AZ EN RU

ABŞ-ın 6 universitetindən təklif alan naxçıvanlı şagird

    Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə 20-21 may 2023-cü il tarixlərdə keçirilmiş qəbul imtahanlarının nəticələri elan olunub. Bu imtahanda II ixtisas qrupu üzrə isə ən yüksək nəticəni Naxçıvan Muxtar Respublikası Şərur rayon Kürçülü kənd tam orta məktəbinin şagirdi göstərib. 394 bal toplayan məktəbin məzunu Mikayıl Cəfərli II ixtisas qrupu üzrə ən yüksək nəticə əldə edib – 690.7 bal.

    Məktəbin direktoru Zülfiyyə İbrahimova məktəbin uğurları haqqında danışaraq deyir: “Bu il məktəbin 8 məzunundan 7-si artıq tələbə adını qazanıb. Bu nəticə onu göstərir ki, məktəbimiz hər il olduğu kimi, cari ildə də yüksək təhsili, nizam-intizamı ilə seçilir. Ələxüsus da, ölkə üzrə ən yüksək nəticəni göstərən şagirdin Kürçülü kənd tam orta məktəbindən olması qürurvericidir. Mikayıl Cəfərlinin qəbul imtahanında daha böyük uğurlar qazanacağına inanırdım”.
    Azərbaycan dili və ədəbiyyat müəllimi Rəşadə Seyidova deyir ki, Mikayıl hər zaman öz savadı ilə digər şagirdlər üçün nümunə olub: “Uzun illərdir, Mikayıla dərs deyirəm və onun necə bir şagird olduğunu, biliklərə dərindən yiyələnməyə çalışdığını, bütün fənləri səy və əzmkarlıqla öyrəndiyini, müəllimlərin etimadını hər zaman doğrultduğunu digər şagirdlərə də nümunə göstərmişəm. Onun gələcəkdə daha böyük uğurlar qazanacağına inanıram. Çünki Mikayıl hər şeydən öncə, məsuliyyəti, əzmkarlığı, səmimiyyəti, davranışı ilə seçilib və dostlarına, sinif yoldaşlarına hər zaman kömək edib. Ölkə üzrə ən yaxşı nəticəni göstərmək isə biz müəllimləri qürurlandırır. Çünki Mikayıl buna layiq bir şagirddir və uzun illər çəkdiyi əziyyətin bəhrəsini gördü”.
    Bəs Mikayıl Cəfərli hansı universitetdə təhsil almaq istəyir? II ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərib tələbə adını qazanan Mikayıl artıq ABŞ-ın 6 universitetindən təklif alıb: “Qəbul imtahanının cavabları açıqlananda sevindim. Mən imtahana ciddi hazırlaşmışdım. Nəticəmin yüksək olacağına da əmin idim. İstərdim ki, tam nəticə göstərim. İndi yenə hazırlaşıram və Dövlət İmtahan Mərkəzinin növbəti imtahan şansından istifadə edəcəyəm. İlk imtahanda tarix və coğrafiya fənlərindən situasiya suallarında səhv etmişəm. Məqsədim tam 400 bal toplamaqdır. Mən Türkiyə universitetlərinə də sənəd vermişəm, eyni zamanda altı ABŞ universitetindən də təklif almışam. Sonuncu dəfə, Miçiqan Universitetindən təklif aldım. Hətta burada təqaüd əsaslı təhsil almaq şansım barədə də məlumat verilib. Ancaq maddi problemlər səbəbi ilə ABŞ universitetlərindən birində təhsilimi davam etdirə bilmirəm. Alternativ olaraq da Bakı Ali Neft Məktəbi və ya Azərbaycan İqtisad Universitetini seçə bilərəm”.
    Mikayılın valideyni Aynurə Cəfərova həm də övladının sinif rəhbəridir. Hər bir valideyn kimi övladının daha böyük universitetlərdə təhsil almasını arzu edən Aynurə xanım deyir: “Bu il Mikayıl mənə bu sevinci iki dəfə yaşadıb. İlk olaraq, o, buraxılış imtahanında ən yüksək nəticəni göstərərək muxtar respublika üzrə birinci oldu. Daha sonra isə qəbul imtahanında eyni nəticəni təkrarladı. İndi Mikayıl seçim edəcək. Artıq Amerikanın 6 universitetindən təklif gəlib, ancaq orada oxuyub-oxumayacağını bilmirik. Çünki buna maddi durumumuz imkan vermir. Yenə də gözləyirik və seçim Mikayılın olacaq”.
    İnanırıq ki, yüksək intellektual potensiala malik istedadlı gəncimiz Mikayıl Cəfərlinin xaricdə ali təhsil alaraq gələcəyin yüksəkixtisaslı mütəxəssisi kimi yetişməsi üçün dövlətimiz və maddi imkanlı şəxslər ona hərtərəfli dəstək olaraq bu arzusunun reallaşmasına kömək göstərəcək. 

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 12.06.2023 20:37