AZ EN RU

Açıq dərs keçilmişdir

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Milli-mənəvi dəyərlərimizə dövlət qayğısı” mövzusunda açıq dərs keçilmişdir.
    Dərsi giriş sözü ilə mərkəzin elmi katibi Nihad Tarverdiyev açmışdır. Qeyd olunmuşdur ki, milli kökə və milli təmələ sahib olan Azərbaycan xalqının milli-mənəvi dəyərləri kifayət qədərdir. Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biri sayılan Naxçıvan milli-mənəvi dəyərlərimizin qoruyucusu və yaşadıcısıdır. “Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”. Bu müdrik fikirlərin müəllifi olan ümummilli lider Heydər Əliyevin  Azərbaycana rəhbərlik etdiyi müxtəlif illərdə milli-mənəvi dəyərlərimizin inkişafına misilsiz xidmətlər göstərmişdir. Ulu öndər digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənənələrimizin, milli mədəniyyətimizin inkişafı məsələlərini xüsusi diqqətdə saxlamışdı. 
    Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında milli ideoloji siyasət dövlətçilik və Azərbaycançılıq ənənələri əsasında inkişaf edir. Bu gün qədim diyarımızda milli-mənəvi dəyərlər sistemli şəkildə araşdırılır, təbliği istiqamətində məqsədyönlü işlər həyata keçirilir.
    Sonda mərkəzin zalında yaradılan kitab sərgilərinə və çap materialları fonduna baxış keçirilmişdir.

Xəbərlər şöbəsi

Nəşr edilib : 04.04.2022 18:56