AZ EN RU

“Açıq mikrofon” layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetinin rektoru tələbələrlə görüşüb

    Ali təhsil müəssisəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı, komitənin sədri Hüseyn İmanovun moderatorluğu ilə keçirilən görüşdə universitetin rektoru Elbrus İsayev ali təhsil ocağında fəaliyyət göstərən tələbə təşkilatlarının işini yüksək qiymətləndirib. Qeyd edilib ki, tələbələrin universitetin elmi və tədris göstəricilərinin irəliləməsində xüsusi rolu var. Tələbə təşkilatları tərəfindən onların fərdi inkişafının təmin edilməsi, vətəndaş mövqeyinin gücləndirilməsi, tələbələrin ictimai layihə və tədbirlərdə fəallığının artırılması, tələbələrdə elmi tədqiqata maraq oyadılması, onlar arasında maarifləndirmə işinin aparılması istiqamətində tədbirlər görülür. Bildirilib ki, tələbə təşkilatlarının fəaliyyəti nəticəsində tələbələr respublikada keçirilən idman yarışları, intellektual oyunlar, olimpiadalar, seminarlar, müxtəlif istiqamətli müsabiqələr, beynəlxalq əhəmiyyətli yarışlarda universiteti layiqincə təmsil edir və nailiyyət qazanırlar. Rektor tələbə təşkilatlarının işini dəyərləndirərək onların təşəbbüsü ilə keçirilən layihələrin və tədbirlərin davamlı hal aldığını diqqətə çatdırıb. Bildirilib ki, tələbələrə elektron təhsildə də geniş imkanlar yaradılaraq LMS sistemi vasitəsilə mühazirə mətnlərinin, imtahan suallarının əvvəldən sistemə yerləşdirilməsi onların təhsildə keyfiyyət göstəricilərinin artırılmasına xidmət edir. Beləliklə, tələbələr dərs prosesində vaxtı dəyərləndirərək müəllimlə daha intensiv işləyirlər.
    Rektor keçirilən görüşün tələbələr üçün əhəmiyyətindən bəhs edərək bu kimi tədbirlərin daimi xarakter almasının zəruriliyini vurğulayıb. Tələbələrlə dərslərdə, auditoriyalarda, müxtəlif tədbirlərdə mütəmadi olaraq görüşlərin keçirildiyini deyən Elbrus İsayev universitetin rəsmi internet saytında (ndu.edu.az) “Rektora müraciət” bölməsi üzərindən də şikayət və təkliflərin qəbul edildiyini diqqətə çatdırıb.
    Sonra hər fakültə üzrə tələbələr imtahan, seminar və mühazirələrin keçirilməsi, kredit sistemi, dərs vəsaitləri və onları maraqlandıran mövzularda təklif və şikayətlərini rektora ünvanlayıb və suallar ətraflı şəkildə cavablandırılıb.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
 ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 28.12.2022 22:10