AZ EN RU

Adət-ənənələrinə bağlı ordubadlıların “Orucun 15-i” mərasimi haqqında eşitmişdinizmi?

Təqribən 25 il bundan əvvəl atamın işi ilə bağlı ailəmlə birlikdə Bist kəndindən Ordubad şəhərində köçməli olduq. Onda hələ 5-6 yaşım var idi. Şəhərin 3 nömrəli məktəbində təhsil almağa başladım. Məktəbə gedər-getməz sinif yoldaşlarımla xoş, mehriban ünsiyyət qurub, özümə yeni dostlar qazandım. Məktəbə bir gedib, bir gəldiyim səkinə isə həm ən sevdiyim dostum, həm də qapı bir qonşumuz idi. O məndən böyük olduğundan məktəbdə mənə göz qulaq olması üçün anam məni ona tapşırardı. Bir gün məktəbdən qayıdarkən dedi ki, bilirsən bu gün Orucun 15-i bayramıdı, axşam qonşulara torba atmağa gedəcəyik, sən də bizimlə gələrsən? Sözün düzü, mən Novruz bayramından başqa bayramın olduğunu heç bilmirdim. Çox sevindim. Evə çatar-çatmaz anama “Səkinə deyir ki, bu gün bayramdı. Axşam torba atmağa gedəcəklər.” Anamdan onlarla birlikdə getməyim üçün mənə də icazə verməsini xahiş etdim. Açığı heç torba atmağın nə demək olduğunu da dərk etmirdim. Ama əyləncəli bir şey olduğunu düşünürdüm, axı həm də uşaqlarla birlikdə zaman keçirəcəkdim. Həmin günü mən deyim 5, siz deyin 15 dəfə Səkinəgilə gedib-gəldim. “Bəs nə vaxt gedəcəyik torba atmağa,” deyə. Səkinə də hər dəfəsində “bir azda gözlə axşam düşsün, hər kəs iftarını açsın, uşaqlarla yığışaq, gedəcəyik”, deyirdi. İftarın nə demək olduğunu anlamasam da, “yaxşı”- deyib, hər dəfəsində evə qayıdırdım. Və nəhayət axşam düşdü. Səkinə torba atmaq üçün məni evdən götürməyə gələndə onu tanımadım. Çünki, o oğlan libasında idi. Mən Ordubaddan Naxçıvana köçərkən artıq böyümüşdüm. Çox maraqlı olan bu mərasimdən də kifayət qədər məlumatım var idi. Axı, bilavasitə o mərasimlərdə mən özüm iştirak etmişdim. Yalnız Ordubad şəhəri və onun ətraf kəndlərinə xas olan orucun 15-i mərasimi müqəddəs ramazan ayının tən ortasında qeyd olunur. Dini təriqətlə heç bir əlaqəsi olmayan bu bayramı insanların belə təntənə ilə keçirməsi “artıq ramazanı yarıladıq” anlamına gəlir. Ordubadın dünyagörmüş adamları deyir ki, bu mərasimə bir neçə gün qalmış hər evdə hazırlıq görərdilər. Həmin gün nişanlı qız evinin valideynləri bəyi görmək üçün oğlan evinə gələrdilər. Ailənin üzvlərinə, xüsusilə bəyə hədiyyələr gətirərdilər. Bundan əlavə, orucun 15-nə qədər heç kimi iftar süfrəsinə dəvət etməzdilər. Əvvəllər bu mərasimdə kiçik-böyük, hər kəs iştirak edər, insanlar bişirib düşürdükləri azuqələrdən yaxınına, qohumuna, tanışına göndərərmiş. Hər məhəllə bişirib-düşürdükləri naz-nemətlərdən götürər, yaşadıqları məhəllədəki bir ağsaqqal, və ya ağbirçəyin evində toplaşıb, könül xoşluğuyla, ağız dadıyla həmin naz-nemətlərlə iftarlarını açarmışlar. İftardan sonra hər kəs öz evinə gedər, uşaqların, gənclərin onların qapılarına torba atmasını gözləyərmişlər. Orucun 15-i mərasimini bu ənənəyə şahid kimi elə mən özüm xatirələrimdən bəhs danışım. Ordubadda yaşadığım 6 il müddətində hər il bu mərsimi böyük sevinclə gözləyirdim. Biz uşaqlar xüsusilə torba atmaq ənənəsini çox sevirdik. Tanınmamaq üçün biz qızlar oğlan paltarı geyinər, üz-gözümüzü boyayar, papaq qoyardıq. Məhəllənin 10-15 uşağı yığışar, bir-bir qonşuların qapısı döyər deyərdik: 

