AZ EN RU

ADA Universiteti ilə tələbə mübadiləsini ölkədə ilk olaraq reallaşdıran “Naxçıvan” Universitetində müsahibimiz Dr Vəfa Kazdaldır

Müsahibimiz Naxçıvana ilk dəfə 2010-cu ildə “Dil və milli mənsubiyyət” mövzusunda tədqiqata gəldiyini söyləyən pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Diplomatiya Akademiyasının strategiya və inkişaf üzrə prorektoru Vəfa Kazdaldır. Çox vaxt almadan müsahibimizə Naxçıvan haqqında təəssüratlarını bizimlə bölüşməsini xahiş edirik. Vəfa xanım Naxçıvana heyran olduğunu, havasına, suyuna, əsasəndə insanlarına bir doğmalıq hiss etdiyini bildirir. Həmsöhbətimin Naxçıvanla bağlı ilk təəssüratları 2008-2009-cu illərdə – ADA-da Naxçıvan Xaric İşlər İdarəsinin bir qrup gənc diplomatına dərs dediyi müddətdə formalaşıb. Həmin gənc diplomatların timsalında bir daha əmin olub ki, məhz Azərbaycanın memarı, qurucusu olan Heydər Əliyev məktəbindən ancaq bu cür çalışqan, nizam-intizamlı, müsbət ambisiyalı, belə desək hörmətlə ambisiyanın vəhdətini qoruyan bir nəsil yetişə bilər.

Naxçıvana ilk səfərində abadlıq, təmizlik, geniş yollar, ürək açan mənzərələrlə qarşılaşan müsahibim, bu dəfəki səfərində bunun daha çox genişləndiyinin şahidi olub. Bu genişlik eyni zamanda fikirlərin genişliyi, təxəyyüllərin açıqlığıdır.

          Vəfa xanım dedi: “Naxçıvana ayaq basdığım ilk andan düşünürəm ki, bura gəlib Ulu Öndəri qəlbən yad etməmək mümkün deyil. Bu gün ki, Azərbaycan onun əsəridir. Hüseyn Cavid məqbərəsinin önündən keçərkən, Mömünə Xatunun ziyarət edərkən və ən əsas da şəhərlə tanış olarkən kino lenti kimi ağ-qara fonda zehnimdən keçir ki, bu inkişafın, bu gözəlliyin təməlini Ulu Öndər Ali Məclisin Sədri olduğu dönəmdə qoyub. Bu incə, gözəl, səmimiyyət dolu insanları ilə “xoş gəldin” edən bu şəhərin... Şahidi oldum ki, insanlar burada küçələrə zibil atmır, kiçiklər böyüklərə yol verir, müəllim-tələbə münasibətləri əlçatandır. Mənə elə gəlir ki, Naxçıvana ayaq basanda insanın milli kimlik duyğuları oyanır, Bunun da təməlində şübhəsiz ki, Heydər Əliyev ideyaları durur. Bu dahi çəxsiyyətin Azərbaycana qayıdışı, dilə sevgisi, Azərbaycanın yenidən quruması və dirçəltməsi bu siyasətin görünən modelidir ki, bu gün də onun siyasi irsinin laiqli davamçısı olan Müzəffər Ali Baş Komandanımızın apardığı məqsədyönlü islahatlar tərtib edilən strategiyanın, cızılan yola sadiqliyin təzahürdür.

Gəlişinin hədəf və məqsədi ilə bağlı soruşduqda Vəfa xanım bildirdi ki, əlbəttə ki hər səfərin mütləq hədəfi, strategiyası və özünün səbəbləri var: “Gəlişimizin əsas səbəbi əməkdaşlıqdır. Bu fikrimi belə izah edim: Dar prizmadan baxsaq əməkdaşlıq, geniş prizmadan baxdıqda isə geniş düşüncələr və Azərbaycan gəncidir. Bizim devizimiz “Azərbaycan gəncinə daha nələr edə bilərik və yaxud Azərbaycan gəncinə daha nələr etməklə ölkəmizin inkişafına daha nələr edə bilərik”dir.

