdır. Kələm milli mətbəximizdə çox istifadə olunan məhsullardan biridir. Ondan hazırlanan dolma, borş, qovurma, çığırtma, kotlet kimi yeməklər, müxtəlif salatlar, turşular ilboyu ağız ləzzəti ilə yeyilir. Beləliklə, bərəkətli torpaqlarımızda yetişdirilən kələm və ondan hazırlanan məhsullar yerli bazarı təmin etməklə, əhalinin faydalı və ekoloji sağlam məhsula tələbatının ödənilməsində başlıca rol oynayır, onu yetişdirən insanların büdcəsinə gəlir gətirməklə gün-güzəranlarını yaxşılaşdırır.

 Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 05.09.2022 19:31