AZ EN RU

ADA Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar

    ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının rəhbəri Şəfəq Mehrəliyeva, Tələbə qəbulu şöbəsinin əməkdaşı Elşad Göyüşov Naxçıvan Dövlət Universitetində olublar. 
    Tədbirdə universitetin Ümumi işlər üzrə prorektoru Xəyal Camalov qonaqları salamlayıb. Ali təhsil ocağının elmi potensialı, maddi-texniki bazası və bu ali məktəbdə yerinə yetirilmiş beynəlxalq layihələr haqqında  məlumat verilib.
    ADA Universiteti Tələbə qəbulu şöbəsinin əməkdaşı Elşad Göyüşov qeyd edib ki, universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılıb. Diqqətə çatdırılıb ki, universitetin əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Sonra qonaq tələbələri universitetə qəbul qaydaları ilə tanış edib. Vurğulanıb ki, aparılan mühazirənin əsas məqsədi magistr təhsil pilləsi haqqında tələbələri məlumatlandırmaqdır. Diqqətə çatdırılıb ki, ADA Universiteti qəbul zamanı yüksək nəticə göstərmiş tələbələrə universitetdə işləyərək həm təhsil haqqından azad olmaq, həm də təcrübə qazanmaq şansı verir.  
    ADA Kommunikasiya və Rəqəmsal Media proqramının rəhbəri Şəfəq Mehrəliyeva vurğulayıb ki, universitet seçmə fənlər və ümumi təhsil proqramı vasitəsilə əməkdaşlıq edərək və ünsiyyət quraraq həllər təklif edən yüksək potensiala malik məzunlar yetişdirir. Qarşılıqlı müzakirə şəklində keçirilən mühazirədə tələbələrin sualları cavablandırılıb.

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 15.03.2022 20:25