Bu əməkdaşlığın təməlini 2023-cü il 25-26 ay may tarixində “Naxçıvan” Universitetində keçirilən “Heydər Əliyev və milli dövlətçilik məsələləri” respublika elmi konfransında ADA-nın rektoru, professor Hafiz Paşayev qoyub. Universitetin kampusu ilə tanış olan Professor universitetin xatirə dəftərinə bu sözləri yazıb: “Naxçıvan” Universitetinin Kampusu ilə tanışlıq ən xoş təəssüratlar yaratdı. Burada Ulu Öndər Heydər Əliyevin yüzilliyinə həsr olunmuş konfrasda iştirakımdan çox məmnun oldum. Universitetə, onun rektoru Anar müəllimə təşəkkürümü bildirirəm! Yeni müqavilələr arzusu ilə”.

“Naxçıvan” Universitetinin tələbə kontingentindən gözləntiləriniz ilə maraqlandıqda müsahibim bunları bildirdi: “Bu gün çox qürurverici haldır ki, biz “Naxçıvan” Universitetinin STEAM mərkəzində bir-birindən intellektli, zəkalı, gənclərin əl işləri, icadları bizi çox təəccübləndirdi. Onların özünü izah etməsi, fikirlərini açıq-aydın şəkildə ifadə etməsi və nailiyyətlərini ortaya qoyması hələ də doğru atılan sürətli addımların göstəricisidir.

Mən universitetin kampusu ilə ilk dəfə tanış olarkən düşündüm ki, potensial genişdir. Yəni infrastruktur artıq özü o patensialı təzahür etdirir. Bundan mümkün qədər səmərəli istifadə edib gəncləri ruhlandırmalıyıq. Hər şeydə potensial var, baxır biz ondan necə istifadə edirik və yaxud da istifadə etmək istəyirik. Bu universitetdə 2 faktor əsas diqqətimiz çəkdi: gənclər istedadlıdır və kampus tələblərə cavab verir. Tələbələrin çoxunun formada, üzündə təbəssüm, deyə-gülə dərsə, kitabxanaya, yataqxanaya getdiklərinin şahidi oluruq. Universitet kampusu ilə tanışlıq zamanı ən zövq aldığımız məsələ gənclərin istedadlı, gözəl, gülərüz və mehriban olması idi. Bu da onu göstərir ki, onlarda istək var. Bizə düşən əsas məsələ də onların istəklərinə uyğun imkanları onlara təmin etməkdir. Yəni hər şey üçün paytaxta getməyə ehtiyac duyulmadan o imkanlar burada yaradılmalıdır ki, o savadlı gənclər gənclər gələcəkdə burada da fəaliyyət göstərib Naxçıvanın özünə töhfə versinlər. Təhlil etmək lazımdır ki, əlimizdə nə var və bizə nə çatışmır. O çatışmayanları təmin edib məqsədə, hədəfə doğru irəliləməliyik. Əsas hədəflərdən biri də sağlam rəqabət yaratmaqdır. Sağlam rəqabət olandan sonra keyfiyyətdə istənilən kimi olacaq. “Naxçıvan” Universitetinin inkişafı da o baxımdan vacibdir ki, regionda sağlam rəqabət apara bilsin və tələbələr bura seçim etsinlər. Təhsil imkanları nə qədər geniş olarsa Azərbaycanın digər rayonlarından universitetə tələbatda o qədər artacaq.

Vəfa xanım onu da bildirdi ki, 2023-cü il sentyabr ayının 2-də ADA ilə “Naxçıvan” Universiteti arasında memorandum imzalanıb. İmzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində tələbə mübadiləsinə start verilib. “Naxçıvan” Universitetinin “kompüter mühəndisliyi” ixtisası üzrə III kurs tələbəsi Oğuz Məmmədov ADA Universitetinə 1 semestrlik tələbə mübadiləsi yolu ilə köçürülüb. Tələbə ADA Universitetinin bütün resursları ilə, yataqxana, kitabxana, tədris mərkəzləri və sair ilə təmin olunub. Bu səmərəli və məqsədyönlü tərəfdaşlığın davamı olaraq bu gün bu işlər davam etdirilir. Müzakirələrimiz bu gün də davam etdirilir ki, daha hansı sahələrdə əməkdaşlıq edə bilərik.

