AZ EN RU

Abidələrimizi qoruyaq və bərpa edək İşlərimiz və qayğılarımız

Tarixi abidələr insan zəkasının və istedadının, onun qızıl əllərinin yadigarı olmaqla çox böyük iftixar hissidir. Abidələr əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə qalan yadigar, eləcə də hər bir xalqın böyüklüyünün, ululuğunun nişanəsidir. Bu ululuq Azərbaycan xalqına bəşəriyyətin ilkin dövrlərindən qismət olmuş,bir çox tarixi abidələrimiz əsrlərin keşməkeşlərindən hifz olunaraqbizə gəlib çatmışdır. Biz indi nəinki onları dərindən öyrənməli,həm də müdrik babalarımızın əl izlərini itməməyə qoymamalı, mədəni-mənəvi sərvətlərimizi can yanğısı, qayğı ilə bərpa etməliyik. Bəs bu sahədə məqsədyönlü işlər görülürmü? Bu suala cavab vermək üçün muxtar respublikada bir və ya iki abidəyə baş çəkməklə kifayətlənmək olmaz. Ona görə ki, qədim Naxçıvanın bütün abidələri bu gün ciddi surətdə qorunmağa və bərpa edilməyə möhtacdır.

...Möminə xatın məqbərəsi və Qarabağlar abidə kompleksi və sair kimi abidələrin qorunması və bərpası dövlət və ümumxalq əhəmiyyətli bir işdir və digər belə nəfis abidələr də var. Onlara yenidən həyat vermək üçün 1989-cu ilin avqust ayından Naxçıvanda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tarixi və mədəniyyət abidələrinin bərpası və təmiri trestinin emalatxanası  açılmışdır. Onun imkanlarını, maddi bazasını və iş fondunu artırmaq məqsədilə bu ilin aprel ayından həmin emalatxana elmi bərpa istehsalat idarəsinə çevrilmişdir.  ...Möminə xatın məqbərəsində divaryanı körpülər düzəldilməsi üçün borular olmadığından, Qarabağlar abidə kompleksində kaşı və lazımi qədər kərpic çatmadığından işlər dayanıbdır. Respublika bərpa və təmir trestindən gələn mütəxəssislər bəzi abidələrdə bərpa işlərinin elmi və texniki səviyyəsindən narazı qalmış, Qarabağlar abidə kompleksində vəziyyəti düzəltmək üçün tövsiyə vermişlər ki, bütün bunlar bərpaçılar tərəfindən nəzərə alınır. Nöqsanlar isə idarəmizin maddi-texniki bazasının zəifliyi, lazımi material və avadanlıqların çatışmaması, kifayət qədər mütəxəssisin olmaması ilə əlaqədardır.

...Tarixi abidələri qorumaq hər bir azərbaycanlının müqəddəs  vətəndaş borcu olmalıdır.

A. Əzizov

“Şərq qapısı” qəzeti

8 iyul 1991-ci il

Və bugün

                     Tarixi yaşdanları  tarix də  yaşadacaqdır

Otuz il bundan öncə ürək yanğısı ilə  qələmə alınan məqalədəki  müqəddəs vətəndaş borcu  ifadəsi  sovetlər dönəmində  bəziləri üçün unudulmuşdu. Abidələr belə “insanların” laqeyd münasibətinə tuş gəlirdilər. Sovetlər dönəmində milli adət ənənələrimizə, inanclarımıza  qənim kəsilənlər  tarixi abidələrimizi dağıtmağa kimliyimizi unutdurmağa çalışırdılar. Həmin abidələr ki, yüz illər keçsə də o abidələr xalqımızın  məğrurluğunu, Vətən sevgisini, qadına-anaya olan hörmətini özündə qoruyub saxlayır gələcək nəsillərə ötürürdü.  Yetmiş illik sovetlər dovrünə  qısa bir nəzər salanda görərik ki, Naxçıvan bu dövrdə haqqı olanı, yəni cəkilən zəhmətin əvəzini heç vaxt görə bilməyib.  Bu torpağın barını-bəhərini, təbii sərvətlərinin, insanların əməksevərliyinin qarşılığı heç bir zaman verilməyib. Yaşayış məntəqələri də bərbad olub, yollar da, xəstəxanalar, məktəblər də, uşaq bağçaları da. Uçuq-baxımsız tarixi abidələr isə “ateizm” xəstəliyinə tutulan insanların düşmən münasibəti nəticəsində acınacaqlı hala düşmüşdü.

