AZ EN RU

Acarıstanlı uşaqlar qədim diyarımızın dünyaşöhrətli şəfa ocağında

    Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında 2012-ci ildən başlayaraq həyata keçirilən qarşılıqlı rəsmi səfərlər müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində əməkdaşlığın əsasını qoyub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı nəticəsində hər il Acarıstan Muxtar Respublikasından aztəminatlı ailələrdən olan və tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən uşaqların Duzdağ Fizioterapiya Mərkəzində pulsuz müalicəsi təşkil edilir. Səhiyyə sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq iyulun 5-də tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən acarıstanlı aztəminatlı ailələrdən olan 28 uşaq, onları müşayiət edən 7 valideyn və 1 həkim Duzdağ Fizioterapiya Mərkəzində müalicə kursu keçmək üçün Naxçıvana gəliblər. Qonaqları Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov salamlayaraq onların burada effektli müalicələrinə dövlət tərəfindən nəzarət olunacağını bildirib. Qonaqlar “Duzdağ” otelində yerləşməklə adıçəkilən şəfa ocağında müalicə alıb, həmçinin Naxçıvanın bir sıra gəzməli-görməli yerləri ilə tanış olurlar. Biz də acarıstanlı uşaqlar və valideynləri ilə həmsöhbət olmaq üçün Duzdağ Fizioterapiya Mərkəzinə yollandıq.

     Mərkəzin baş həkimi Heyran Qazıbəyova ilə söhbət zamanı qeyd etdi ki, bu gün sağlamlığa və rifaha xidmət edən səhiyyə sahəsi muxtar respublikamızda uğurla inkişaf edir. Artıq Naxçıvan səhiyyə turizmi baxımından da ideal bölgəyə çevrilib. Bu turizm növünün əsas ünvanlarından olan Duzdağ Fizioterapiya Mərkəzi unikal müalicəvi keyfiyyətlərinə görə seçilir və dünyada tanınır. Bir çox xarici ölkələrdən buraya təbii üsullarla bronxial-astma və digər yuxarı tənəffüs yolları xəstəliklərindən müalicə olunmaq üçün gəlirlər. Bu il də Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, Türkiyə, İran, Rusiya, Qazaxıstan, ABŞ, Kanada və digər ölkələrdən də insanlar şəfa tapmaq üçün buraya üz tuturlar. Hazırda Acarıstan Muxtar Respublikasından gələn uşaqların Duzdağ Fizioterapiya Mərkəzində hazırda müalicəsi təşkil olunur. Onlar burada laborator, USM, allerqoloq-pulmonoloq müayinələrindən keçərək speleoterapiya, yəni duz terapiyası olunurlar. İnanırıq ki, onlar tez bir zamanda sağlamlıqlarına qovuşacaqlar.

