AZ EN RU

ADA Universiteti ilə tələbə mübadiləsini ölkədə ilk olaraq reallaşdıran “Naxçıvan” Universitetində müsahibimiz Vəfa Kazdaldır

    Dünən ADA Universitetinin Strategiya və inkişaf üzrə prorektoru, dosent Vəfa Kazdal “Naxçıvan” Universitetində olub. Universitetin Elmi kitabxanası, imtahan otaqları, fakültələr üzrə auditoriyalar ilə tanış olan Vəfa Kazdal STEAM komandası ilə  görüşdə startap layihələri ilə maraqlanıb, həmçinin komandanın yeni layihələrini və gələcək hədəflərini dinləyib. Sonra universitetin konfrans zalında tələbələr tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya qonağa təqdim olunub. 
    “Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov görüşdə qonağa universitetin  tədris prosesi, təhsil bazası, fəaliyyət istiqamətləri, eləcə də xarici ölkələrin universitetləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən proqramlarla bağlı məlumat verib. Rektor bildirib ki, əsas hədəf “Naxçıvan” Universitetində təhsil sistemini təkmilləşdirmək, proqramı beynəlxalq standartlara uyğunlaşdırmaq, tələbələrin daha çox xarici ölkələrdə və yerli universitetlərdə təcrübə keçməsinə imkan yaratmaq, onların daha  faydalı bilik, o cümlədən praktiki bacarıq əldə etməsinə kömək etməkdir.
    Tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edən Anar Kazımov ADA Universiteti ilə “Naxçıvan” Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsindən söz açaraq bildirib ki, “Naxçıvan” Universitetinin Kompüter mühəndisliyi ixtisası üzrə III kurs tələbəsi Oğuz Məmmədov 1 semestrlik tələbə mübadiləsi yolu ilə ADA Universitetinə köçürülüb.
    “Naxçıvan” Universitetinin UNEC ilə imzaladığı ikili diplom haqqında müqaviləyə diqqət çəkən rektor qeyd edib ki, əməkdaşlıq çərçivəsində yeni tədris ilindən etibarən UNEC ilə də birgə tələbə mübadiləsinə start veriləcək. 
    Əsas hədəf  “Naxçıvan” Universitetini inkişaf etmiş ali təhsil ocaqları səviyyəsinə çatdırmaqdır, deyən rektor vurğulayıb ki, qardaş Türkiyə universitetləri ilə ikili diplom proqramları hazırlanır. Eyni zamanda universitetdə tədris prosesinə qardaş Türkiyə universitetlərindən təcrübəli mütəxəssislər də cəlb edilib.
    Naxçıvanda artıq ikinci dəfə olduğunu bildirən prorektor Vəfa Kazdal səmimi və yüksək səviyyədə qəbula görə universitet rəhbərliyinə minnətdarlığını bildirərək elm sahəsində mümkün əməkdaşlıqlardan söz açıb.
    Görüş zamanı “Naxçıvan” Universitetində ADA Məktəbinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb və ilkin razılıq əldə olunub.
    Görüşdən sonra “Bir müəllimin manifesti” adlı ixtisasartırma proqramının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində çıxış edən Vəfa Kazdal proqram haqqında məlumat verib.  
    Vəfa xanımla həmsöhbət olub qəzetimiz üçün də müsahibə aldıq. Naxçıvana ilk dəfə 2010-cu ildə “Dil və milli mənsubiyyət” mövzusunda tədqiqata gəldiyini söyləyən pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Diplomatiya Akademiyasının strategiya və inkişaf üzrə prorektoru Vəfa Kazdaldan Naxçıvan haqqında təəssüratlarını bizimlə bölüşməsini xahiş etdik. Vəfa xanım Naxçıvana heyran olduğunu, havasına, suyuna, əsasən də, insanlarına bir doğmalıq hiss etdiyini bildirdi. Həmsöhbətimin Naxçıvanla bağlı ilk təəssüratları 2008-2009-cu illərdə – ADA-da Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin bir qrup gənc diplomatına dərs dediyi müddətdə formalaşıb. Həmin gənc diplomatların timsalında bir daha əmin olub ki, məhz Azərbaycanın memarı, qurucusu olan Heydər Əliyev məktəbindən ancaq bu cür çalışqan, nizam-intizamlı, müsbət ambisiyalı, belə desək, hörmətlə ambisiyanın vəhdətini qoruyan bir nəsil yetişə bilər. 