 Bəli, qədimdən bu günə bizə yadigar qalan tarixi abidələrin görüntüsü bir vaxtlar ürəyimizi ağrıdırdı. Tarixin yadigarları olan məscidlər, qalalar, buzxanalar, məqbərələr, hamamlar uçulub dağılır heç kim buna məhəl belə qoymurdu. Düz 70 il biz bunu gördük, bunu izlədik. Bir vaxtlar belə abidələr uşaqların gizlənparç oynadıqları məkana çevrilmişdi. Qaçdı-tutdu oynayanda yarıuçuq divarlardan atlayan uşaqlar nə uçulan divarlara məhəl qoyurdular, nə də dağılan yerlərə. Çünki sovet rəhbərliyinin senzurasından  keçən tarix kitablarımızda tariximiz və qəhrəmanlıq yadigarı olan qədim abidələrimiz haqqında yetərincə təbliğat  yox idi. Keçmişimizi, milli dəyərlərimizi unutdurmağa və bununla da əsarət zincirini daha da bərkitməyə səy göstərən kommunistlər məscidlərimizi anbarlara, qəhrəmanlıq simvolu sayılan qalalarımızı xarabalığa çevirmişdilər. Bir sözlə  tarixi abidələrimiz ögey münasibət görmüş çoxu bilərəkdən dağıdılmış xalqımızın milli mədəni varlığı məhvə sürüklənmişdir. Yetmiş illik müstəmləkəçilikdən azad olduqdan sonrakı illərdə də bu məsələnin öz həllini tapması üçün zaman gərəkdir. Çünki müstəqilliyini yenicə qazanmış dövlətimiz müharibə ilə üzləşmişdi. “Pis günün ömrü az olar deyib atalarımız”. Qaranlıq gecələrimizin nurlu sabahı ulu öndərin Vətənə, hakimiyyətə qayıdışı ilə başladı. Ulu Tanrı bu diyara dözüm, qətiyyət, səbr, Naxçıvanın və naxçıvanlıların ən ağır günündə xalqın dahi oğlunu xilaskar kimi göndərdi. Dahi rəhbərin Naxçıvana gəlişi  yurdumuzu işğal təhlükəsindən qorudu, qədim diyarda möhtəşəm dəyişikliklərin, sozün həqiqi mənasında intibahın əsası qoyuldu. İnfrastruktur quruculuğu, təhsil, səhiyyə, mədəniyyət, incəsənət və digər sahələrdə canlanma yarandı. Hər bir azərbaycanlı canlanmanın birbaşa şahidi və iştirakçısı oldu. Biz bunları kitablardan oxumadıq, filmlərdə görmədik  bütün bunları yaşayıb şahidlik etdik. Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsinin qorunub saxlanılması sahəsində mühüm işlər görüb.  Dahi rəhbər Heydər Əliyev deyirdi: “Dünyada böyük dövlətlər var, amma böyük abidələr yarada bilmirlər. Çünki abidələrin memarlıq qiyməti ilə bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir”. Ulu öndərimizin bu sahədə dövlət siyasətini həyata keçirmək üçün zəngin qanunvericilik bazası yaratması sonrakı dövrlərdə də bu sahədə yeni üfüqlər açılmasına imkan verdi.

Bu kiçik  torpaqda min illərin tarixini yaşadan qədim yaşayış yerləri, tarixi abidələr vardır.  Qədim yurdumuz  anamız Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biridir. Buradakı mağaralar, qədim yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələr tarixin zənginliyinin xəbərçisidir. Möminə xatın, Qarabağlar türbələri, Yusif Küseyir oğlu, Gülüstan türbələri, Əlincə qalası, Ovçular təpəsi, Oğlanqala, Xələc, Naxçıvanqala, tarixi təbiət abidələrindən Haçadağ, Batabat, Babək qalası, Dəvəboynu və yüzlərlə tarix və mədəniyyət abidələri keçmişimizi bu günə daşıyıb.  

Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın hər daşının, hər qayasının tarixin canlı şahidi olduğunu bildirərək demişdir: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”.

Bu gün Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin qorunması və tədqiqi istiqamətində ardıcıl tədbirlər görülür. Ötən illər ərzində Möminə Xatın türbəsi konservasiya edilmiş, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksində yenidənqurma işləri aparılmış, Yusif Küseyir oğlu və Nuh türbələri, imamzadələr, muxtar respublika ərazisindəki buzxana abidələri, “Came” məscidi, Zaviyyə mədrəsəsi, İsmayıl xan hamamı, Xan sarayı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə, Naxçıvanqala və digər tarixi abidələr əsaslı bərpa olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında”, 2010-cu ildə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında”, 2011-ci ildə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılması haqqında”, 2013-cü ildə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında”, 2014-cü ildə “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında”, 2015-ci ildə “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında”, 2016-cı ildə “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” imzaladığı sərəncamlar tarixi-mədəni irsimizin öyrənilməsi qorunması, tədqiqi və təbliği baxımından mühüm əhəmiyyətə malik olan dövlət sənədləridir. Kəngərli rayonunda XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksi, Şərur rayonunun Yengicə kəndində XVIII-XIX əsrlərə aid Şərq hamamı, Babək rayonunun Nehrəm kəndində XVIII əsrin yadigarı olan İmamzadə, Naxçıvan şəhərində XVIII əsrə aid İmamzadə Kompleksi, XVII əsrin memarlıq abidəsi olan Qazançı körpüsü bərpa olunmuşdur. Naxçıvan şəhərində yerləşən XII əsrə aid Yusif Küseyir oğlu türbəsi də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı və qayğısı ilə əsaslı şəkildə bərpa edilmişdir. Bundan başqa, son illərdə qədim diyarımızda möhtəşəm türk-islam memarlığı abidələri olan məscidlər inşa olunaraq istifadəyə verilmişdir. 2016-cı il bu sahədə xüsusilə əlamətdar olmuşdur. Azərbaycan xalqının əyilməzlik rəmzi olan Əlincəqalada,  memarlığının əvəzsiz nümunələrindən sayılan Gülüstan türbəsində, Şərur rayonunun Xanlıqlar kəndindəki Parçı imamzadəsində bərpa işləri yüksək səviyyədə başa çatmışdır. XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksi, Şərur rayonunun Yengicə kəndində XVIII-XIX əsrlərə aid hamam bərpa edilib. Türk-islam mədəniyyəti abidələrinin gözəl nümunələrindən olan Şahtaxtı kəndindəki Şərq hamamına da yeni həyat bəxş edilməsi muxtar respublikamızda tarixi abidələrə göstərilən böyük qayğının nəticəsidir. Burada xidmət sahələrinin yaradılması həm kənd sakinlərinin məşğulluğu baxımından əhəmiyyətlidir, həmdə tarixi abidənin qorunub saxlanılmasına, təmizliyinə, abadlığına xidmət edəcək.

Ümumiyyətlə, son  illərdə muxtar respublikada onlarla  tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa edilib. Abidələr  qədim yurdun tarixi keçmişini özündə yaşatmaqla bərabər, həm də müasir dövrdə turizm potensialının artmasına xidmət edir.