    Burada Acarıstandan gələn həkim Veriko Takidze ilə söhbət imkanı əldə etdik. Həkimin dediklərindən: – Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında səhiyyə sahəsində sıx əməkdaşlıq mövcud olur. Hər iki tərəfdən müxtəlif müalicə və reabilitasiya mərkəzləri arasında qarşılıqlı əlaqələr əsasında acarıstanlı uşaqların müalicə üçün Naxçıvana növbəti səfəri təşkil edilib. Onlar insan sağlamlığı üçün böyük önəm daşıyan Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunurlar. Həmçinin Naxçıvanın bir çox tarixi və mədəni yerlərini gəzməklə bura haqqında çoxlu informasiya qazanırlar. Bizə yaradılan hərtərəfli şərait insanlarımızı bir-birinə yaxınlaşdırır, eyni zamanda Naxçıvanı görmək, həmçinin müalicə məqsədilə gəlmək istəyənlər üçün böyük maraq oyadır.  Duzdağ Fizioterapiya Mərkəzində müayinə və müalicə prosesi üçün mövcud olan unikal şərait buraya gələn acarıstanlıların sayını da hər dəfə artırır. Bizim üçün yaradılan hərtərəfli şəraitə və göstərilən qonaqpərvərliyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığımızı bildiririk. 
    Data Aznaurişvili ilə söhbət zamanı öyrənirik ki, 2006-cı ildə anadan olub və buraya Batumidən gəlib. Sağlamlıq imkanları məhdud uşaqdır. Müsahibim qeyd etdi ki, Naxçıvana üçüncü dəfədir, gəlir: – Bura mənə çox doğmadır. Hər gəlişimdə insanların gülərüz və qonaqpərvərliyinin şahidi oluram. Müalicə almaqla bərabər, Naxçıvanda, demək olar ki, bütün muzeyləri gəzib görmüşəm. Naxçıvan təmiz və qədim abidələrlə zəngin şəhərdir. Bu məni daha çox cəlb edir. Digər dostlarım, yoldaşlarım arasında da Naxçıvana maraq böyükdür. Müalicə aldığım mərkəz sağlamlığımda müsbət irəliləyiş yaradıb. Hər dəfə gələndə özümü daha gümrah hiss edirəm. Burada tam olaraq sağlamlığıma qovuşacağıma inanıram. 
    Liza İmnadze dedi: – 21 yaşım var. Bu, Naxçıvana dördüncü səfərimdir. Bu diyarı çox sevirəm. İnsanlar mənə doğma və əzizdir. Duzdağda bizə göstərilən xidmətlər üçün minnətdarlıq edirik. Duzdağ, həqiqətən də, möcüzəvi və əvəzolunmaz bir yerdir. Bura yeraltı müalicə mərkəzi kimi diqqətimi cəlb edir və müalicə üsulu da fərqlidir. Mən də tənəffüs yolları xəstəliyindən əziyyət çəkirəm. Burada həkimlər tərəfindən müxtəlif müayinələrdən keçdim və həkimlərin xüsusi qayğısı ilə qarşılaşdım. İndi özümü çox yaxşı hiss edirəm və buradan getmək istəmirəm. 
    Acarıstanlı uşaqlardan birinin nənəsi Nərgiz Jordaniya söhbətimizə qoşuldu. 68 yaşlı müsahibim onlar üçün yaradılan şəraitdən ağızdolusu danışdı: – Özüm və nəvəm buraya müalicə üçün gəlmişik. Nəvəm bronxial astma xəstəsidir. Müalicə mərkəzində effektli müalicə üçün hər cür şərait vardır. Mərkəzdəki duz şaxtasında aparılan müalicə neçə-neçə xəstənin dərdinə çarədir. Böyüklərə və kiçiklərə ayrı-ayrılıqda təyin edilən müalicə kursu dünyanın ən böyük neməti olan cansağlığına qovuşdurur. Bu müalicə mərkəzinin diqqətimi çəkən bir xüsusiyyəti də havaların isti keçməsinə baxmayaraq, temperaturun dəyişməz qalmasıdır. Biz burada olarkən Naxçıvanın bir çox tarixi yerlərini də gəzdik. Qədimliyi və müasirliyi vəhdət təşkil edən bu şəhər özünün səliqə-sahmanı ilə də seçilir. Buraya gəlməyimizdə böyük rol oynayan insanlara – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və bizim səhiyyə nazirinə minnətdarlığımı bildirirəm. Buradan yüksək təəssüratlarla şəhərimizə qayıdacağıq. 
    Tinatin Ktamadze 2009-cu ildə anadan olub. Naxçıvana ikinci dəfədir, gəlir. Müsahibim dedi: – Şəhərin təbiəti ilə yanaşı, havası da çox təmiz və gözəldir. Xüsusən də fizioterapiya mərkəzindəki yeraltı tunel, sabit temperatur, duzun spesifik qoxusu bizdə qeyri-adi təəssürat yaradır. Tuneldəki ağ duz layları insanı cəlb edir. Bu gözəllikləri, təbiət möcüzələrini gördükdən sonra Naxçıvanın təbliğinə, tanıdılmasına mən də bir gənc olaraq töhfə verməyə çalışacağam. Sosial şəbəkə səhifələrimdə Naxçıvanla bağlı təəssüratlarımı bölüşəcəyəm. 
    Duzdağ Fizioterapiya Mərkəzinə müalicə üçün gələnlərdən biri də Ana Nemsadzedir. Müsahibim bildirdi ki, ilk günlərdən səhhətində yaxşılaşma hiss edir, bu onu çox sevindirir. Artıq ikinci dəfədir ki, müalicə üçün buraya gəlir və çox yaxşı nəticələr alır: – Duzdağ, həqiqətən də, möcüzəli yerdir. Çünki Duzdağda xəstələr heç bir kimyəvi vasitələr olmadan, sadəcə, şaxtalarda nəfəs almaqla müalicə olunurlar. Yeri gəlmişkən onu da qeyd edim ki, “Duzdağ” otelində də bizə yüksək xidmət göstərilir. Boş vaxtımızda Naxçıvanın görməli yerləri ilə də tanış olmaq imkanı əldə etdik. Bura olduqca səliqəli, təmiz və abad məkandır. Çox zəngin tarixiniz, maraqlı abidələriniz vardır.
    Valideyn Nərgiz Kataqidze: –  Müalicə üçün birinci dəfədir ki, Naxçıvana gəlirəm. Bronxial astma xəstəliyindən əziyyət çəkirəm. Demək olar ki, dünyanın bir çox ölkələrində tanınmış həkimlərin qəbulunda olsam da, heç bir müsbət nəticə əldə edə bilməmişəm. Duzdağ Fizioterapiya Mərkəzi haqqında burada müalicə olunan həmyerlilərimizdən eşitmişdim. Onlar da əvvəlki illərdə bu müalicə ocağında şəfa tapıblar. Mən də qərara gəldim ki, müalicə üçün buraya üz tutum. Onu da qeyd edim ki, bu müalicə ocağını dünyada daha geniş tanıtmağa ehtiyac vardır. Çünki mənim kimi milyonlarla insan bu xəstəlikdən əziyyət çəkir. Hazırda 14 günlük müalicənin üçüncü günündə artıq özümü yaxşı hiss etməyə başlamışam. Ümidvarıq ki, müalicə müsbət nəticələr verəcək və gələcək illərdə də bu müalicə mərkəzindən faydalanacağıq. 
    İnanırıq ki, qədim və ulu diyarımızı həm də ecazkar şəfaverici məkan kimi tanıdan, səhiyyə turizmi baxımından dünya əhəmiyyətli müalicə ocağı olan Duzdağ Fizioterapiya Mərkəzi acarıstanlı qonaqlarımız üçün də düşərli olacaq, Naxçıvanımızı tarixilik, müasirlik, turizm əhəmiyyətliliyi baxımından bir daha dünyaya tanıdacaq. 

Güntac ŞAHMƏMMƏDLİ 
Aytac CƏFƏRLİ

Nəşr edilib : 07.07.2022 21:12