AZ EN RU

ADA Universiteti ilə bu il başladılan tələbə mübadiləsi bu semestr də uğurla davam etdirilir

“Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov universitetin inzibati heyəti ilə keçirilən görüşdə qeyd edib ki, mübadilə proqramının 2023-2024-cü tədris ilinin birinci yarımili üzrə ilk təmsilçisi olan Oğuz Məmmədov artıq proqramı uğurla başa vurub. Bu, ADA Universiteti ilə ölkənin ali təhsil müəssisələri arasında ilk tələbə mübadiləsi proqramını reallaşdıran “Naxçıvan” Universitetinin ən böyük uğurlarından biridir. ADA Universiteti ilə “Naxçıvan” Universiteti arasında 2 sentyabr 2023-cü il tarixli əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçiriləcək tələbə mübadiləsi 2023-2024-cü tədris ilinin ikinci yarımilindən etibarən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə töhfə olaraq davam etdiriləcəkdir.

Anar Kazımov ADA Universitetində növbəti semestr üçün təcrübə mübadiləsinə cəlb olunan tələbələrlə görüşüb, onları təbrik edib, gənclərə təhsil həyatında uğurlar arzulayarıb.

Görüşdə İdarəetmə fakültəsinin dekanı, dosent İradə Bağırova  ADA Universiteti ilə bağlanan əməkdaşlıq müqaviləsinin universitet üçün əhəmiyyətindən danışıb.

Növbəti mübadilə proqramında iştirak edəcək tələbələr- universitetin “Biznesin idarə edilməsi” ixtisası üzrə II kurs tələbəsi Elçin Məmmədli və “İnformasiya texnologiyaları” ixtisası üzrə III kurs tələbəsi Hafizə Muradova onlar üçün yaradılan bütün imkanlara görə minnətdarlıqlarını bildiriblər.

Rektor Anar Kazımov yaxın günlərdə anoloji mübadilə proqramının Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə də reallaşdırılacağını bildirib.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

Nəşr edilib : 16.01.2024 13:14