AZ EN RU

Ad günündə şəhid olan Rauf

 Rauf Vahid oğlu Qurbanov

05.10.1995-05.10.2020

Rauf çox sakit uşaq olub. Onun səhv hərəkətini xatırlamıram. Həm də çox ciddi idi. Uşaqlıqda heç bir əziyyətini də görmədim. 
Rauf balaca vaxtından həm də çox qoçaq, çox heyvansevər idi. Onlara qulluq etməyi çox sevirdi. Hər yerdən quş alıb gətirirdi.

Raufun hərbiyə marağı orta məktəb illərindən idi. Sinif yoldaşları ilə birlikdə qərarlaşdırmışdılar ki, hərbi liseyə getsinlər. Kəndimizdən olan şəhid Elton da Raufla birgə gedib- gəlirdi. Başqa uşaqlar da az deyildi.
Rauf orta məktəbi çox yaxşı oxuyurdu. Düşündük ki, onun ali məktəbə qəbul olması heç də çətin deyil. Atası da, mən də deyirdik ki, Rauf, çox yaxşı oxuyursan, əvəzini də görəcəksən. Deyirdi ki, ana, mən hərbçi olacağam. Biz də heç nə demədik. Artıq balam öz seçimini etmişdi. İstəyinə qarşı çıxa bilmədik.
Mənim iki oğlum var. Rauf qardaşı ilə çox mehriban idi. Bizimlə bölüşmədiklərini qardaşı ilə bölüşürdü. Bir-birlərini çox sevirdilər. İndi belə biz Raufa aid olan bir çox şeyləri qardaşından eşidirik.
Müharibəyə getməyini bizdən gizlədirdi. Gah deyirdi Bakıdayam, gah da ki, Beyləqanda. Sonuncu danışığımız oktyabrın beşində oldu. Həmin gün onun ad günü idi. Səhər saat 10-11 arası olardı. Kefini soruşdum. Cavab verdi ki, ana, narahat olma. Hər şey yaxşıdı. Telefonda danışdıqca bir uğultu eşidilirdi. Dedim, Rauf, o nə səsdir? Cavab verdi ki, ana, narahat olma, dağın döşündəyik. Küləyin səsidir. Həmin gün – ad günündə şəhid oldu mənim balam. Biz Raufun şəhidlik xəbərini noyabrın 3-də aldıq. Noyabrın 6-sı nəşi Naxçıvana gətirilərək Şərurdakı Şəhidlər xiyabanında dəfn olundu.
Mənim oğlum bir igid, qəhrəman kimi döyüşərək şəhid adını qazanıb. Qürurlanırıq, çünki Raufu biz böyütmüşük. Vətənə əmanət etmişik. Rauf da Vətənin keşiyində duraraq qəhrəmancasına şəhid olub. Vətən sağ olsun! Vətən sağ olsun ki, bu cür qəhrəmanlar, igidlər yetişsin.

Nəşr edilib : 05.04.2024 16:51