AZ EN RU

ADA Universitetinin Kənd təsərrüfatı və Qida fakültəsinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olub

ADA Universitetinin Kənd təsərrüfatı və Qida fakültəsinin dekanı, professor Matteo Vittuari və fakültənin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar. İkitərəfli görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayıb, görüşdən duyduğu məmnunluq hissini ifadə edib. Rektor universitetin tarixi, mövcud ixtisasları, kadr potensialı barədə məlumat verib. Qeyd edilib ki, klassik universitet modelinə malik olan universitetin nəzdində 3 kollec və bir Beynəlxalq məktəb fəaliyyət göstərir. Elbrus İsayev ali təhsil ocağında 5 ixtisas üzrə ingilisdilli tədrisin aparıldığını vurğulayıb. Bildirilib ki, muxtar respublikada ingilisdilli mühitin yaradılmasında ali təhsil ocağında fəaliyyət göstərən IELTS və SAT Qeydiyyat və İmtahan Mərkəzlərinin mühüm rolu vardır. Rektor universitetdə tikintisi davam etdirilən Texnologiyalar parkı və gələcəkdə burada ofisləri yaradılacaq rezident şirkətlər barədə də danışıb.

ADA Universitetinin Kənd təsərrüfatı və Qida fakültəsinin dekanı, professor Matteo Vittuari birgə elmi-tədqiqat, magistratura və doktorantura proqramları, ikili diplom məsələləri haqqında danışıb. Naxçıvan Dövlət Universiteti müəllimlərinin ADA Universitetində müxtəlif təlimlərə cəlb edilməsi barədə razılıq əldə olunub.

Görüşdə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində mövcud olan ixtisasların ikili diplom məsələləri, müxtəlif təcrübə proqramlarına cəlb olunması barədə fikir mübadiləsi aparılıb.

Elbrus İsayev qonaqlara hədiyyələr təqdim edib, xatirə fotosu çəkdirilib.  

Sonra ADA Universitetinin Kənd təsərrüfatı və Qida fakültəsinin dekanı, professor Matteo Vittuari və fakültənin müəllimləri Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin müəllim və tələbələri üçün təlim keçiblər. Təlimdə müəllim və tələbələrin sualları cavablandırılıb.

Səadət ƏLİYEVA

NDU-nun Media və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Nəşr edilib : 08.04.2024 12:22