AZ EN RU

Açıq havada idman yarışları keçirilib

Naxçıvan şəhərindəki Böyük Bağ adlanan istirahət parkında “Heydər Əliyev İli”nə həsr olunmuş “İdmanla bir gün” layihəsi reallaşıb. Layihə çərçivəsində ərazi idman ləvazimatları ilə təchiz olunmuş sektorlara bölünərək yarış meydançası yaradılıb. İştirakçılar burada istəyə görə stolüstü tennis, badminton, qaçış, qol güləşi, ağırlıqqaldırma kimi idman növləri və bir sıra idman oyunlarında bacarıqlarını nümayiş etdirmək imkanı əldə ediblər.

Hər yarışda ilk üçlüyə sahib olan iştirakçılara diplom təqdim edilib. Öz nümunəvi çıxışları ilə tədbirə xüsusi rəng qatan gimnastika hamı üçün növü üzrə Naxçıvan komandasının idmançıları və məşqçisi fəxri fərmanla təltif edilib. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, nazir müavini Məcid Seyidov və digərləri təqdim ediblər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Naxçıvan Atletika Federasiyası və “Unikal Badminton Klubu” İctimai Birliyinin birgə təşkilatçılığı əsasında həyata keçirilən layihə idmana maraq və sevgini artırmaq, əhalini, xüsusən də gənc nəsli sağlam həyat tərzinə yönləndirmək, vaxtlarının səmərəli keçməsinə zəmin yaratmaq məqsədi daşıyıb. 

Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.05.2023 17:57