AZ EN RU

Adı ilə böyüsün övladlarımız

Birinci və İkinci Qarabağ müharibəsində bu xalq yüzlərlə can qurban edib bir qarış Vətən torpağı uğruna. Şəhidlərimiz öz qürurlu ölümüylə torpaqlarımızı, Vətənimizi qoruyub gələcək nəslin azad böyüməsinə, müstəqil olmasına təminat veriblər: bayrağımız qoy həmişə dalğalansın, torpaqlarımız işğaldan azad olunsun deyə.   Bəs biz nə etmişik şəhidlərimiz üçün? Ötən dövrdə neçə şəhid verib bu Vətən və bu illərdə dünyaya neçə körpə göz açıb? İgid eloğullarımızın hansısa biri şəhid olanda hansısa doğum evində bir körpənin dünyaya göz açmasının şahidi olmuşuq. Körpələrimizin dünyaya gəlişi ilə bir ailə sevinib, bir ananın üzü gülüb. Başqa bir evin övladı cəbhənin hər hansısa bir hissəsindən düşmənin hücumunu dəf edərkən şəhidlik zirvəsinə yüksəlib. O gecə göz açan körpəyə dünyadan köçən igidin adını verib, onun adını yaşatsaq, şəhidimizin o qəmli anasının da ürəyinə sakitlik gətirmiş olarıq.

Təkcə son beş ildə 20436 körpəyə Yusif, 19925 körpəyə Əli, 8922 körpəyə Məhəmməd və 8497 körpəyə Ömər adı ­verilib. Son 4 il və bu ilin ilk ayında, ümumilikdə, 7296 oğlan uşağına Uğur, 7156 uşağa isə Əli adı verilib. Amma gəlin görək uşağın valideynlərindən “Bu adı nə səbəbə oğlunuza vermişiniz?” soruşsaq, necə cavab alarıq? Ya babasının adıdır, ya da ki hansısa teleserialdakı qəhrəmanın. Ən yaxın keçmişə, ötən üç ilə, Vətən müharibəsi və antiterror əməliyyatlarındakı döyüşlərə qayıdaq. 44 günlük müharibədə ordumuz gücümüzü təkcə düşmənə yox, bütün dünyaya nümayiş etdirdi. İtkisiz döyüş olmur. Cəsur döyüşçülər Əli Əliyev, Əli İbrahimov, Əli Bayramov kimi igid oğullar da onların sırasında idi. Son dörd ildə Əli adı verilən 7156 uşaqdan heç olmasa birinin daşıdığı adın bu cəsur oğulların adı ilə bağlı olduğunu bilməsi ona nə qədər qürur verər.

Görün nə qədər Murad, Fərid, Raquf, Qabil, Malik, Elnur, Elçin, Adil, Əlilər itirmişik bu müharibə illərində. Amma biz hələ də övladlarımıza teleseriallarda gördüyümüz qəhrəmanların, hansısa şəhərin, “Titanik” gəmisi batanda sevdiyi qadını xilas edən, qəhrəmanlıq edən aktyorun adını veririk. Onlara tanımadığımız insanların adlarını deyil, torpaq uğrunda canını qurban verib bayrağımızı Şuşada, Laçında, Xankəndidə dalğalandıran, alnımızdakı məğlub xalq sözünü silib əvəzində öz qanları ilə qalib xalq yazan, düşməni lərzəyə gətirən oğullarımızın adlarını versək, övladımız daha vətənpərvər ruhda böyüyər. Bu gün daşıdığı adı ondan əvvəl daşıyan insanın necə bir cəsur döyüşçü olduğunu, Vətəni üçün canından keçdiyini bilib, fəxr hissi ilə daşıyar adını. Gəlin yeni doğulan körpələrimizə Vətən uğrunda canından keçən şəhidlərin adını verək. Bir idisə, min olub yaşasın Azərbaycan igidləri. Qoy düşmən qorxsun Mübarizin, Fəridin, Muradın, Camalın, Adilin adıyla böyüyən oğullardan. Oğlunu itirmiş şəhid anası ağlamasın. Oğlunun adını daşıyan balaların o ada layiq igid olduğunu görsün.

Ta qədimdən “Kitabi-Dədə Qorqud” dastanında tayfada dünyaya göz açan körpəyə böyüyüb boya-başa çatanda etdiyi igidliyə görə ad verirdilər. Adıyla böyüsün deyirdilər. Adıyla böyüsün balalarımız. Gələcəkdə kim olduqlarını, haradan gəlib haraya getdiklərini bilsinlər. Bu torpağın bütövlüyü uğrunda hər dəfə bayrağımızı dalğalandıran görəndə, bu bayraq enməsin deyə canından keçən igidin adını daşıdığını bilib qürur duysunlar.

Analar öz övladlarını Mübariz, Malik, Elnur, Murad, Elçin deyib, çağıranda ruhu şad olsun şəhidlərimizin!

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 02.03.2024 11:00