    Naxçıvana ilk səfərində abadlıq, təmizlik, geniş yollar, ürəkaçan mənzərələrlə qarşılaşan müsahibim budəfəki səfərində bunun daha çox genişləndiyinin şahidi olub. Bu genişlik, eyni zamanda fikirlərin genişliyi, təxəyyüllərin açıqlığıdır. 
    Vəfa xanımın dediklərindən: “Naxçıvana ayaq basdığım ilk andan düşünürəm ki, bura gəlib Ulu Öndəri yad etməmək mümkün deyil. Bu gün Azərbaycan Onun əsəridir. Hüseyn Cavid məqbərəsinin önündən keçərkən, Möminə xatını ziyarət edərkən və ən əsas da şəhərlə tanış olarkən kinolent kimi ağ-qara fonda zehnimdən keçir ki, bu inkişafın, bu gözəlliyin təməlini Ulu Öndər qoyub. Mənə elə gəlir ki, Naxçıvana ayaq basanda insanın milli kimlik duyğuları oyanır, bunun da təməlində, şübhəsiz ki, Heydər Əliyev ideyaları durur. Bu dahi şəxsiyyətin Azərbaycana qayıdışı, dilə sevgisi, Azərbaycanı yenidən qurması və dirçəltməsi bu siyasətin görünən modelidir ki, bu gün də Onun siyasi irsinin layiqli davamçısı olan Müzəffər Ali Baş Komandanımızın apardığı məqsədyönlü islahatlar tərtib edilən strategiyanın, cızılan yola sadiqliyin təzahürüdür”. 
    Gəlişinin hədəf və məqsədilə bağlı soruşduqda Vəfa xanım bildirdi ki, əlbəttə ki, hər səfərin mütləq hədəfi, strategiyası və səbəbləri var: “Gəlişimizin əsas səbəbi əməkdaşlıqdır. Bu fikrimi belə izah edim ki, dar prizmadan baxsaq, əməkdaşlıq, geniş prizmadan baxdıqda isə geniş düşüncələr və Azərbaycan gəncidir. Bizim devizimiz “Azərbaycan gəncinə daha nələr edə bilərik və yaxud Azərbaycan gəncinə daha nələr etməklə ölkəmizin inkişafına daha nələr edə bilərik”dir. 
    Bu əməkdaşlığın təməlini 2023-cü il 25-26 may tarixlərdə “Naxçıvan” Universitetində keçirilən “Heydər Əliyev və milli dövlətçilik məsələləri” respublika elmi konfransında ADA-nın rektoru, professor Hafiz Paşayev qoyub. Universitetin kampusu ilə tanış olan professor universitetin xatirə dəftərinə bu sözləri yazıb: “Naxçıvan” Universitetinin kampusu ilə tanışlıq ən xoş təəssüratlar yaratdı. Burada Ulu Öndər Heydər Əliyevin yüzilliyinə həsr olunmuş konfransda iştirakımdan çox məmnun oldum. Universitetə, onun rektoru Anar müəllimə təşəkkürümü bildirirəm! Yeni müqavilələr arzusu ilə”. 
    “Naxçıvan” Universitetinin tələbə kontingentindən gözləntiləri nədir deyə maraqlandıqda müsahibim bunları bildirdi: – Bu gün çox qürurverici haldır ki, biz “Naxçıvan” Universitetinin STEAM mərkəzində bir-birindən intellektli, zəkalı gənclərin əl işləri ilə tanış olduq. Onların fikirlərini açıq-aydın şəkildə ifadə etməsi və nailiyyətlərini ortaya qoyması atılan sürətli addımların göstəricisidir. 