Çox sevindirici haldır ki, bu gün diyarımızın hansı güşəsinə getsək  orada əvvəllər ürək yanğısı ilə baxdığımız indi isə növrağından qürur duyduğumuz abidələri görürük. “Sehirli əllər” diyarımızın  hər küncünə dəyir  və oradakı tarixi abidələri onu yüz illər öncəki görünüşünə qaytarır. Onlara dəyər vermək, qorumaq isə vətənpərvərlik nümunəsinin ən gözəl örnəyidir. Keçmişdən bu günə qalan yadigarlara yenidən həyat vermək qədim ənənələri yaşatmaq deməkdir. Bütün bunları isə təkcə muxtar  respublika sakinləri yox həm də buraya üz tutan turistlər görür: Gənc amerikalı Mattehev Patyyla ötən illərdə  həmsöhbət olmuşduq O, da tarixi abidələrin gözəlliyinə valeh olmub deyirdi: Buraya gəlişimdə məqsədim həm də qədim diyarın tarixi abidələri ilə tanış olmaq idi. İlk olaraq Nuhun məzarüstü türbəsini, Naxçıvan­qalanı, Duzdağdakı mağaraları, Əshabi­-Kəhfi, Atabəy Şəmsəddin Eldənizin xanımı Möminə xatının vəfatından sonra onun şərəfinə ucaldılan türbəsini ziyarət etdim. Bu gün türbə Azərbaycan qadınına verilən yüksək dəyərin simvolu kimi Naxçıvan torpağında öz əzəməti ilə diqqəti cəlb edir. Möminə xatın türbəsini ziyarət edəndə öyrəndim ki, həmin abidə tək deyil. Quti xatının şərəfinə ucaldılan Qarabağlar Türbə Kompleksi də var. Mən oranın da seyrinə çıxdım. Əsrlər öncə ucaldılan bu abidənin gözəlliyi insanı valeh edir. Buranı Hindistanda yerləşən Tac-Mahala bənzətdim. Onlar arasındakı xüsusi bənzərlik ondan ibarətdir ki, hər üç abidə həyat yoldaşlarına böyük sevgi və ehtiram bəsləyən tarixi şəxsiyyətlər tərəfindən inşa etdirilib. Naxçıvandakı hər iki məqbərə bu xalqa, qadınını və anasını belə yüksək qiymətləndirən azərbaycanlılara hörmət hissini artırır. Diqqətçəkən məqamlardan biri də yüz illər öncə tikilən bu abidələrin yüksək səviyyədə qorunub saxlanılmasıdır. Tarixə dəyər verənlər dövrünün qurucu şəxsiyyətləri kimi adlarını tarixə yazaraq yaşayırlar.

Qədim torpağın hansı səmtinə yolumuz düşübsə, orada tarixi-mədəni abidələrlə, füsunkar təbiət mənzərələri ilə qarşılaşmışam. Naxçıvan qədim tarixi, müasir inkişafı və qonaq­pərvərliyi ilə xeyli sayda turisti cəlb etmək imkanına malikdir. Buradakı xalqın keçmişinə işıq salan tarixi abidələr, mənəvi irsinizin qorunduğu mədəniyyət ocaqları, insana daxili rahatlıq bəxş edir. Yurdumuzun hər bir güşəsində seyr etdiyimiz bu mənzərələr  bizə qürur yaşatmaqla yanaşı dövlətimizə minnətdarlıq hissimizi də artırır. Hər birimizə bu sözləri diktə edir : Tarixə dəyər verənlər dövrünün qurucu şəxsiyyətləri kimi adlarını tarixə yazaraq yaşayırlar.

Artıq 31 ildir, bütün əlaqələrinin məhdud olduğu şəraitdə yüksək iqtisadi fəallığa nail olunaraq davamlı quruculuq işləri görülür, sosial problemlər həll edilməklə bərabər  keçmişimiz, milli dəyərlərimiz özümüzə qaytarılır. Bütün bunlar isə  Vətən və dövlət sevgisindən doğan gərgin əmək və misilsiz əzmkarlığın təcəssümü, böyük əmələ sadiqlik, əsl qəhrəmanlıq salnaməsi,  kimi yaddaşlara həkk olunub. Bu gün hər bir naxçıvanlı tariximizin canlı salnaməsi olan abidələrimizi seyr edəndə qürur hissi keçirir. Çünki abidələrimiz qorunur gələcək nəsillərə ərməğan edilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun  dediyi kimi: “Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”.

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 18.04.2022 16:14