AZ EN RU

Acarıstandan gələn qonaqlarla görüş keçirilib

    Gürcüstanın Acarıstan Muxtar Respublikasından bir qrup uşaq və onların valideynləri iyulun 5-dən xüsusi proqram çərçivəsində muxtar respublikamızdakı Duzdağ Fizioterapiya Mərkəzində müalicə alırlar. Acarıstanlı qonaqlar qısa zamanda müalicələri ilə bağlı yaxşı nəticələr əldə ediblər. İyulun 19-da Acarıstana yola salınacaq qonaqlarla  səmimi görüş keçirilib.   


    Naxçıvan şəhərindəki “Saat meydanı” turistik istirahət mərkəzində yerləşən “Batumi” restoranında təşkil olunan görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin köməkçisi Seymur Talıbov Azərbaycan və Gürcüstan respublikaları arasındakı qədim dostluq, qardaşlıq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən danışıb. Çay süfrəsi arxasında təşkil olunan görüş zamanı bildirilib ki, Naxçıvan və Acarıstan Muxtar respublikaları arasında əlaqələrin inkişaf perspektivlərinə uyğun olaraq uşaqların müalicəsinə aid proqramların həyata keçiril­məsi, həmçinin müxtəlif müalicə və reabilitasiya mərkəzləri arasındakı əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
    Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il mayın 5-də Gürcüstanın Acarıstan Muxtar Respublikasına səfər edən zaman muxtar respublikanın hökumət rəhbəri ilə görüşdə də vurğulanıb ki, hər iki ölkə arasındakı əməkdaşlığa uyğun olaraq 2012-ci ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında hərtərəfli əməkdaşlıq əlaqələri qurulub. İki dost muxtar respublika arasındakı əlaqələrin hazırkı səviyyəsi onu deməyə əsas verir ki, qardaşlıq münasibətləri hər iki tərəfdən qarşılıqlı səylərlə daha da dərinləşib.
    Seymur Talıbov muxtar respublikaya müalicə məqsədilə gələn qonaqların cəlb olunduqları müalicədən sonra səhhətlərində baş verən irəliləyişlərlə də maraqlanıb. 
    Görüş zamanı valideynlər Nargis Jordaniya və Veriko Takidze onlar üçün yaradılan şəraitə görə minnətdarlıq edib, hər iki muxtar respublika arasındakı dostluq münasibətlərindən danışıblar.
    Sonra acarıstanlı uşaqlara və onların valideynlərinə hədiyyələr tədqim edilib.
    Qeyd edək ki, qonaqlar bu gun Acarıstan Muxtar Respublikasına yola salınacaqlar.

“Şərq qapısı”
 

Nəşr edilib : 19.07.2022 23:30