AZ EN RU

Açıq dərs keçirilmişdir

11 aprel tarixdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinə açıq dərs keçirilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Sənədlərin biblioqrafik təsviri” mövzusunda keçirilən açıq dərsdə Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələri iştirak etmişdir.

Açıq dərsi giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd etmişdir ki, açıq dərslərin keçirilməsi ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin təcrübə qazanmaları, onların bacarıqlı mütəxəssis kimi yetişmələri üçün xüsusi əhəmiyyət daşıyır və yüksək ixtisaslı kadr hazırlığına böyük töhfə verir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kitabişləmə və kataloqlaşdırma şöbəsinin müdiri Əzizə Süleymanzadə “Sənədlərin biblioqrafik təsviri” mövzusunda çıxış edərək bildirmişdir ki, biblioqrafik təsvir sənəd haqqında biblioqrafik məlumatları əks etdirir. Bu məlumatlar sahə və ünsürlərin tamlığını və ardıcıllığını təyin edən, sənədlərin ümumi əlamətlərinin eyniləşdirilməsi üçün nəzərdə tutulan müəyyən qaydalar üzrə göstərilir. Biblioqrafik təsvir biblioqrafik yazının əsas hissəsini təşkil edir. Təsvirin quruluşundan asılı olaraq birsəviyyəli və çoxsəviyyəli biblioqrafik təsvirlər müəyyən edilir. Birsəviyyəli təsvir bir səviyyədən ibarətdir. Bu təsvir bir hissəli sənədə, ümumilikdə, ayrıca fiziki vahidə tərtib edilə bilər.

Açıq dərsin sonunda tələbələr kitabxananın Kitabişləmə və kataloqlaşdırma şöbəsinin işi ilə əyani şəkildə tanış olmuşlar.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.04.2023 18:05