    Mən universitetin kampusu ilə ilk dəfə tanış olarkən düşündüm ki, potensial genişdir. Yəni infrastruktur artıq özü o potensialı təzahür etdirir. Bundan mümkün qədər səmərəli istifadə edib gəncləri ruhlandırmalıyıq. Hər şeydə potensial var, baxır biz ondan necə istifadə edirik və yaxud da istifadə etmək istəyirik. Bu universitetdə 2 faktor əsas diqqətimizi çəkdi: gənclər istedadlıdır və kampus tələblərə cavab verir. Universitet kampusu ilə tanışlıq zamanı ən zövq aldığımız məsələ gənclərin istedadlı, gözəl, gülərüz və mehriban olması idi. Bu da onu göstərir ki, onlarda istək var. Bizə düşən əsas məsələ də onlara bu istəklərinə uyğun imkanları təmin etməkdir. Yəni hər şey üçün paytaxta getməyə ehtiyac duyulmadan o imkanlar burada yaradılmalıdır ki, o savadlı gənclər gələcəkdə burada da fəaliyyət göstərib Naxçıvanın özünə töhfə versinlər. Təhlil etmək lazımdır ki, əlimizdə nə var və bizə nə çatışmır. O çatışmayanları təmin edib məqsədə, hədəfə doğru irəliləməliyik. Əsas hədəflərdən biri də sağlam rəqabət yaratmaqdır. Sağlam rəqabət olandan sonra keyfiyyət də istənilən kimi olacaq. “Naxçıvan” Universitetinin inkişafı da o baxımdan vacibdir ki, regionda sağlam rəqabət apara bilsin və tələbələr buranı seçsinlər. Təhsil imkanları nə qədər geniş olarsa, Azərbaycanın digər rayonlarından universitetə tələbat da o qədər artacaq. 
    Müsahibim onu da bildirdi ki, təhsilin keyfiyyət göstəricisi şagird və tələbədirsə, bu keyfiyyətin təminatçısı da müəllimdir: “ADA Universiteti təhsil standartlarına tam cavab verən müəllimlərin aşkarlanmasını qarşısına məqsəd qoyub. Bu, universitet üçün ardı kəsilməyən prosesdir. Düşünürük ki, ölkəmizin gələcəyi bu gün auditoriyalarda qurulur. Buna görə də addımlarımızı ölkəmizin gələcəyini düşünərək atırıq. ADA-da müəllimin vəzifəsi tək dərs saatları ilə bitmir, o bu vəzifəni yaşayır. Çünki müəllim tək mütəxəssis deyil, həm də insan və vətəndaş yetişdirir. 
    Bildiyiniz kimi, Qazax Müəllimlər Seminariyasında, yəni ADA Universiteti Qazax Mərkəzində 3 istiqamət üzrə magistr proqramları fəaliyyət göstərir: “Müəllim hazırlığı”, “təhsilin idarə olunması”, “dövlət idarəçiliyi”. Lakin bu mərkəz ilk yarandığı dövrdə “Bir müəllimin manifesti” proqramı ilə fəaliyyətə başlayıb . Bu proqram özlüyündə böyük mahiyyət kəsb edir. Regiondakı müəllimlərin peşəkar inkişafına hədəflənən bu proqramın məqsədi illərlə toplanan beynəlxalq qabaqcıl elmi-pedaqoji təcrübəni bölgələrdəki məktəblərlə və müəllimlərlə bölüşməyi özündə ehtiva edir. İndi artıq biz “Bir müəllimin manifesti” proqramında əməkdaşlığı “Naxçıvan” Universiteti ilə edirik. 
    ADA-nın strategiya və inkişaf üzrə prorektoru onu da diqqətə çatdırdı ki, xarici ölkə universitetləri ilə bir çox sahələrdə müştərək müqavilə imzalanıb. Lakin Azərbaycanda ilk olaraq “Naxçıvan” Universiteti ilə tələbə mübadiləsi həyata keçirib: “ADA ilk dəfədir ki, yerli bir universitetlə belə müqavilə imzalayır. Bu nümunəvi addım daxildə tələbə-təcrübə mübadiləsinə müsbət təsir göstərərək regionlardakı universitetlərin inkişafına öz töhfəsini verəcək. Artıq nəzərdə tutulub ki, onlayn platformalar üzərindən tədris ili müddətində “Naxçıvan” Universitetinin müəllim və tələbə kontingenti ADA-nın bir çox dərslərinə və təlimlərinə qoşula bilsin. Burada təkcə tələbə və müəllimlərin akademik mübadiləsi yox, eyni zamanda tədqiqat layihələrində, peşəkar inkişaf proqramlarında, təlimlərdə birgə iştirak, eləcə də aktual istiqamətlərə dair birgə tədqiqatların aparılması planlaşdırılır. 
    Naxçıvan haqqında müsbət fikirlər, universitet barədə ağızdolusu sözlər söyləyən müsahibimizə əməkdaşlıq fəaliyyətində uğurlar arzu edib müsahibəni oxucularımızla paylaşmaq üçün yola rəvan oluruq. 

Fariz  ƏHMƏDOV

Nəşr edilib : 20.09.2023 02:10