Orucun 15-dir gəldik sizə, Orucun niyazını verin bizə,
Xanım, ayağa dursana, Boşqabı doldursana,
Oğlun qızın var olsun, Doğduğun oğlan olsun,
Son beşiyin qız olsun, Açılsın sünbül olsun.
Sonra uşaqlardan biri “Rəbbi Cəlil boşqabı doldurub gəlir”, – söyləyər, qalanımız isə xor ilə “miyanpur gəlir, ərik qurusu gəlir, alana gəlir”, – deyərdik. Bir sözlə, ürəyimiz nə istəyərdisə, onun adını çəkərdik. Kimsə pay verməsə, onlara tərəf üz tutub birgə söyləyərdik:
 
Pay verənin oğlu olsun, Vermiyənin qızı olsun.
 
Sonda uşaqların içində ən böyüyü yığılmış payı hər kəs arasında bərabər bölərdi.
Bəzi mənbələrdə deyirlər ki, ancaq Ordubad şəhərinə və ətrafdakı bir neçə kəndə aid olan bu mərasim İbn Mülcəmin (Həzrəti Əlini öldürən şəxs) ölümü ilə əlaqədar keçirilir. Naxçıvan alimlərinin araşdırmalarına əsasən, Kəngərli rayonunun Xok kəndindən toplanmış materiallara görə isə bu kənddə orucun çıxmasına 3 gün qalmış məhəlli xarakterli bir mərasim keçirilərmiş. Günortaya kimi evlərdə buğda qovurar, qız-gəlinlər təzə paltarlar geyinər, oğlan uşaqları xoruz döyüşdürər, əyləncəli işlərlə məşğul olardılar. Mərasim günortadan sonra başa çatarmış.
Dədə-babalarımızdan eşitdiyimə görə, sovet hakimiyyəti dövründə İslamın başqa ayinləri və ibadətləri kimi, orucluq da qadağan idi. Lakin qəlbində Allah sevgisi olan, imanlı adamlar gizlicə də olsa, öz borclarını yerinə yetirirdilər. Bir çoxları isə iş yerlərini itirmək, təqiblərə məruz qalmamaq üçün orucluqdan imtina etməyə məcbur idilər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra insanların vicdan azadlığı bərpa olundu, İslam dininə, onun ibadət və ayinlərinə olan münasibət də dəyişdi. Artıq Ramazan bayramı 1993-cü ildən bəri Azərbaycan Respublikasında dövlət səviyyəsində qeyd olunur. Bu gün muxtar respublikamızda digər adət-ənənələrimiz kimi dini dəyərlərimizin qorunub yaşadılmasına dövlət qayğısı yüksək səviyyədədir. İslam dünyasının ayrılmaz hissəsi olan diyarımızda milli və dini mərasimlər, o cümlədən Ramazan bayramı təntənə ilə qeyd edilir. Müsəlmanlar üçün mənəvi birlik və həmrəylik rəmzi olan belə tədbirlər bizi əmin-amanlığa, həmrəyliyə dəvət edir, cəmiyyətimizdə nəcib əməllərin təntənəsinə səsləyir.


Gülcamal TAHİROVA

Nəşr edilib : 25.03.2024 00:10