AZ EN RU

“Açıq Bankçılıq” mövzusunda təlim keçirilib

    Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən “Maliyyə Savadlılığı Layihəsi” çərçivəsində “Naxçıvan” Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Açıq Bankçılıq” mövzusunda təlim keçirilib.
    Universitetin rektoru, dosent Anar Kazımov tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, müasir bank məhsul və xidmətlərinə günümüzdə böyük kütlə tərəfindən maraq göstərilməsi mövcud sahədə baş verən innovativ inkişafın bariz nümunəsidir. Qeyd edib ki, tələbələrin bu təlimlərdə iştirak etməsi onların nəzəri biliklərinin təcrübədə formalaşması üçün mühüm əhəmiyyətə malikdir. 
    Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev vurğulayıb ki, bu tip təlimlərin məqsədi cəmiyyət və gənc nəsil arasında bank məhsul və xidmətləri ilə bağlı əməliyyatlarda daha çevik və düzgün qərarların verilməsini dəstəkləmək və onlarda yenilikçi bank sektoruna inamı gücləndirməkdən ibarətdir.
    Videobağlantı ilə tədbirə qoşulan Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev muxtar respublikada əhalinin bank savadlılığının artırılması istiqamətində maarifləndirici birgə seminar və tədbirlərin keçirilməsinə bundan sonra da müvafiq dəstəyin göstəriləcəyini bildirmişdir. Çıxış zamanı maliyyə texnologiyalarının əhəmiyyətini vurğulayaraq maliyyə inkluzivliyinin artırılması, ölkəmizin açıq bankçılıq sahəsinə inteqrasiyası və bu sahədə atılan addımlar haqqında məlumat verib.    
    Mərkəzi Bankın İqtisadi təhlil və statistika şöbəsinin rəisi Vüqar Məmmədzadə və şöbənin əməkdaşı Mərhəmət Bayramov tərəfindən “fintex” anlayışı və təkamülü, onun formaları, açıq bankçılıq və onun üstünlükləri, kibergigiyena qaydaları və digər  mövzular elektron slaydlarla tədris olunub, suallar cavablandırılıb.
    Sonda iştirakçılar arasında oyun əsaslı tədris platforması olan “Kahoot” sistemi vasitəsilə yarış keçirilib. Bilik yarışında tələbələrə 15 sual ünvanlanıb. Qaliblərə idarənin rəhbərliyi və regionda fəaliyyət göstərən “Naxçıvanbank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Azər-Türk Bank”, “Kapital Bank” Açıq Səhmdar cəmiyyətlərinin yerli filialları və “Rabitəbank” ASC-nin şöbəsi tərəfindən sertifikatlar və müxtəlif dəyərli hədiyyələr təqdim edilib.

“Naxçıvan” Universitetinin
mətbuat xidməti

Nəşr edilib : 17.04.2023 21:22