Müsahibim onu da bildirdi ki, təhsilin keyfiyyət göstəricisi şagird və tələbədirsə, bu keyfiyyətin təminatçısı da müəllimdir: “ADA Universiteti təhsil standartlarına tam cavab verən müəllimlərin aşkarlanmasını qarşısına məqsəd qoyub. Bu universitet üçün ardı kəsilməyən prosesdir. Düşünürük ki, ölkəmizin gələcəyi bu gün auditoriyalarda qurulur. Buna görə də addımlarımızı ölkəmizin gələcəyini düşünərək atırıq. ADA müəllimin vəzifəsi tək dərs saatları ilə bitmir, o, bu vəzifəni yaşayır. Çünki müəllim tək mütəxəssis yetişdirmir, o, həm də insan və vətəndaş yetişdirir. Belə ki, “Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektoru, təhsilin idarə olunması, təftişi, planlaması və iqtisadiyyatı üzrə fəlsəfə doktoru, dosent Rza Məmmədov 2023-2024-cü tədris ilindən ADA Universitetində elmi pedaqoji fəaliyyətə başlayıb. Savadlı, dünyagörüşlü, dil biliklərini və bacarıqlarını davamlı inkişaf etdirən Rza müəllim ADA Universitetində “Master of Educational Managment” və “Master of Teaching and Learning” ixtisaslarını tədris edir. Eyni zamanda universitetin magistrantlarına rəhbərlik edir”.

Bildiyiniz kimi Qazax Müəllimlər Seminariyasında, yəni, ADA Universiteti Qazax Mərkəzində 3 istiqamət üzrə magistr proqramları fəaliyyət göstərir. “Müəllim hazırlığı”, “təhsilin idarə olunması”, “dövlət idarəçiliyi”. Lakin ilk yarandığı dövrdə “Bir müəllimin manifesti” proqramı ilə fəaliyyətə başladı bu mərkəz. Bu proqram özlüyündə böyük mahiyyət kəsb edir. Regiondakı müəllimlərin peşəkar inkişafına hədəflənən bu proqram illərlə toplanan beynəlxalq qabaqcıl elmi-pedaqoji təcrübəni bölgələrdəki məktəblərlə və müəllimlərlə bölüşmək. İndi artıq biz “Bir müəllimin manifesti” proqramında əməkdaşlığı “Naxçıvan” Universiteti ilə edirik.

ADA-nın strategiya və inkişaf üzrə prorektoru onu da diqqətimizə çatdırdı ki, xarici ölkə universitetləri ilə bir çox sahələrdə müştərək müqavilə imzalayıb. Lakin Azərbaycanda ilk olaraq “Naxçıvan” Universiteti ilə ilk tələbə mübadiləsi həyata keçirib: “ADA ilk dəfədir ki, yerli bir universitetlə belə müqavilə imzalayır. Bu nümunəvi addım daxildə tələbə-təcrübə mübadiləsinə müsbət təsir göstərərək regionlardakı universitetlərin inkişafına öz töhfəsini verəcək. Artıq nəzərdə tutulub ki, onlayn platformalar üzərindən tədris ili müddətində “Naxçıvan” Universitetinin müəllim və tələbə kontingenti ADA-nın bir çox dərslərinə və təlimlərinə qoşula bilsin. Həmçinin müzakirə olunan məsələlər içərisində buradakı müəllim və tələbə mübadiləsi, ADA-nın “yeni məktəb” modeli də yer alır. Müəllim kontingenti tam hazır olduqdan sonra bu məktəbin fəaliyyəti gözləniləndir. Burada təkcə tələbə və müəllimlərin akademik mübadiləsi yox, eyni zamanda tədqiqat layihələrində, peşəkar inkişaf proqramlarında, təlimlərdə birgə iştirak, eləcə də aktual istiqamətlərə dair birgə tədqiqatların aparılması planlaşdırılır.

“Naxçıvan” Universitetində ADA Məktəbinin yaradılması ilə bağlı sualımıza cavab olaraq müsahibimiz bildirib ki, müzakirələr aparılıb və ilkin razılıq əldə olunub. Bu cür addımlar regionun inkişafına müsbət təsir edəcək və səmərəli kadr potensialını ortaya qoyacaq.

Naxçıvan haqqında müsbət fikirlər, universitet haqqında ağızdolusu sözlər söyləyən müsahibimizə əməkdaşlıq fəaliyyətində uğurlar arzu edib müsahibəni oxucularımızla paylaşmaq üçün yola rəvan oluruq.

 

Fariz ƏHMƏDOV

Nəşr edilib : 19.09.2023 17:40